Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:35

Dağlıq Qarabağ: Azərbaycanlıların qayıdış arzusu


Arxiv fotosu.
Arxiv fotosu.

.

BBC müxbiri Qarabağda təmas xəttindən yazır

""Dondurulmuş" Dağlıq Qarabağ münaqişəsi hələ də Qafqazda qaynamaqda, minlərlə insanın həyatını məhv etməkdədir". BBC-nin müxbiri Rayhan Demytrie-nin Azərbaycandan, cəbhə xəttindən hazırladığı reportajda belə deyilir.

BBC müxbiri Ermənistan qüvvələri ilə təmas xəttində yerləşən Qəzyan kəndində olub, bu zonada, təhlükə altında yaşamağın çətinliklərinin şahidi olub. Kənd sakinlərindən biri olan Zamiq Axundov ona atəş altında yaşayışdan danışıb:

"Burada tez-tez atışma olur. Qızıl Xaç evi güllələrdən qorumaq üçün qalın kərpic divar hördürüb. Ancaq yenə də evimizin ikinci mərtəbəsindən istifadə edə bilmirik – çox təhlükəlidir. Ailəmiz beş nəfərdir, hamımız da aşağı mərtəbəbə qalırıq."

Müəllif qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi "dondurulmuş" sayılsa da, hərbçilər və dinc sakinlər arasında vaxtaşırı itkilər baş verir. Azərbaycan rəhbərliyi də itirilmiş torpaqlarını geri almaqla hədələyir:

"Hər iki ölkə Rusiyadan silah alır. Müharibənin qızışması riski qalsa da, Rusiyanın bu münaqişənin içində olması hərbi varianta az əl yeri qoyur".

Bunu BBC-yə politoloq Ərəstun Oruclu deyir. Politoloqun fikrincə, kifayət qədər realist olan Azərbaycan hökuməti hərbi həllə hazırlaşmır. Digər tərəfdən Ermənistan Rusiyanın hərbi müttəfiqidir və növbəti 48 il ərzində də belə davam edəcək, çünki ərazisində Rusiyanın iki hərbi bazası yerləşir:

"Azərbaycan bəzən özünü beynəlxalq səviyyədə yalqız hiss edir. Ukraynanın şərqində separatçıları dəstəklədiyinə görə, Rusiyaya Qərb tərəfdən güclü sanksiyalar qoyulur. Azərbaycanlılar da sual edir ki, niyə beynəlxalq ictimaiyyət Ermənistana belə bir təpki göstərmir?"

Müəllif qeyd edir ki, Bakı kənarında məcburi köçkünlər üçün tikilən yeni binalar status kvonun daimiliyi təəssüratını yaradır. "Ancaq küçədə rastlaşdığın hər bir kəs evə dönmək istəyini dilə gətirir," deyə BBC əməkdaşı vurğulayır.

Yaxın Şərqdə xristianlar təhlükəsiz deyil

Alan Cowell "New York Times" qəzetində yazır ki, 2011-ci il Ərəb Baharından sonra Yaxın Şərqdəki xristianlar dünyəvilik və İslam qüvvələri arasında seçim etməli olurlar. Başqa sözlə, Yaxın Şərqin demoqrafiyası əsasən yenidən yazılır. Özəlliklə də son aylar İŞİD kimi tanınan İslam Dövləti silahlı qruplaşması İraqın Mosul şəhərində xristianları qovur, qətlə yetirir, təqib edir.

Əsrlərdən bəri ilk dəfədir Yaxın Şərq dinşünasları da qeyd edir ki, İraq getdikcə regionun ən böyük xristian azlığının qaldığı yeganə İslam dövlətinə çevrilir. Tanınmış livanlı tarixçi Kamal Salibi 2011-ci ildə, ölümündən əvvəl deyirdi: "Hər dəfə bir xristian gedəndə onu yerini doldurmağa xristian gəlmir. Bu da ərəb dünyası üçün çox pis bir şeydir".

Anglikan Kilsəsinin arxiyepiskopu Yaxın Şərqdə xristianlar üçün "təhlükəsiz sığınacaqlar" yaratmağı təklif edib. Ancaq müəllif yazır ki, bu həftə Parisdə Charlie Hebdo satirik qəzetinin redaksiyasına hücumdan sonra təhlükəsizlik anlayışı da, inancdan asılı olmayaraq, "sürüşkən" səslənir.

Azadlığa zərbə

"Economist" dərgisi yazır ki, Fransa və digər Avropa ölkələri uzun müddət idi terror hücumuna hazırlaşırdılar, ancaq bu həftəki hücum əsl şok oldu.

"Hökumətin hesablamasına görə, minədək fransız ya İslam Dövləti qruplaşmasında vuruşmağa gedib, ya geri qayıdıb, ya da qayıtmaq üzrədir. 7 yanvar hücumu yaxşı planlaşdırılıb və həyata keçirilib. Hücumu həyata keçirənlərə savaşmaq öyrədilib, özlərini partlatmaq yox".

Yazıda deyilir ki, hazırda Fransanın çətinliyi bu şokla mübarizə, təhlükəsizlik qayğıları deyil. Avropada ən böyük müsəlman azlığı, təxminən 5-6 milyonluq müsəlman burada yaşayır. Müsəlmanlara çox güzəştə gedilməsi sarıdan qorxular Marine Le Pen-in populist Milli Cəbhəsinin reytinqini qaldırıb. Əksər sorğular onun 2017-ci il prezident seçkisində səsvermənin ikinci turuna keçə biləcəyini göstərir.

Terror hücumuyla eyni gündə Michel Houellebecq-in bir romanı da dərc olunub. Bu romanda 2022-ci il Fransası təsvir olunur. Həmin Fransanı xanım Le Pen-i seçkinin ikinci turunda məğlub etmiş müsəlman prezident idarə edir və o, ölkəyə mühafizəkar İslam prinsipləri tətbiq edib. Tənqidçilər romanı qorxu yaydığına görə tənqid edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG