-
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu noyabrın 19-da bəyanat yayıb. Bəyanatı həmsədrlər – Rusiyadan Igor Popov, ABŞ-dan James Warlick və Fransadan Pierre Andrieu imzalayıb. Həmsədrlər noyabrın 12-də Azərbaycan qüvvələrinin vurduğu hərbi helikopterin düşdüyü əraziyə humanitar girişin olmamasından dərin narahatlıq bildirirlər.
“Vertolyotun qalıqları Təmas Xəttindən neytral minalanmış ərazidə yerləşir. Biz tərəfləri qəza ərazisi yaxınlığında atəşi dayandırmağa və ətraf ərazinin minalardan təmizlənməsini asanlaşdırmağa çağırırıq” həmsədrlər bildirir.
“Həmsədrlər, 2010-cu ilin oktyabrında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan bəyanatına uyğun olaraq, Azərbaycanı hadisə qurbanlarının meyitlərinin götürülməsinə icazə verməyə, Ermənistanı isə bu humanitar durumun həlli üçün əməkdaşlıq göstərməyə çağırır. Qeyd edirik ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk və onun komandası regiondadır və tərəfləri hadisə yerinə getmək üçün onlardan istifadə etməyə səsləyirik,” bəyanatda deyilir.
“12 noyabr bəyanatımızı bir daha təsdiqləyirik, tərəflərə xatırladırıq ki, atəşkəsə hörmət öhdəlikləri var və Soçi, Nyuport və Parisdə münaqişənin dinc yolla həllinə dair götürdüyü öhdəliklərə əməl etsinlər,” həmsədrlər vurğulayır.
Müdafiə Nazirliyi bildirir ki, noyabrın 12-də Ermənistana məxsus helikopter Azərbaycanın işğal olunmuş ərazisində uçuşlar keçirərək Azərbaycan tərəfin mövqelərinə hücum edib. Azərbaycan hərbçiləri helikopteri zərərsizləşdirib.
BURADA KƏSKİN PARADOKS VAR
Milli Məclisin deputatı Adil Əliyev Minsk qrupunun bəyanatına etiraz edib. Millət vəkili Modern.az saytına bildirib ki, Azərbaycan torpaqlarının neytral zona adlandırılması heç bir hüquqi əsasa sığmır:
“Bu necə ola bilər? Həmsədrlər təmsil etdikləri dövlətlərin adından danışırlarsa, Amerika Birləşmiş Ştatları da, Rusiya da, Fransa da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə görünür ki, burada kəskin paradoks var. Minsk Qrupunun həmsədrlərinin bu bəyanatı məndə böyük təəssüf hissi doğurdu. Nə zamandan Azərbaycan əraziləri neytral zona oldu. Ən azından həmsədrlər bəyanat verərkən müvəqqəti neytral zona ifadəsini işlətməli idilər”.
Deputat diqqəti 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus helikopterin erməni silahlıları tərəfindən vurulmasına çəkərək qeyd edib ki, həmin hadisə zamanı 22 nəfərin həyatına son qoyulub ki, onların da əksəriyyəti Azərbaycanın dövlət adamları, nazirlər olub:
“Düzdür, hələ o zaman ATƏT-in Minsk Qrupu yox idi. Amma insan faciəsi ki, var. Bir müqayisə aparsınlar. Biz həmsədrlərdən ikili standartlara son verilməsini tələb edirik”.
MÜNAQİŞƏNİN HƏLLİ ERMƏNİSTANDAN KEÇİR
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da modern.az saytına açıqlamasında bu bəyanatı qınayıb:
“Çünki o ərazilər Azərbaycanın əraziləridir və həmsədrlər də yaxşı bilir ki, Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın 20 faizdən artıq torpaqlarını işğal altında saxlayır. Minsk Qrupu həmsədrlərinin hər zaman olduğu kimi bu dəfə də belə mövqe nümayiş etdirmələri münaqişənin tənzimlənməsinə xidmət etmir. Çünki münaqişənin həlli Azərbaycanın torpaqlarını işğal altında saxlayaraq bölgədə vəziyyəti gərginləşdirən Ermənistana təzyiqdən keçir. Amma onlar nəinki Ermənistana təzyiq göstərir, əksinə bu cür açıqlamalarla ədalətsizliklərini bir daha ortaya qoyurlar”.
"BƏYANATI MƏNTİQSİZ HESAB EDİRƏM"
Milli Məclisin vitse spikeri Ziyafət Əsgərov ATƏT-in həmsədrlərin erməni helikopterinin vurulması ilə bağlı bəyanatlarına münasibət bilidrib. O, bu bəyanatı mənasız, məntiqsiz hesab edib:
“ATƏT həmsədrləri təxribat xarakterli məlumat veriblər. Deyiblər ki, helikopter neytral əraziyə düşüyüb. Helikopter Azərbaycan ərazisinə düşüb. ATƏT-in hər üç ölkədən olan həmsədrləri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Necə olur helikopter hansısa neytaral əraziyə düşür? Bu baxımdan onların bu bəyanatını mənasız, məntiqsiz hesab edirəm”.