Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:47

Prezident jurnalistin qətlinə gec reaksiyasına görə tənqid olunur


Anna Politkovskaya
Anna Politkovskaya

Rusiya prezidenti Vladimir Putin jurnalist Anna Politkovskayanın ölümü barədə əlüstü bəyanat vermədiyinə görə, çoxları sual verdi: Putindən niyə səs çıxmır?


İki gündən çox susan Putin yalnız oktyabrın 10-da Almaniya səfəri zamanı bu qətli «yolverilməz cinayət» adlandırıb. Elə hadisənin ilkin istintaqı zamanı Moskva prokurorunun birinci müavini Vyaçeslav Rosinski də bənzər niyyətin olduğunu demişdi. Amma Putinin tənqidlərlə üzləşməsinə səbəb qətldən keçən 3 gün ərzində ictimaiyyət qarşısına çıxmamasıdır. Hətta, Politkovskayanın ən kəskin tənqid hədəflərindən biri Çeçenistanın Baş naziri Ramzan Kadırov da başsağlığı verib.


Vladimir Putinin tənqidlərlə üzləşməsinin başqa bir səbəbi də onun 6 illik prezidentliyi dövründə 13 jurnalistin öldürülməsi və ən başlıcası bu qətllərin üstünün açılmaması sayılır


Cənab Putinin tənqidlərlə üzləşməsinin başqa bir səbəbi də onun 6 illik prezidentliyi dövründə 13 jurnalistin öldürülməsi və ən başlıcası bu qətllərin üstünün açılmaması sayılır.


Rusiyanın İnsan Haqları Müvəkkili Vladimir Lukin jurnalistlərin təhlükəsizliyinə təminat vermək çağırışının havadan asılı qalmasına təəssüfləndiyini deyir: «Dəfələrlə ən yüksək səviyyədə hakimiyyətimizin diqqətini jurnalistlərin ağır vəziyyətinə diqqəti cəlb etdim. Bildirdim ki, onları qorumaq lazımdır. Təəssüf ki, işlər yaxşılığa doğru getmədi».


Anna Politkovskayanın öldürülməsinin dünya miqyasında pisləndiyi bir vaxtda dəfnə Lukindən başqa heç bir yüksək rütbəli Rusiya rəsmisinin gəlməməsi də suallar ortaya çıxarıb. Niyə, Britaniyanın Baş naziri Toni Bler, Fransa prezidenti Jak Şirak, ATƏT sədri Karel de Quxt bəyanat verir, amma Politkovskayanın öz ölkəsinin prezidenti az qala susur?


Ekstremal Jurnalistika Mərkəzinin rəhbəri Oleq Panfilov: «Məni prezident Putinin mövqeyi çox acıdır. O, göstərir ki, yalnız ölkə əhalisinin bir hissəsinin prezidentidir. Politkovskayanın məqalələrinə nifrət edən, onun işinə nifrət edən hissəsinin. Əlbəttə, Fransa prezidentini nümunə göstərə bilərəm. İraqda fransız qadın jurnalisti girov götürülən kimi, Şirak məzuniyyətini yarımçıq qoyub geri qayıdaraq bəyanat verdi».


Oktyabrın 9-da İnsan Haqları üzrə Beynəlxalq Helsinki Federasiyası Vladimir Putini Politkovskayanın ölümünü pisləyən bəyanat verməyə çağırmışdı. Bundan sonra Putinin ABŞ prezidenti ilə telefon söhbətində qətli «faciəli ölüm» adlandırması xəbəri yayıldı.


Bir çoxları hesab edir ki, Putinin qətli ictimaiyyət qarşısında pisləməməsi onun kəskin tənqidçisi olan Politkovskayaya saymazlıqdan irəli gəlir. Amma tanınmış siyasi təhlilçi Boris Kaqarlitski Putinin bundan qabaq da bir çox faciələrə gec reaksiya verdiyini deyir: «Bu adamın psixikasının bəzi özəllikləri var. Hər dəfə böhran olanda bu adam yoxa çıxır, görünmür, hansısa formada siyasi iflic vəziyyətinə düşür. Hətta irəli çıxıb bəyanat verməyin və üzərinə hansısa məsuliyyəti götürməyin gərəkliyini biləndə də. Amma, fiziki baxımdan o, bunu edə bilmir. Bu, artıq siyasi yox, şəxsi problemdir».


Rusiya hökuməti təkcə tez reaksiya vermədiyinə görə yox, jurnalistlərin qətli hadisələrinin üstünün açılmamasına görə də tənqidlərlə üzləşir. Öldürülənlər əsasən iki yöndə istintaq aparan jurnalistlərdir: Korrupsiya və Çeçenistandakı zorakılıqlarla bağlı. Sergey Novikov 2000-ci ildə Smolenskdə, Eduard Markeviç 2001-ci ildə Sverdlovsk vilayətində, Natalya Skrıl 2002-ci ildə Rostov-Donda, Valeri İvanov və Aleksey Sidorov 2002-ci ildə Tolyattidə öldürülmüşdü. Onlar korrupsiya ilə bağlı araşdırmaları ilə məşhur idilər. 2000-ci ildə öldürülən İsgəndər Xatloni, Adam Tepsurqayev və Anna Politkovskaya Çeçenistandakı zorakılıqlar barədə araşdırmalar aparırdılar.


XS
SM
MD
LG