Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 04:03

Nəqliyyat düzbucağının 4 çıxmazı


«Nəhayət, 5-ci cəhddən sonra testdən keçə bildim. Amma dedilər ki...»
«Nəhayət, 5-ci cəhddən sonra testdən keçə bildim. Amma dedilər ki...»

-

Gözlə

No media source currently available

0:00 0:08:11 0:00
Direct-ə keçid

– Bu sürücülərə kim vəsiqə verib? Belə də maşın sürmək olar?! Sürücülükdən başı çıxmayanlar sükan arxasında oturublar...

– Piyadalar harada gəldi yolu keçir, özlərini, az qala, maşının altına atırlar...

Bircə dəfə Bakıda olanlar belə deyinmələri eşitməmiş olmazlar. İstər sürücülər, istərsə sərnişinlər, – bir sözlə, hər kəs bir-birindən gileylidir. Qırmızı işıqda keçmək, piyada keçidlərində sərnişinlərə yol verməmək, harada gəldi siqnal səsləndirmək və ya yolu keçmək Bakının adidən-adi gerçəkləridir.

Amma bütün bunlar məsələnin görünən tərəfidir. Bəs görünməyən tərəfi nədir? Niyə illərdir problem həll olunmur? Bu suallara cavab tapmaq üçün başlayaq lap əvvəldən. Sərnişinlərin də, elə sürücülərin özünün də dad döydüyü sürücülərdən.

5-Cİ CƏHD...

Şəhla Əliyeva bir il öncə sürücülük vəsiqəsi alıb. Düzdür, nə az, nə çox beş dəfə imtahana qatılandan sonra. Deyir, özünə söz veribmiş ki, vəsiqəni öz biliyi ilə alacaq və sözünün üstündə durub:

«Birinci dəfə imtahana girəndə 20 manat, sonrakı hər dəfə üçün 11 manat ödədim. İmtahana girməzdən öncə sürücülük kurslarına getmişdim. Yoldaşım da mənə sürücülüyün «sirlərini» öyrətmişdi. Nəhayət, 5-ci cəhddən sonra testdən keçə bildim. Amma dedilər ki, «yezda»dan – maşınsürmə imtahanından keçmək mümkün deyil. Tək ona 200 manat «ödəyəndən» sonra sürücülük vəsiqəmi ala bildim».

Tıxac
Tıxac

SÜRÜCÜLƏRİN DƏRDİ...

Şəhla Əliyeva yarım ildir ki, Bakı küçələrində tam müstəqil sükan arxasında oturub, avtomobilini sürür. «Bir sürücü kimi Bakıda hansı problemlərlə üzləşirsiniz» sualını eşidincə, dərindən ah çəkərək gülür və sözə başlayır:

«Bu ay o qədər gileyliyəm ki, qoy dərdimi danışım. Əvvəla, sürücülərdən gileyliyəm. Özləri qaydanı pozmaları bir yana,başqalarını da buna məcbur edirlər; qırmızı işıqda keçir, harada gəldi, maşın saxlayıb, nəqliyyatın hərəkətini əngəlləyirlər. Çox uzağa getmirəm, elə mənimlə birgə imtahana girənlərdən bəziləri pullarını verib sürücülük vəsiqəsi aldılar. Yoldakı problemin bir səbəbi elə həmin sürücülərdir. İkincisi, yol işarələridir. Hava limanından gələn tərəfdə yollar və yol işarələri qaydasındadır, yəni necə lazımdırsa, o cürdür. Amma Suraxanı səmtinə dönəndə bütün yollar bərbad gündədir – nə bir yol işarəsi var, nə də işıqlandırma. Mərkəzi yollarda şərait yaradılıb, digər yollardasa durum acınacaqlıdır».

AXŞAM 5-DƏN SONRA BAKI...

Bir problem də Bakıdakı inşaat işləridir. Bir də görürsünüz ki, hansısa mərkəzi yol günlərlə, bəlkə də aylarla təmirə bağlanır. Məsələn, bir neçə gün öncə Bakının 20 Yanvar dairəsində başlanan təmir kimi. Paytaxtın bu əsas yolunun bağlanması ucbatından, özəlliklə səhər, bir də axşam – iş vaxtından sonra bu yerlərdə ağız deyəni qulaq eşitmir. Siqnal səsləri saatlarla tıxacda qalan əsəbi sürücü və sərnişinlərin qışqır-bağırına qarışıb. Bu mənzərənin hələ nə qədər davam edəcəyi bəlli deyil. Bəlli olan bir odur ki, Bakı sakinləri nəqliyyatdakı problemlərin tezliklər həll olunacağına inanmırlar.

Vaqif Əsədov
Vaqif Əsədov

PROBLEMİN KÖKÜ: MENTALİTET

Bakı şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun fikrincə, yaranmış problemin kökündə mentalitet dayanır:

«Əsas səbəb sürücünün peşəkarlığı deyil. Axı Azərbaycan sürücüsü gedib Avropa, ya da digər ölkələrdə bütün qaydalara əməl edib avtomobil sürə bilir. Qaydaları bilmədən sürücülük vəsiqəsi alıbsa, onda oralarda da maşın sürə bilməzdi. Problemin kökündə bizim mentalitet dayanır. Həm sürücülər, həm də sərnişinlər harasa tələsir, bir-birlərinə yol vermirlər. Üç saniyə artıq gözləməyə səbirləri çatmır, qırmızı işıqda yolu keçirlər. Uşaqlarını məktəbdən bir metr kənarda gözləmək istəmirlər. Sözləşiblərmiş kimi, hamısı düz məktəbin önündə maşın saxlayırlar. Başa düşmürlər ki, avtomobili, lap 15 saniyəlik də, qanunsuz saxlamaqla nəqliyyatın hərəkətini məhdudlaşdırırlar. Harada gəldi parkinq – maşın saxlamaq da bir ayrı problemdir. Bu il çox sayda piyada da cərimələnib. Bir addımlıqdakı yeraltı keçidi qoyub, yolun düz ortasından keçirlər».

Vaqif Əsədov deyir ki, sürücü və sərnişinlərin maarifləndirmək, qaydaların tətbiqini sərtləşdirməklə problemi çözməyə çalışırlar.

PROBLEMƏ BAŞ-AYAQ YANAŞMA

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov qayda tətbiqinin sərtləşdirilməsini doğru addım sayır. Amma bir əlavəsi var: qaydaların sərtləşdirilməsi sonuncu vasitədir:

Ərşad Hüseynov
Ərşad Hüseynov

«Rəsmi qurumlar daha öncə öz üzərilərinə düşən öhdəliklərə əməl etməlidir. Əvvəlcə paytaxtın nəqliyyat infrastrukturuna diqqət yetirilməlidir. Bundan sonra tərəflər – sərnişin və sürücülər maarifləndirilməlidir. Bütün şərait, infrastruktur yaradılandan, sərnişin və sürücülər təhlükəsizlik qaydalarını mənimsədikdən sonra onlara sanksiyalar, yəni cərimələr tətbiq oluna bilər. Bizdə necədir vəziyyət? Nə infrastruktur var, nə də baza. Amma bir yandan cərimələnirlər. Bu, indiki halda problemin həll yolu deyil».

ALMANİYA TƏCRÜBƏSİ...

Ərşad Hüseynov təxminən 40-45 il öncə Almaniyada da eyni vəziyyətin olduğunu yada salır. Deyir ki, almanlar oturub problemi kompleks şəkildə çözdülər. İndi bu ölkə çoxuna örnək sayıla bilər:

«Bu gün Almaniyada 10 adamdan 7-ə bir avtomobil, Azərbaycanda 8 nəfərə bir avtomobil düşür. Almaniyada avtomobillərin sayı Azərbaycandan 5 dəfə çoxdur. 40-45 il öncə almanlar oturub problemin həlli yollarını müzakirə etdilər və problemi sistemli və kompleks şəkildə həll etdilər. Orada Bakıdakı nəqliyyat problemi, demək olar, yoxdur. Almanlar bilir ki, avtomobil nədir, ondan nə vaxt və necə istifadə etmək lazımdır. Onlar öz avtomobillərini günlərlə qarajda saxlaya, sürməyə bilərlər. Amma Azərbaycanda maşını olan hər kəs elə bilir onu harada gəldi sürməlidir».

5 FAİZ SÜRÜCÜ İMTAHANDAN KEÇƏR, QALANI...

Rəsmi məlumata görə, Azərbaycanda 1 milyon 200 min avtomobil var. Onun 700 mini Bakıda qeydiyyatdadır. Ərşad Hüseynovdan soruşuruq ki, tutalım, 700 min sürücünü yenidən imtahandan keçirsəydi, neçəsinə sürücülük vəsiqəsi verərdi?

Azərbaycanda 1 milyon 200 min avtomobil var.
Azərbaycanda 1 milyon 200 min avtomobil var.

Ərşad Hüseynov sualın cavabını çoxdan bilirmiş kimi cavab verir:

«Bir az güzəştlə ən çoxu 5 faizi imtahandan keçə bilərdi. Qalan 95 faizi sürücülük hüququ qazanmazdı. Hələ mən bunu maksimumla götürdüm».

Uzun müddət bu sahədə çalışan mütəxəssisin fikrincə, Azərbaycanda da problem çözülə bilər, amma... Amma əsas məsələ bunu səmimi istəməkdir:

«Mən burada, özəlliklə səmimiyyət sözünü qabartmaq istəyirəm. Həqiqətən, problemi ürəkdən həll etmək istəyirlərsə, gərək oturub plan, xəritə və sxemlər üzərində çalışsınlar. Məsələnin həllinə kompleks yanaşmaq lazımdır».

Ərşad Hüseynovun səmimi istəklə bağlı sözləri nədənsə «şikarının tələyə düşməsini gözləyən ovçular» deyimini yada saldı. Daha doğrusu, son vaxtlar Bakıda qayda pozan sürücü və sərnişinlərin cərimələnmə səhnəsini... Yol polisi ağacların arxasında, kolluqda və ya gözdənkənar bir yerdə dayanaraq hansısa sürücü və ya piyadanın qayda pozmasını gözləyir... Yanlış yerdən keçən piyada saxlanır və 20 manat cərimələnir. Burada piyadanın suçu odur ki, düzgün olmayan yerdən yolu keçib, amma problem ondadır ki, həmin yerdə yolu keçə bilməyəcəyi haqda ona öncədən xəbərdarlıq edilməyib. Axı əvvəllər həmişə hamını ordan yolu keçən görüb. Elə polisin özü də ordan yolu keçib...

XS
SM
MD
LG