Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:57

«Fransa öz etimad limitini tamamilə tükədib»


Həmsöhbətimiz millət vəkili Gültəkin Hacıyevadır, 14 oktyabr 2006
Həmsöhbətimiz millət vəkili Gültəkin Hacıyevadır, 14 oktyabr 2006
«Panorama» adlı həftəlik radio-icmalda Fransada erməni soyqırımını inkar edənlərə cəza verilməsini nəzərdə tutan qanun layihəsindən bəhs olunur. Həmsöhbətimiz millət vəkili Gültəkin Hacıyevadır.

Sual : Oktyabrın 12-də Fransa Milli Assambleyası erməni soyqırımını inkar edənlərə cəza nəzərdə tutan qanun layihəsini qəbul etdi. Bu qanun, başqa cür düşünməyə görə cəza nəzərdə tutur. Sizcə, Fransa kimi böyük bir demokratiya tarixi olan ölkədə bu cür qanun necə meydana çıxıb?


Cavab : Öncə üzdə olan səbəbləri nəzərdən keçirməliyik. Onlardan biri, bəlkə də birincisi Fransanda növbəti prezident seçkilərinin yaxınlaşması və Fransada bir milyondan artıq erməni əslli əhalinin yaşamasıdır. Onların da 600 mindən çoxu seçki hüquqludur. Bu, sözsüz ki, çox ciddi bir faktordur... Təbii ki, Fransada ermənilərin dövlət strukturlarında kifayət qədər mövqe sahibi olmalarını da nəzərə almalıyıq. Ancaq mən düşünürəm ki, bunlar yalnız üzdə olan səbəblərdir...


Sual : Bəs, dərində olan səbəblər nədir?


Cavab: Dərində olan səbəbləri də mən iki qismə ayırardım. Bunlardan biri sırf Fransanın özündə olan daxili ziddiyyətlərlə, yəni Fransa cəmiyyətində müşahidə olunan, bəzi məqamlarda hələ gizli qalan ziddiyyətlərlə bağlıdır. Fransa Avropanın bir hissəsidir, ancaq Fransada müəyyən spesifik problemlər yaşanır ki, onlar Avropanın başqa ölkələrində bu qədər çılpaqlığı ilə müşahidə olunmayıb. Məsələn, ötən prezident seçkilərində Fransanın az qala radikal meylli qüvvələrə səs verməsindən sonra çox ciddi narahatlıqlar yaşandı və Avropa ictimaiyyəti, Fransanın mütərəqqi ictimaiyyəti ayağa qalxdıqdan sonra Jak Şirakın qələbəsi təmin olundu. Fransanın daxilində miqrasiya meylləri çox ciddi narahatlıq doğurur. Bu ölkənin gələcəyi ilə bağlı Fransız əsilli ziyalıların narahatlığı bəzi hallarda hətta etnik və dini radikalizm üzərində köklənir. Bu barədə Fransa mətbuatında və cəmiyyətində da müzakirələr aparılır.


Mən bu məsələyə yanaşmada daha qlobal kontekstdə də çıxış edərdim... Hazırda Avropanın gələcəyi, onun həm siyasi xəritəsinin, həm də Avropa kimliyinin formalaşmasında çox mühüm rol oynayacaq bir addım atılmalıdır. Yəni Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı Avropada müəyyən qərar qəbul edilməlidir. Bu qərarın da qəbuluyla bağlı Avropa cəmiyyətində fərqli fikirlər mövcuddur.



«Bu cür qərəzli qərar qəbul edən bir ölkədən Azərbaycanın ədalət umması məncə, artıq sadəlövhlükdən başqa bir şey deyil»

Sual : Gültəkin xanım, ola bilərmi ki, Azərbaycan parlamentində Qarabağ münaqişəsinin nizamlanması üçün danışıqlar aparan ATƏT-in Minsk Qrupunda Fransanın vasitəçiliyindən imtina barədə hansısa təşəbbüs olsun?


Cavab : Mən Milli Məclis adından Sizə konkret bir fikir söyləyə bilmərəm. Ancaq öz adımdan bu fikri səsləndirə bilərəm. Düşünürəm ki – məni bu fikrimdə dəstəkləyən millət vəkilləri də az deyil – bəli, Azərbaycan parlamentində bu məsələ səsləndiriləcək. Mənim müstəqil bir millət vəkili olaraq fikrim ondan ibarətdir ki, indiyədək də Fransa öz davranışı ilə, xüsusən də 2001-ci ildə erməni soyqırımına dair qəbul etdiyi qanunla Minsk Qrupunun həqiqətən qərəzsiz həmsədri olması ilə bağlı bizim ümidlərimizi kifayət qədər azaltmışdısa, son qərar bu ümidləri tamamilə alt-üst etdi. Düşünərəm ki, Fransa bir vasitəçi kimi özünə olan etimad limitini tamamilə tükədib. Bu cür qərəzli qərar qəbul edən bir ölkədən Azərbaycanın ədalət umması məncə, artıq sadəlövhlükdən başqa bir şey deyil. Çünki biz həmsədrlərə münasibətdə həmişə beynəlxalq hüququn prinsiplərini əlimizə bayraq tuturuq, amma beynəlxalq hüququn prinsipləri ilə hesablaşan bir ölkə sözsüz ki, Avropa Konvensiyasını kobud şəkildə pozan qərar qəbul etməzdi. Məncə, Türkiyə bir dövlət olaraq bu qərardan Avropa Məhkəməsinə də şikayət verməkdə haqlı olacaq.


Sual : Qanun qəbul olunmamışdan öncə Bakıda Fransa səfiri keçirdiyi mətbuat konfransında bildirdi ki, onun hökuməti qətiyyətlə bu qanunun qəbul olunmasının əleyhinədir. Yəqin ki, qanun qəbul olunarsa, buna qarşı çıxacaq. Ümumiyyətlə, Fransa hökumətinin səmimiyyətinə inanmaq olarmı?


Cavab : Sözsüz ki, bir siyasətçi olaraq mən bu fikri səsləndirməliyəm ki, bəli, biz Fransa səfirinin, Fransa hökumətinin səmimiyyətinə inanmalıyıq və ümid edirik ki, bu qanun Senatda təsdiqini tapmayacaq. Amma bilirsiniz, bu məsələ artıq şəxsən mənim üçün siyasi müstəvidən çıxaraq artıq milli məsələ xarakterini alıb. Parlament üzvü kimi yox, bir vətəndaş kimi mən təbii ki, bu məsələdə Fransa hökumətinin səmimiyyətinə inanmıram. Düzdür, qanunu qəbul edən Milli Assambleya hökuməti təmsil etmir, hərçənd orada hökumətdən olan millət vəkilləri də var və de-fakto hökuməti təmsil edən qrupun rəhbəri bu qanunun əleyhinə çıxış edib. Ancaq məsələnin mahiyyəti ondan ibarətdir ki, Fransa hökumətində koalisiyanın üzvü olan partiyanın lideri, Fransanın daxili işlər naziri Nikola Sarkozi Türkiyəyə qarşı çox kəskin bir bəyanatla çıxış edib və o bəyanat Azərbaycanın mənafelərinə bəlkə də, o qanunun qəbulundan da daha böyük zərbədir... Düşünürəm ki, Fransa hökuməti istədiyi təqdirdə bu qanunun qəbulunun qarşısını ala bilərdi. Ən azı 2001-ci ildə Fransada erməni soyqırımının dövlət səviyyəsində tanınması ilə bağlı qanun qəbul edilmişdi. Soyqırımının inkarı ilə bağlı konkret cəza tətbiq edən qanunun qəbul edilməsi isə artıq çox aqressiv bir münasibətin təzahürüdür...


GÜLTƏKİN HACIYEVAYLA SÖHBƏTİ ƏTRAFLI DİNLƏYİN


XS
SM
MD
LG