Keyfiyyətsiz malların istehsalına görə 400-dən artıq müəssisəyə həmin məhsulların istehsalı ilə bağlı qadağa qoyulub. Bu müəssisələrdən təxminən 50-si çörək, digərləri isə kolbasa məmulatları istehsalı ilə məşğul olub. Bunu jurnalistlərlə söhbətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru Ramiz Həsənov deyib. Keyfiyyətsiz ərzaq məhsullarının daha çox özəl müəssisələrdə istehsal olunduğunu bildirən cənab Həsənova görə, Azərbaycanda əksər ərzaq məhsulları ilə bağlı vəziyyət ürəkaçan deyil.
Hələ bir qədər əvvəl Azərbaycanda yeyinti məhsullarının keyfiyyətinin yüksəldilməsinin əsas istiqamətləri mövzusuna həsr olunmuş müzakirədə İqtisadi İnkişaf naziri Heydər Babayev də Azərbaycanda istehsal olunan ərzaq məhsullarının və sərinləşdirici içkilərin keyfiyyətində ciddi problemlərinin olduğunu bildirmişdi. Kərə yağı ilə bağlı belə problemlə özünün səhər yeməyində üzləşdiyini deyən cənab Babayev onu da bildirmişdi ki, Azərbaycanda istehsal olunan xörək duzu ilə bağlı vəziyyət daha acınacaqlıdır. Onun sözlərinə görə, Bakını və ölkəni duzla təmin edən duz göllərindən birinə, elə düz çıxarıla-çıxarıla hər gün 9 min kub metrə yaxın kanalizasiya suyu axıdılır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru Ramiz Həsənov jurnalistlərə bildirib ki, keyfiyyətsiz ərzaq məhsulları ilə bağlı araşdırmalar davam edir. Cənab Həsənov onu da deyib ki, Gəncədən başqa Azərbaycanın digər yerlərində şərab istehsalı ilə bağlı qadağa hələ də qüvvədədir.