Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:30

İcra başçısı Gəncədə tıxac yaranmasına sevinir


Gəncə şəhər İcra Hakimiyyətinin binası
Gəncə şəhər İcra Hakimiyyətinin binası

Azərbaycanın tanınmış pianinoçusu, 12 ildir Amerikada yaşayan və bu günlərdə vətənə qonaq gələn Çingiz Sadıqov təyyarədən düşən kimi dostu, memar Rafiq Əliyevə əvvəl Gəncəni başdan-başa gəzmək istədiyini deyib. Tanınmış pianoçu həmçinin Gəncə qaymağından ötrü bərk darıxdığını deyib.


Gəncə qaymağı


Gəncə qaymağının dadı deyəsən tək Çingiz Sadıqovun damağında qalmayıb. Şəhərdə danışırlar ki, Gəncədən uzaq düşənlər son nəfəslərində heç olmasa bircə dəfə də Gəncə qaymağını dadmaq istəyirlər. Gəncədə söhbətləşdiyim Həqiqət xalanın «çörək ağacı» da qaymaqdır, 30 ildir, qaymaq satır. Onunla görüşəndə də şəhərin mərkəzindəki kiçik bir dükanın yanında qaymağına müştəri gözləyirdi.


«- 30 ildi qaymaq satıram, 5 camışım var. Dolanışığım da süd-qatıq satmaqdan çıxır. Evdə heç kim işləmir


- Deyəsən, qaymağın qiymətini qaldırmısız...



Gəncənin əsas problemi su sarıdandır. Şəhərdə içməli su pulla satılır. Amma Gəncədə daha əvvəlki kimi qazdan-işıqdan şikayətçi düşmürlər
- Hə, əvvələr 2 «şirvan»a verirdim, indi 3 «şirvan»a. Bazarda bundan da bahadır. Yem qalxıb ona görə…

- Qiymətin bahalığı müştəriləri azaldıbmı?


- Bir az azaldıb».


«Sərçə bazarı»


Gəncədə tərəvəz, mer-meyvə bazarda mağazalardan ucuzdur. Bir də səhər yuxusunu şirin bilməyənlər şəhərin müxtəlif yerlərindəki «sərçə» bazarları adlanan bazarlardan alış-veriş edirlər, çünki bu vaxt malı daha ucuz qiymətə almaq olur. Bu bazarların da adına ona görə «Sərçə» deyirlər ki, alış-verişin ömrü bir-neçə saat çəkir, sonra əl-ayaq yığılır.


Gəncənin mərkəzində 1947-ci ildə tikilən ən böyük bazarda isə alver gün əyilənəcən gedir. Bu bazarda nə istəsən tapa bilərsən. Bura Gəncəbasarın hər yerindən-Goranboydan, Xanlardan, Samuxdan, Şəmkirdən, Gədəbəydən hər cür məhsul gətirilir. Amma bazarın səliqəsindən, təmizliyindən danışmaq mümkün deyil. Şəhərin mərkəzində bir antisanitariya ocağı olan bu bazar bir neçə dəfə şəhər rəhbərliyinin keçirdiyi iclaslarda tənqid hədəfi olub.


İşsizlik-başlıca sosial problem

Sovet dövründə Gəncədə onlarla fabrik-zavod olub-Ət-yağ kombinatı, Xalça, Toxuculuq, Tikiş, Qənnadı fabriklərinin, maşınqayırma, çini qablar, alüminium, avtomobil zavodlarının yetərli saydı işçisi olub. Fəaliyyətləri dayanan bu zavod-fabriklərin son vaxtlar kiçik sexləri işə düşüb. Yalnız Alüminium zavodu öz istehsal gücündən tam istifadə edə bilir, şəhər rəhbərliyi digər sənaye müəssisələrinin tam işləməsinə külli miqdarda vəsait lazım olduğunu deyir. Amma, Gəncədə yeni müəssisələr də açılıb. Onlar əsasən un və un məmulatları istehsal edən firmalar və bir də şəhərin küçələrinin təmiri üçün son iki ildə işə salınan asfalt zavodlarıdır.


«Sərçə bazarı»
Mebel fabrikləri isə Gəncədə yeni-yeni yaranır. Buna baxmayaraq, işsizlik bu şəhərdə hələ də sosial problemlərin başında gəlir.

İşsizlik Gəncə sakinlərinin çoxunu Rusiyaya üz tutmağa vadar edib. İndi şəhərdə az ailə tapılar ki, üzvlərindən və ya yaxın qohumundan kimsə Rusiyada olmasın. Elə bu ilin fevralında Moskvanın «Bauman» bazarının uçmasından həlak olanların da əksəriyyəti Gəncə sakinləriydi.


6 ildir ailəsiylə Moskvada yaşayan, yaxınlarına baş çəkmək üçün Gəncəyə gələn Dürdanə Əliyeva deyir ki, qərib yerdə qorxa-qorxa yaşayırlar: «Küçəyə çıxanda qorxuruq, çünki Qafqaz millətinə münasibət pisdir. Neynəsin camaat, məcburdur ki, çörək pulu qazansın».


Gəncədən Rusiyaya üz tutanlar çox olsa da, ayrı-ayrı rayonlardan gəlib şəhərdə məskən salanlar da az deyil. Gəncə şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun dediyinə görə, şəhərin əhalisi nə az, nə çox, düz 30 faiz artıb: «Bunu rəsmi statistik məlumat kimi qəbul edin. Bu böyük bir sıçrayışdır. İnanmaq da çətindir, amma bu həqiqətdir. Bu, təbii artımın nəticəsi deyil. Həm regiondan axındır, həm də Rusiyaya, Türkiyəyə gedənlər geri qayıdır».



Əhalinin sayını deyə bilmərəm, amma son bir neçə ili Gəncədə yaşadığımdan maşınların çoxaldığını açıq-aydın görmək olur. 3-4 il əvvəl şəhərin mərkəzi yolları bomboş olardı. Sakinlər danışırlar ki, şəhərdə yalnız bircə xarici istehsallı maşın varıydı ki, o da polis şefini gəzdirirdi. İcra başçısından tutmuş sahibkarlara qədər hamı köhnə sovet maşınları sürürdü. Amma, bunun səbəbi təkcə varlı adamların az olması deyildi.

«Gəncənin küçələrində tıxac yaranmasına sevinirik. Bu, şəhərin inkişaf etdiyini, şəhərdə canlanma yarandığını göstərir»
Şəhərdə imkanlı adamları bəzi məmurlar sadəcə pul mənbəyi hesab edib, başına olmazın əzabını gətirirdilər.

Bir neçə il əvvəl Gəncəyə yeni təyin edilən icra hakimiyyəti başçısı iclaslarda bir neçə dəfə bu neqativ halla bağlı məmurlara xəbərdarlıq etdi. İndi Gəncənin də yollarında yarlı-yaraşıqlı, bahalı xarici maşınlar peyda olub. Şəhərdə tez-tez tıxaclar yaranır, səs-küydən qulaq tutulur. Eldar Əzizov isə deyir ki, şəhərdə tıxac yaranmasına sevinirlər: «Gəncə bu mənada Bakıya oxşamağa başlayıb. Bizə tıxaclardan şikayət edirlər.


- Siz də körpü tikmək istəyirsiniz?


- Yox hələlik… Əksinə yollarda tıxac yaranmasına sevinirik. Bu, Gəncənin inkişaf etdiyini, şəhərdə canlanma yarandığını göstərir».


Gəncənin on illərlə təmirsiz qalan yolları nəhayət ki, iki-üç ildir asfalt görüb. Yolların abadlaşdırılması üçün gələn il də dövlət büdcəsindən şəhərə əlavə 15 milyon manat ayrılacaq.


Şəhərdə içməli suyu pulla alırlar


Gəncənin əsas problemi su sarıdandır. Şəhərdə içməli su pulla satılır. Amma Gəncədə daha əvvəlki kimi qazdan-işıqdan şikayətçi düşmürlər. İşığın verilməsində fasilələr demək olar ki, yoxdur. Mavi yanacaq isə şəhərin ucqar məhəllələrinə gedib çıxmır, elə bəzən mərkəzdə də zəif yanır. Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin Gəncə şöbəsinin rəhbəri Akifə Əliyeva qaz pulu yığımında sakinlərin incidilməsindən narahatdır. Akifə xanım deyir ki, onlara daha çox yoxsul, imkansız insanlar müraciət edir.«Butulkalı ev»


«Müsavat»da şahmat söhbətləri

Gəncə Azərbaycanın ikinci böyük şəhəri olduğu kimi, siyasi partiyaların da çoxu burda öz yerli təşkilatını görmək istəyir.


«Butulkalı ev»
Sakinlər deyirlər ki, 2003-cü ilin prezident seçkisindən əvvəl Gəncədə müxalifət təşkilatlarının mövcudluğu hiss edilirdi. 2005-ci il parlament seçkisindən sonra isə müxalifət qüvvələri zəiflədi. İndi şəhərdə bircə Müsavat partiyasının yerli qərargahı fəaliyyətdədir. Amma mən baş çəkəndə bu partiyanın qərargahında siyasi diskussiya deyil, şahmat söhbəti gedirdi. İki nəfər şahmat oynayır, iki-üç müsavatçı da onlara azarkeşlik edirdi. Təşkilatın sədri Cahangir Əmirxanlı da deyir ki, qərargaha indi bir işsizlər gəlir, bir də təqaüdçülər. Yerli hakim partiya təmsilçilərinin isə nə təzyiq, nə də maddi problemi var. YAP-ın Gəncə təşkilatı şəhərin mərkəzində iki mərtəbəli binada yerləşir.

«Butulkalı ev»


Gəncənin görməli, tarixi yerləri çoxdur. Amma bu şəhərdə maraqlı bir tikili var ki, sorağı Azərbaycandan da qırağa çıxıb. Yerli sakinlər ona «Butulkalı ev» deyirlər. İki mərtəbəli ev doğrudan da butulkadan tikilib: «Hamı gəlir, xaricdən də gəlirlər, baxırlar, amma mənə bir xeyri yoxdur». Mülkün sahibi Məhəbbət xanım deyir ki, evi tikən mərhum qayınatası memardır. Öz əsərini yaratmaqda heç kəs ona mane olmayıb: «Evin tikilməsində 50 min butulkadan, çay daşlarından istifadə edib». Məhəbbət xanım şikayətlənir ki, imkansızlıqdan neçə ildi ki, evi təmir edə bilmirlər: «Hər yerə demişəm, heç kim kömək eləmir. Satmaqdan başqa əlacım yoxdur. Xaricilərə satacam».


Gəncənin simasını dəyişən çoxmərtəbəli evlər tikilir. Amma, şəhərin mərkəzində artıq 4 mərtəbədən yuxarı bina tikilməsi qadağan edilib. Həm də şəhər rəhbərliyi tikilən binaların mərkəzdəki evlərin arxitekturası ilə ansambl yaratmasını tələb edir. Yəni binaların kərpicdən tikilməsi əsas şərtdir. Müasir dizaynda binalar isə şəhərin «Yeni Gəncə» yaşayış massivində ucaldılacaq. Bu günlərdə 2500 yaşını qeyd edən qədim Gəncədə tayı-bərabəri olmayan fontan quraşdırılıb. Verilən məlumatlara görə onun dəyəri 100 min dollardır.


XS
SM
MD
LG