Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:46

«Tələyə düşməməyin yeganə yolu»


«Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərinin kollektivi. 2 oktyabr 2006-cı il
«Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərinin kollektivi. 2 oktyabr 2006-cı il
Fəaliyyətlərinin dayandırılması səbəblərinə aydınlıq gətirən «Gündəlik Azərbaycan» qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu deyir ki, onlara qarşı ciddi təzyiqlər olub. Bu təzyiqlərdən kiminsə ziyan çəkməməsi üçün qəzetlərin fəaliyyətini dayandırmağı qərara alıblar. Şef redaktora görə, indiyə qədər təzyiqlərə bir təhər dözüblər, amma son vaxtlar onlara qarşı elə bir tələ qurulub ki, həmin tələyə düşməməyin yeganə yolu qəzetin bağlanması olub. Təzyiqləri kim edib, onun formaları nədir, bu kimi suallara isə şef redaktorun cavabı belədir: «Bu ölkədə polis rejimi var, ölkə polis rejimi ilə idarə olunur. Bu ölkədə mətbuata bir qəzet köşkü, ticarət köşkü kimi baxırlar. İstədikləri kimi, istədikləri cür də davrana bilirlər».

«Bu ölkədə mətbuata bir qəzet köşkü, ticarət köşkü kimi baxırlar. İstədikləri kimi, istədikləri cür də davrana bilirlər»
Şef redaktordan fərqli olaraq bağlanan qəzetlərin təsisçisi Eynulla Fətullayev özü bu barədə danışmır. Hətta telefonuna belə cavab vermir. Bəzi yerli KİV onun ölkəni tərk etdiyi barədə məlumatlar da yayıblar. Eynulla Fətullayevin anası Gülşən Fətullayeva bu məlumatları təkzib etsə də, son vaxtlar ailələrinə müxtəlif yerlərdən təzyiqlərin olduğunu təsdiqləyir. Hətta onun həyat yoldaşını, Eynulla Fətullayevin atasını kimlərsə «istintaqa» da çəkiblər.


Şahvələd Çobanoğlu isə deyir ki, Eynulla Fətullayevin atasına təzyiq elə qəzetə hücumların bir hissəsidir. Bu təzyiqlərin təxminən dörd ay bundan əvvəl başlandığını deyən Şahvələd Çobanoğluna görə, hətta qəzeti satın almaq cəhdləri də olub, amma onlar razılaşmayıblar. Haqqında danışdığı hədələrə görə hüquq mühafizə orqanlarına müraciət edib-etmədiklərinə gəlincə şef redaktor deyir ki, bu hədələr daha yuxarı səviyyələrdən gəldiyindən onlar həmin müraciətlərin nəticə verəcəyinə inanmayıblar və elə indi də inanmırlar.


Qəzetlərin bağlanması ilə bağlı jurnalist birlikləri birmənalı fikir yürütməkdə çətinlik çəkirlər. Həm də məsələyə bir qədər ehtiyatlı yanaşma var. Daxili İşlər Nazirliyində deyirlər ki, indiyə qədər onlara bu təzyiqlər barədə hər hansı müraciət edilməyib. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov bildirir ki, əgər onlarda hansısa faktlar varsa hüquq mühafizə orqanlarına təqdim etsinlər və bu məsələ araşdırılsın.


Milli Məclisin İnsan Hüquqları komissiyasının sədri Rəbiyyət Aslanova isə bu adı çəkilən qəzetlərə təzyiqlərin edilməsilə bağlı məlumatlara inanmır və qəzetlərin fəaliyyətinin dayandırılmasıyla bağlı bəyanatı da qeyri-ciddi bir bəyanat hesab edir. Rəbiyyət Aslanovaya görə, bu vaxtilə şou ilə gələn qəzetin indi şou ilə də getməsidir.


«Turan» İnformasiya Agentliyi Daxili İşlər Naziri Ramil Usubovun şərəf və ləyaqətini təhqir etmək ittihamıyla Eynulla Fətullayevin 2 il şərti azadlıqdan məhrum edildiyinə toxunaraq bildirir ki, hələ bir qədər əvvəl nazir bu qəzetləri kimin maliyyələşdirdiyini açıq şəkildə bildirmişdi. Agentliyə görə, nazir bununla Fətullayevin digər güc strukturuna keçmiş, onun rəqibi olan sabiq nazirlik əməkdaşları ilə əlaqələrinə eyham vurub.


15-20 gün əvvəl bir çox qəzetlərdə prezidentin kompromat savaşı aparan bəzi məmurlara bu məsələlərə son qoymaq barədə ciddi göstəriş verdiyi barədə məlumatlar yer almışdı
Agentliyə görə, qəzet Milli Təhlükəsizlik naziri Eldar Mahmudov və Fövqəladə Hallar naziri Kamaləddin Heydərovdan başqa əksər dövlət məmurlarını kəskin şəkildə tənqid edib. Bundan başqa qəzet səhifələrində ekspertlərin istintaq sirri hesab etdiyi materialları tez-tez görmək olardı. Elə bu baxımdan da agentlik istisna etmir ki, qəzetin nəşrinin dayandırılması yüksək hakimiyyət eşalonlarında baş verən dəyişikliklərin də nəticəsi ola bilər. Agentliyin rəhbəri Mehman Əliyev hesab edir ki, əslində elə «Realnı Azərbaycan» qəzeti də, «Monitor» jurnalı da həmişə məmurlararası savaşın episentrində olub və mübarizə aparan tərəflər bir-birinə qarşı kompromat savaşında bu mətbuat orqanlarından istifadə ediblər.


Qəzetin birdən-birə fəaliyyətinin dayandırılmasına gəldikdə isə Mehman Əliyev deyir ki, hələ 15-20 gün əvvəl bir çox qəzetlərdə prezidentin kompromat savaşı aparan bəzi məmurlara bu məsələlərə son qoymaq barədə ciddi göstəriş verdiyi barədə məlumatlar yer almışdı. Cənab Əliyev düşünür ki, qəzetlərin bağlanması da həmin tərəflərdən birinin göstərişi ola bilər.


Rus dilində çap olunan «Realnı Azərbaycan», və «Gündəlik Azərbaycan» qəzetləri ötən ilin iyulundan fəaliyyətə başlamışdılar. Bu mətbu orqanlarda həqiqətən yüksək rütbəli məmurların ünvanına sərt tənqidlər olurdu. Bu qəzetlər az vaxtda Azərbaycan üçün elə də xarakterik olmayan bir sürətlə xeyli tiraj da toplamışdı. Məsələn «Realnı Azərbaycan» qəzetinin son sayı 29 min, «Gündəlik Azərbaycan» isə 11 min tirajla çap olunmuşdu. Amma, qəzetlərin tənqid hədəflərini təhlil edən jurnalist dairələrində həmin nəşrlərin də hakimiyyətdə bir-biri ilə mübarizə aparan qruplardan birinin himayəsi ilə yaradıldığı barədə rəy formalaşmışdı. Hərçənd ki, həmin qəzetlərin rəhbəri Eynulla Fətullayev tirajlarının çox olduğunu əsas gətirərək kimdənsə maliyyə yardımı almaları barədə ittihamları rədd edirdi.


Bir məsələni də vurğulayaq ki, söhbətləşdiyim ekspertlər və redaktorların hamısı hansı səbəbdən asılı olmayaraq istənilən qəzetin bağlanmasını fikir, söz azadlığının məhdudlaşması kimi qiymətləndirdiklərini bildirdilər.


XS
SM
MD
LG