-
Elmar Şahmar
ŞEİRLƏR
***
...göydələnlər çox maraqlı görünər
intihar etmək üçün
alçaldılmış insanların yer seçimində...
...öncə yaşamaq ümidi intihar edər
özlərindən və hər şeydən əvvəl
ölümə doğru uçanların içində...
...geri dönməz bu dünyadan gedənlər
heç ruhları da qayıtmaz daha
uçub gedər uzaqlara durnaların köçündə...
***
Nə keçmişi yada salıb
qəlb sıxmalı havadı... -
Buludlara baxıb-baxıb
darıxmalı havadı...
...bu gün səninçün ilk dəfə
əsgər kimi ağladım,
bir kimsə görməsin deyə
yastığı qucağladım.
bu gün səninçün ilk dəfə
buludlar da ağladı,
Yağış yaşıl yarpaqların
tozunu sığalladı...
mənə qalsa, sənin üçün
darıxmaqdan ölərdim,
məni arzular qorudu,
məni ümid saxladı...
Nə gözlərə baxıb-baxıb
əl tutmalı havadı... -
Sevgidən başqa hər şeyi
unutmalı havadı...
* * *
Gözlər - baxılmağadı,
əllər - tutulmağa.
Sevgi - əzab çəkməyədi,
insan - unudulmağa...
Yanaqlar - oxşamağadı,
dodaqlar - öpülməyə.
Qulaqlar - pıçıldamağadı,
saçlar - ah səpilməyə...
Torpaq - ona qayıtmağadı,
dünya - qonaq gəlməyə.
Həyat - bəzən yaşamağadı,
bəzən ölməyə...
Ayrılıqlar şahı
Səndən əvvəl kimlər olub - bilirsən?
Bilirsənmi neçə qızın ahıyam?
Bilməz nədir: ürəyim qəm, gözüm nəm,
Mən çoxdanın ayrılıqlar şahıyam.
Məni kimlər qarğışlayıb - bilirsən?
Bilirsənmi neçə ürək daş olub?
Neçə qızın daşa dəyib sevgisi,
Neçəsinin gül yanağı yaş olub?
Nə qədər göz yollarıma dikilib,
Nə qədər qız yol gözləyib - yorulub?
Bilirsənmi, səndən əvvəl neçəsi
Məni sevib, sevib, sevib yorulub?
Sən də onlardan birisən - bilirsən?
Məni sevdin axı nəyçün və niyə?
İstəyirsən mənimçün öl - inan ki,
Şah olandan inanmıram sevgiyə.
Mənimki vaxt keçirməkdi - bilirsən,
Bilirsənmi neçə vaxtdı daşam mən?
Mən çoxdanın ayrılıqlar şahıyam,
Eşqə dolu, ayrılığa boşam mən.
Darıxdığım
Ay yuxudan durmamış
surətinə baxdığım,
Sənin üçün darıxdım,
necəsən darıxdığım?
Bir de görüm hardasan:
evdə, yolda, küçədə?
Səhərin qoynundasan,
ya qalmısan gecədə?
Bu səhər bu boz şəhər
geyinib solğun libas,
Sən yağış ol, mən bulud,
gəl özünü məndən as.
Demə gələ bilmərəm,
bəhanədi tıxaclar,
Yolunu gözləyirik:
külək, mən və ağaclar…
Boylanıram keçmişə,
arxada qalıb illər,
Səndən mənə xatirə:
mesajlar və şəkillər.
Düz yolunun üstdəyəm,
əllərimdə çiçəklər…
Uzaqdan bir səs gəlir:
gözlə, gəlməyəcəklər…
Yenə gəlir: göylərə
bax bir dənə arzu tut,
Arzu tutdum gələsən,
gözünü sıxdı bulud.
Danış da, bu sənmisən,
yoxsa yağış başladı?
Ümidlərim titrədi,
baxışlarım daşladı.
Ah da var sinəmdəki
dağların arasında,
Gəlsən, yaş da görərsən
gözümün qarasında.
Ay gözümün yaşıyla
yollarına axdığım,
Bəsdi yollara baxdım,
hardasan, darıxdığım?...