Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:57

Münaqişələr orta məktəblərdə necə öyrədilir?


BMT-nin tövsiyəsi ilə məktəblərdə tolerantlıq, dini dözümlülük haqqında da dərslər keçilir
BMT-nin tövsiyəsi ilə məktəblərdə tolerantlıq, dini dözümlülük haqqında da dərslər keçilir

Son dövrlər orta məktəblərinin dərs vəsaitləri dəyişilib. Nəinki tarix, ədəbiyyat, eyni zamanda fundamental elm sahələrinə aid dərsliklər də yenilənib. Bəs bu dərsliklərdə, xüsusən də tarix kitablarında müasir dövrün problemləri, məsələn münaqişələrin öyrənilməsi hansı səviyyədə öz əksinin tapıb? Bakıdakı 7 saylı orta məktəbin şagirdi Nigar Məmmədova deyir ki, münaqişələr haqqında daha çox 7-11-ci siniflərin tarix dərsliklərindən öyrənirlər. Məktəblərdə bu ildən keçilməyə başlanan «İnsan və cəmiyyət» dərsliyində də Qafqaz regionundakı, eləcə də beynəlxalq münaqişələrə geniş yer ayrılıb.


Bizim dərsliklərin çoxu sovet dövründən qalmadır. İndi bir qismi bir az dəyişilib, onlar da bir haldadır ki, məktəblilər oxuyanda bir şey anlamır

«Münaqişələr haqqında öyrənəndə hansı dövlətlər arasındakı müharibələrdən yazılanları öyrənirik. Bilirik ki, Ermənistanla Azərbaycan arasında münaqişə var. Gürcüstan və Rusiya arasındakı münaqişələri də öyrənirik. Münaqişələr haqqında tarix dərsində öyrənirik».


Orta məktəblər üçün tarix dərsliklərinin müəlliflərindən olan tarixçi Əkbər Qocayev deyir ki, tarix riyaziyyat kimi dəqiq elm olmasa da, müəlliflər çalışırlar ki, tarixdə baş verənləri şagirdlərə olduğu kimi çatdırsınlar: «Dərsliklərdə münaqişələrə yer ayırarkən məqsədimiz heç də şagirdlərdə hansısa xalqa, dövlətə, hansısa millətə qarşı qəzəb, kin hissələri yaratmaq deyil. Sadəcə olaraq münaqişənin mahiyyəti, onun törədilmə səbəbləri, kimin haqlı, kimin haqsız olmasını göstəririk, əlbəttə mənbələrə əsaslanmaqla. Münaqişənin mahiyyəti, törədilmə səbəbləri göstərilir. Şagirdlər üçün sual da qoyuruq ki, bu münaqişə ola bilərdimi, olmaya bilərdimi siz bunun həllinin daha hansı yollarını görürsünüz».


Qeyri-hökumət təşkilatı olan Sülh və Münaqişələrin Həlli Mərkəzinin direktoru Elxan Mehdiyev deyir ki, bu il orta məktəb dərsliklərində münaqişələr mövzusunu araşdırıb. Qənaəti isə belə olub ki, Azərbaycanda şagirdlərə münaqişələr haqqında tam məlumat verilmir: «Bizim dərsliklərin çoxu sovet dövründən qalmadır. İndi bir qismi bir az dəyişilib, onlar da bir haldadır ki, məktəblilər onu oxuyanda sona qədər bir şey anlamır. Yeni münaqişələr ümumiyyətlə əks olunmur. Yeni münaqişələr dedikdə daha çox keçmiş Sovet İttifaqında və Balkan ölkələrində baş verənləri nəzərdə tuturuq. Ermənistan Azərbaycan münaqişəsi də çox səthi ifadə olunur».


Tarix dərsliklərinin müəlliflərindən olan Əkbər Qocayev isə tənqidlərlə bir o qədər razı deyil. O, deyir ki, şagirdlərə beynəlxalq və regional münaqişələr öyrədilir, kitablar son illər nəşr olunsa da məlumatları şagirdlərə çatdırmağa çalışırlar: «Elə qlobal münaqişələr var ki, biz bunları öyrənməliyik. Məsələn, 60-cı illərdə Sovet İttifaqı ilə ABŞ arasında Karib böhranı olub, Fələstin münaqişəsi tarix dərsliklərində əksini tapıb, bu günlərimizin münaqişəsi Kosovo, Çeçenistan münaqişəsi, İraqda baş verən hadisələr də Ən Yeni Tarix dərsliyində öz əksini tapıb».


Əkbər Qocayev deyir ki, regional münaqişə kimi dərsliklərdə Dağlıq Qarabağ münaqişəsi bu il 8-ci siniflərdən öyrədilir: «Qarabağ münaqişəsi ilə bağlı məsələlərə daha geniş yer vermişik. 8-ci sinif uşaqları ilk dəfə olaraq 11-ci sinfi gözləmədən 8-ci sinifdən bu münaqişənin Azərbaycan üçün, bütün dünya üçün nə qədər böyük təhlükə törətdiyini, nə qədər faciə gətirdiyini öyrənirlər».


Sülh və Münaqişələr Mərkəzinin direktoru Elxan Mehdiyev isə dərslik müəllifi ilə razı deyil. Onun fikrincə, beynəlxalq münaqişələr kimi regional münaqişələr məktəblərdə yaxşı öyrədilmir: «Məktəblilər münaqişə, onun mahiyyəti haqqında əsaslı biliklərə sahib deyillər. Onlar primitiv məlumatlara malikdirlər-torpaqlar işğal olunub, qaçqınlar var və s. Geniş elmi biliyə malik deyillər, çünki o bilik verilmir. Məktəblilərə gərək elə öyrədilsin ki, Azərbaycanın arqumentlərini köklü surətdə ifadə eldə bilsinlər. Bu da olmadığından gənclər primitiv danışırlar».


BMT-nin tövsiyəsi ilə məktəblərdə tolerantlıq, dini dözümlülük haqqında da dərslər keçilir


Şagirdlər isə deyirlər ki, dərsliklərdən yadlarında qalan daha çox Qarabağ münaqişəsi haqqında yazılanlar və müəllimləriylə olan fikir mübadiləsidir: «Bizə ədəbiyyat, tarix dərslərində deyilir ki, Azərbaycanı ermənilər aldadıb, zərbə vurduğunu unutmayın. Biz ermənilərlə dostluq elədik. Onlarsa bizi arxadan vurdu. Bunu daha çox tarix kitabında oxuyuruq. Ermənistan Qarabağın bir hissəsini zəbt edib, Azərbaycanın torpaqlarına göz dikib, bunu daha çox tarix kitablarında oxuyuruq».


BMT Baş Assambleyasının tövsiyəsi ilə keçən ildən Azərbaycan məktəblərində tolerantlıq, dini dözümlülük haqqında da dərslər keçilir. Bu haqda məlumat verən Təhsil Nazirliyi yanındakı Təhsil Problemləri İnstitutunun şöbə müdiri Pirəli Əliyev deyir ki, bundan əvvəl də məktəblərdə şagirdlər başqa millətlərdən və başqa dinlərdən olanlara hörmətlə yanaşma öyrədilirdi: «Digər dinlərdən olan insanlara hörmət göstərməyi öyrədirik. Bizdə başqalarına qarşı heç bir ayrı-seçkilik yoxdur, bizim ölkə müxtəlif millətlərin yaşadığı, məscidlərin, kilsələrin olduğu bir ölkədir».


Pirəli Əliyevin verdiyi məlumata görə, gələcəkdə də orta məktəblər üçün başqa millətlərlə və başqa dindən olanlara birgə yaşayışın əsasları haqqında yeni dərsliklərin çapı planlaşdırılır.


Söhbət elədiyim şagirdlər isə dərsliklərdə tarixi münaqişələrin çox çətin dildə çatdırıldığını və buna görə həmin dərsləri istədikləri kimi qavraya bilmədiklərini də dedilər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG