Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:13

Qərb Gürcüstanı müdafiə etməkdən niyə çəkinir?


Rusiyada qeyri-leqal yaşayan gürcülər deportasiya olunur. 6 oktyabr 2006
Rusiyada qeyri-leqal yaşayan gürcülər deportasiya olunur. 6 oktyabr 2006

Gürcüstanla Rusiya arasında böhran dərinləşdiyi bir vaxtda Kreml Tbilisinin Qərbdəki dostlarına xəbərdarlıq etmişdi ki, bu işə qarışmasınlar. Rusiya rəsmiləri aydın bəyan etdilər ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin dəstək kimi başa düşə biləcəyi bəyanat və əməllərdən dost ölkələr çəkinməlidir. O biri tərəfdən, Birləşmiş Ştatların və Avropa ölkələrinin Tbilisi və Moskva arasındakı gərginlik barədə indiyə qədərki bəyanatlarının məzmunu bu olub ki, tərəflər ziddiyyəti dinc yolla həll etsinlər.


Belə bir sual ortaya çıxır ki, Qərbin böhrana sönük reaksiyası Kremlin xəbərdarlığı ilə bağlıdırmı? «Azadlıq» radiosunun müxbirləri Brüssel və Vaşinqtondakı ekspertlərdən bu suala cavab almağa çalışıblar.


Corc Vaşinqton Universitetinin iqtisadi və beynəlxalq məsələlər üzrə professoru Ceyms Milara görə, Avropa Birliyi Gürcüstanı müdafiə etməyi Birləşmiş Ştatların öhdəsinə buraxmağa meyllidir: «Düşünürəm ki, Avropa Birliyi Gürcüstan məsələsinə qarışmamaq mövqeyindədir və Tbilisini müdafiə rolunu Birləşmiş Ştatların öhdəsinə buraxmaq istəyir».


Gürcüstan məsələsi Avropa Birliyinin siyasətində o qədər də önəmli yer tutmur
Brüsseldəki Avropa Siyasət Mərkəzinin təhlilçisi Amanda Akçakoca da hesab edir ki, Avropa Birliyi formal bəyanat verməkdən o yana getməyəcək: «Şəxsən mən düşünmürəm ki, Avropa Birliyi bəzi formal bəyanatlardan savayı güclü bir formada reaksiya versin. Çünki Avropa Birliyi tarixən Rusiyanı narazı salmaq istəməyib». Amanda hesab edir ki, Kreml Gürcüstana qarşı bir ölçü götürsə də, götürməsə də Avropa Birliyindən formal bəyanatdan başqa nəsə gözləmək çətindir.


O biri tərəfdən, hüquq fəalları Rusiyanın ölkədəki etnik gürcülərə qarşı tədbirlərini ayrı-seçkilik sayırlar və belə hallarda adətən Qərb öz kəskin münasibətini bildirir.


Amma Avropa Birliyi kimi, Birləşmiş Ştatlar da hələ ki, Rusiyanı Gürcüstana və ölkədəki gürcülərə qarşı tədbirlərdən birbaşa çəkinməyə çağıran bəyanat verməyib. Vaşinqtondan olan təhlilçi Milar bunu fərqli yozur. O, ABŞ-ın ehtiyatlı davranışını Rusiyanın mövqeyi ilə barışmaq hesab etmir: «Gördüyümdən belə nəticə çıxarıram ki, Birləşmiş Ştatlar problemi qızışdıran kimi görsənməmək üçün çox ehtiyatlıdır. Çünki rusiyalılar bunu səhv yerə yoza bilərlər. Ancaq məncə, Rusiya başa düşməlidir ki, Birləşmiş Ştatlar əslində, Moskvanın Gürcüstana müdaxiləsinə yol verməyə hazır deyil. Ancaq bu, çox gərgin şəraitdir və ümid edə bilərsiniz ki, Saakaşvili hələ əlini üzməyib».


Akçakoca isə hesab edir ki, Avropa Birliyi praqmatik bir mövqe tutmağa çalışır. Təhlilçi belə mövqenin tərəflərdən hansınasa bir səmərə verəcəyinə inanmır: «Düşünürəm ki, Avropa Birliyi praqmatik bir yol tutmağa çalışır. Dediyim odur ki, o, iki ölkəni sakitliyə çağırır, realist yanaşma yolunu tutur. O bir tərəfdən, Gürcüstanı işini ehtiyatlı tutmağa, Rusiyaya münasibətini dəyişməyə səsləyir. Başqa bir tərəfdən, Rusiyanı Gürcüstana qarşı sanksiyalardan daşınmağa çağırır. Amma indiki anda düşünmürəm ki, bu tərəflərdən hansı üçünsə müsbət bir nəticə versin».


Milar deyir ki, Gürcüstan məsələsi Avropa Birliyinin siyasətində o qədər də önəmli yer tutmur ki, avropalılar narahat olsunlar. Və bir də çoxları düşünür ki, Rusiya Gürcüstana müdaxilə etməz.



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG