Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:41

Bakıda mənzillərin qiyməti ucuzlaşacaq


Bakı, yeni tikili binalar
Bakı, yeni tikili binalar

-
2014-cü ildə ölkənin mənzil bazarı aktiv olub. Amma ilin sonunadək qalan ay yarımda durğunluq olacağı və 2015-ci ilin ilk aylarından başlayaraq, əmlak bazarında tələbin azalacağı proqnozlaşdırılır. Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov “Azadlıq” qəzetinə açıqlamasında bildirib ki, Rusiyadakı böhranın Azərbaycanın mənzil bazarına təsiri hissolunan dərəcədədir:

“Rusiyada fəaliyyət göstərən azərbaycanlılar vəsaitlərinin bir hissəsini investisiya formasında Azərbaycanın daşınmaz əmlak bazarına yatırıblar. May ayından sonra bu yatırımlarda azalmalar müşahidə edilir, son aylarda isə minimum həddə çatıb. Aktivliyin aşağı düşmə səbəblərindən biri də budur. Neft birjalarındakı qiymətlər, Rusiyadakı vəziyyət, rublun kursunun məzənnəsinin qeyri-stabil olması, sürətlə aşağı düşməsi mənzil bazarına öz təsirini göstərir. Ötən ilin oktyabr ayı ilə müqayisədə bu ilin oktyabr ayında aktivlik 30 faizdən çox aşağı düşüb. Bir sözlə, Rusiyadakı böhran Azərbaycanın mənzil bazarına təsir göstərib”.

YOLLAR QAZILIR, DAYANACAQLAR YOX, MAŞIN ÇOX…

“Bizim Yol” qəzeti Bakı yollarındakı tıxacların səbəbini araşdırıb. Bir taksi sürücüsü tıxacın yaranma səbəblərini belə izah edib:

Bakı
Bakı

“Birinci səbəb şəhərin mərkəzi küçə və prospektlərində yol boyu hər iki tərəfdə avtomobillərin dayanmasıdır. Yəni Bakıda dayanacaq probleminin olmasıdır. İkinci səbəb əlaqəsiz olaraq dövlət qurumlarının yolları qazması və təmir-tikinti işlərini aparmasıdır. Bax, ən böyük problem budur. Həm dövlət vəsaiti talanır, həm də insanların əsəb sistemi korlanır. Problemin həlli üçün yollar genişləndirilməlidir. Nəqliyyat yolları bağlanarkən sürücülərin normal hərəkəti üçün alternativ yollar açmaq lazımdır. Bunu etmirlər, yolları bağlayırlar. 3 ay yay boyu istirahət etdilər, sentyabr başlayan kimi yolları qazmağa başladılar. Bakıda yolların bağlanması və alternativ yolun olmaması tıxacın olmasına şərait yaradır. Biz sürücülər bilmək istəyirik ki, hansı küçələrdə yol bağlıdır. Dövlət qurumları tıxac probleminin həlli üçün nələr edirlər".

TİKİNTİYƏ DÖVLƏT NƏZARƏTİ QAYDALARI TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev fərman imzalayaraq tikintiyə dövlət nəzarəti qaydalarını təsdiqləyib. Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətlərini Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Nəzarət nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və həmin agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə aparılır.

Qaydaların tələbləri tikinti fəaliyyətinin bütün subyektləri üçün məcburidir. Tikintiyə icazə verən müvafiq yerli icra hakimiyyəti orqanı icazə barədə qərarı və xüsusi nişanı sifarişçiyə təqdim etdikdən sonra 3 iş günü müddətində həmin obyektin tikintisinə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək üçün bu barədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məlumat verməlidir.

Noyabrın 17-də dövlət başçısı tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydalarını da təsdiq edib.

“BELƏ DAVAM ETSƏ, NÖVBƏDƏNKƏNAR QURULTAY ÇAĞIRA BİLƏRİK”

Noyabrın 17-də Müsavat Partiyası Divanının iclası keçirilib. Divanın iclası barədə Müsavatın yaydığı rəsmi məlumata görə, partiyadaxili məsələlərin müzakirəsi zamanı partiya üzvləri Əlövsət Talışxanlı və Səxavət Əlisoyun partiyanın nizamnamə və proqramına zidd davranışları müzakirə edilib. Səxavət Əlisoy Müsavat Partiyasının nüfuzuna xələl gətirən fəaliyyəti, partiya strukturlarına qarşı heç bir fakta əsaslanmadan irəli sürdüyü ittihamlar nəzərə alınaraq Müsavat Partiyasının sıralarından xaric edilib. Əlövsət Talışxanlının fəaliyyəti də Səxavət Əlisoyun fəaliyyəti ilə eynilik təşkil etsə də, partiyada əvvəlki fəaliyyətləri nəzərə alınmaqla ona partiya nizamnaməsinə zidd fəaliyyəti durdurmaq barədə son xəbərdarlıq edilməklə töhmət verilib”.

“Media forum” saytı məsələyə Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun münasibətini öyrənib. Qubad İbadoğlu bildirib:

“Bu proseslər mənə 2013-cu ili xatırladır. Həmin il prezident seçkisi keçirilmiş və seçkidən sonra repressiyalar başlanmışdı. Müsavat Partiyasının hazırkı durumu buna bənzəyir. Partiyanın rəhbərliyi fikir müxtəlifliyinə dözümsüz yanaşır və rəqiblərini cəzalandırmaq kursuna keçib. Müsavat Divanının bu kursun icraçısına çevrilməsinə də təəssüflənirəm. Amma bu cür qərarlarla müsavatçıları susdurmaq mümkün deyil. Müsavatçılara qarşı belə aqressiv münasibət partiya rəhbərliyinin zəifliyini göstərir”.

Qubad İbadoğlu vurğulayıb ki, partiya rəhbərliyinin verdiyi qərarlar gərginliyi artırır və rəhbərliyə olan etimadı daha da azaldır:

“Vəziyyət belə davam etsə, biz növbədənkənar qurultay çağıra bilərik. Növbədənkənar qurultayın çağırılması Müsavat Partiyasının nizamnamə normalarından biridir”.

SİYAVUŞ NOVRUZOV: “TƏKRAR QURULTAY KEÇİRİLMƏSƏ, YENİ MÜSAVAT PARTİYASI YARANACAQ”

“Səxavət Əlisoyun Müsavatdan çıxarılması onu göstərir ki, orada repressiya gedir. Çünki Səxavət Əlisoy seçkilərin saxtalaşdırıldığını, qurultayın düzgün keçirilmədiyini, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının və Divanın düzgün seçilmədiyini dəfələrlə bəyan edib. Bu günsə öz fikrini, demokratik düşüncəsini səsləndirdiyinə görə partiyadan çıxarıldı”.

Siyavuş Novruzov
Siyavuş Novruzov

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Müsavat Partiyası Divanının bu gün keçirilən iclasında Səxavət Əlisoyun partiyadan kənarlaşdırılmasına münasibət bildirərkən deyib. YAP rəsmisi Qubad İbadoğlu və Səxavət Əlisoyun Azərbaycan iqtidarı tərəfindən idarə olunması ittihamlarına da cavab verib:

“İstər yerli təşkilat sədrləri, istər partiya gənclər təşkilatının sədri, istər ayrı-ayrı şəxslər, məsələn, Nəsib Nəsibli, Hikmət Hacızadə və Müsavatın əksər qurucuları son qurultayın seçiminə etirazını bildirib. Bunun iqtidara nə dəxli var axı? Buna etiraz edənlər sadəcə deyirlər ki, azad və ədalətli seçki keçirilsin, Nizamnaməyə uyğun hərəkət tələb edirlər. Onlar haqlı olaraq deyirlər ki, seçki Arif Hacılının saxtakarlığı, fitnəkarlığı ilə keçirilməməlidir. Budur söhbət. Bunun iqtidara nə aidiyyəti var? Hamınız da görürsünüz ki, Müsavat Partiyası tərəfindən bunların fikirlərinə heç kim cavab vermir, Arif Hacılının iki qardaşından başqa hamı susur. Bu da təsdiq edir ki, Müsavat Partiyası Arif Hacılı tərəfindən monopoliyaya götürülüb. Təbii ki, burada bilavasitə İsa Qəmbərin barmağı var”.

S.Novruzov Müsavatın gələcəyi ilə bağlı qənaətini də açıqlayıb:
“Ya təkrar qurultay keçirilməlidir, ya da yeni bir Müsavat Partiyası yaranacaq”.

“YEGANƏ FƏRQ BUDUR: STATUSU ƏVVƏLDƏN MÜƏYYƏNLƏŞDİRİRİK, YOXSA SONRAYA QALIR?”

Son günlərin əsas müzakirə mövzularından biri Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti Eldar Namazovun Ermənistanın “Razılıq” Siyasi və Hüquqi Təhqiqatlar Mərkəzinin direktoru David Şahnazaryanla birgə bəyanat imzalaması oldu. Finlandiyanın Helsinki şəhərində imzalanan birgə bəyanatda münaqişə tərəfləri hərbi ritorikaya, münaqişənin gərginləşməsinə yönələn siyasi və informasiya xarakterli aksiyalara son qoymağa, münaqişənin nizamlanması üçün “Yol xəritəsi”nin hazırlanmasına başlamağa çağırılıb. E.Namazov “Yeni Müsavat”a müsahibəsində deyir ki, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planını həm rəsmi Bakı dəstəkləyir, həm o vaxtı hakimiyyət və rəsmi İrəvan da dəstəkləmişdi. İndi də həmin mövqedə olan kifayət qədər insanlar var.

Eldar Namazov
Eldar Namazov

“Onlar da hesab edirlər ki, 17 ildir əvvəlcə Köçəryan, sonra Sərkisyan erməni xalqını aldadır və 17 il itirilmiş illərdir. Biz 1997-ci ildə mərhələli planın icrasına başlasaydıq, artıq Qarabağ probleminin 90 faizi artıq həllini tapmışdı, status məsələsi də gələcəyə qalacaqdı. Bu mərhələli plana Azərbaycan hakimiyyəti də razıdır, o vaxt müxalifət də bəyan etdi ki, bu planla razılaşır, Ermənistanda da mərhələli plana razı olan qüvvələr, ictimai qrupları da var. Ancaq Sərkisyanın təklif etdiyi variantı Ermənistanda tənqid edənlər var, Azərbaycanda da kimsə tapılmaz ki, Köçəryan, ya Sərkisyanın dediklərini qəbul etsin. Şəxsən mənim beynəlxalq aləmdə apardığım işlərimin məğzi ondan ibarətdir ki, 17 ildir Köçəryan, sonra da Sərkisyan sizi də aldadır, öz millətini də. Paket variantı, Dağlıq Qarabağın “müstəqilliyinin” Azərbaycan tərəfindən tanınmaq məsələsi mümkün deyil, xülyadır.

- Yəni Sərkisyan iqtidarında mərhələli nizamlamanı qəbul edən kimsə yoxdur?

- Mən ümumi mənzərəni deyirəm, hər bir fərdin mövqeyi ilə tanış deyiləm. Paket, yoxsa mərhələli plan mübarizəsi bu gün də davam edir. Adlarını çəkmirlər. Baxsanız ümumiyyətlə, sülh planlarının 95 faizi eynidir. Yeganə fərq budur: statusu əvvəldən müəyyənləşdiririk, yoxsa sonraya qalır? Azərbaycan bu məsələdə həddindən artıq böyük güzəştə gedib. Mən hakimiyyətdə çalışdığım dövrdə çoxlu sayda sənədlər çap olunub. Heydər Əliyevin rəhbərliyi dövründə Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyənləşdirilməsi prinsipi olmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG