Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:00

72 yaşlı köçkün 1 aydır ki, şam işığında oturur


Arxiv fotosu
Arxiv fotosu

-

"Cəbrayıl köçkünüyəm. 72 yaşım var, tək yaşayıram. Qış həyatımıza qədəm qoyan kimi yaşadığım ünvana Xətai rayon İşıq İdarəsindən bildiriş gəlib ki, 1040 manat borcum var, təcili ödəməsəm işığı kəsəcəklər. Ancaq heç gözləmədən, elə sabahı gün gəlib işığı kəsdilər".

AzadlıqRadiosunun "Qaynar xətt"inə zənh vuran Xətai rayonu, Neapol küçəsində yaşayan köçkün Firəngiz Abdullayeva deyir, 1 ay tamam olacaq ki, qaş qaralanda şam yandırır.

“Gəldilər, axşama yaxın şalbandan evə fələn işıq xəttini kəsdilər. Çığır-bağır saldım ki, evdə körpə nəvələrim var, veclərinə də olmadı. Dedilər, get məsələni idarədə həll elə”.

Deyir, azyaşlı nəvələrini şam ətrafına yığıb. İşıq İdarəsində isə deyiblər, kompüterə düşən borc məbləği mütləq ödənilməlidir:

"SÜBUT ETDİM Kİ, SAYĞAC PULSUZ QURAŞDIRILMALIDIR"

“Hər il qış gələndə belə olur. Əvvəllər gəlib sayğaca görə pul istəyirdilər. Nəhayət, sübut edə bildim ki, sayğac pulsuz quraşdırılmalıdır. İndi də 5-ci ildir ki, hər qış gələndə bizi şam ümidinə qoyurlar. Onlara sübut da etmişəm ki, mən uzun illər bu evdə qalmamışam, xəstə olduğuma görə ilin yarısından çoxunu qızlarımın evində keçirmişəm. İkincisi, tək arvadam, bir otaqlı evdir, özüm də qənaətcil arvadam. Evimdə şadlıq evi açmamışam ki, 1-2 ilə o qədər elektrik enerjisi işlədəm. Üçüncüsü, mənim köçkün kimi aylıq limitim var, nə qədər çox elektrik enerjisi işlətsəm də, dediyim kimi, bir otaqlı ev olduğuna və tək olduğuma görə o limiti keçə bilməz. Qulaq asan yoxdur mənə. Gedirəm işıq idarəsinə, deyirlər kompüterə belə düşüb, heç nə edə bilmərik. Haradan yazıb bilmirik. Deyirik də xeyri yoxdur, deyirlər sayğac yazıbsa ödəməlisiniz”.

Xətai rayon İşıq İdarəsindən “Qaynar xətt”ə bildiriblər ki, Firəngiz Abdullayevanın evində sayğac var və o sayğacla müəyyən olunur ki, bu adamın evində nə qədər elektrik enerjisi istifadə olunub. Həmin ünvanda bir nəfər məcburi köçkün qeydiyyatdadır. Limitlə onun payına düşən hesabı “Qaçkınkom” ödəyir, limitdən artıq istifadə olunan elektrik enerjisinin pulunu isə özü ödəməlidir.

"XƏTTİ KƏSMƏK GÖSTƏRİŞİ QANUNA YOX, DAXİLİ TƏLİMATA ƏSASLANIR"

Hüquqşünas Namizəd Səfərov deyir ki, qanunvericilikdə borclu abonenti məhkəməyə verib borcu tələb etmək var, ancaq borca görə işıq xəttini kəsmək yoxdur:

“Əvvəla deyim ki, kommunal xidmətlə bağlı məsələ, qaz, işıq, su və sair təchizatı təbii inhisarlardır. Yəni bizim başqa alternativ seçmək hüququmuz yoxdur. Amma normalda bir neçə enerji təchizatı müəssisəsi, qaz təchizatı müəssisəsi olmalıdır ki, abonentin həmin müəssisələr arasında seçim etmək imkanı olsun. Ona hansı müəssisənin xidmət şərtləri daha sərfəlidirsə, həmin müəssisə ilə müqavilə bağlamalıdır. Ancaq bizdə belə deyil və bunun da nəticəsində onlar istədikləri şərtləri abonentlərə diktə edirlər. Hətta əvvəlcədən hazırlanmış müqavilə blanklarına imza etdirirlər, əksər hallarda heç o müqavilənin bir nüsxəsini abonentə təqdim etmirlər. Təbii ki, bizim bu gün bu müqavilə şərtlərini müəyyən etmək imkanımız yoxdur”.

Hüquqşünasın sözlərinə görə, abonentin borcuna görə işıq, qaz xəttini kəsmək yanlış təcrübədir, qanuna yox, daxili təlimata əsaslanır:

“Abonenti məhkəməyə verib borcu məhkəmə yolu ilə tələb edə bilər. Eyni zamanda abonent də hesab edirsə işlətdiyi işığa görə ödəməli olduğu borcdan artıq pul yazılıb, bu zaman həmin məsələni məhkəmədə mübahisələndirməlidir”.

XS
SM
MD
LG