Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:00

«REAL Hərəkatı partiyaya çevrilir, amma rəsmi üzvlərsiz»


Natiq Cəfərli
Natiq Cəfərli

-

Gözlə

No media source currently available

0:00 0:04:48 0:00
Direct-ə keçid

Respublikaçılar Alternativ Hərəkatı – REAL partiyaya çevriləcək. Təşkilatçıların fikrincə, hədəf – Azərbaycanda yeni və Qərb təcrübəsinə uyğun partiya yaratmaqdır. REAL-ın idarə heyətinin üzvü Natiq Cəfərli AzadlıqRadiosunun suallarını cavablandırıb.

– REAL Hərəkatının partiyaya çevrilməsi ideyası necə doğdu, bu fikrə nə təkan verdi?

– Ötənilki prezident seçkilərindən sonra 2014-cü ildə parlament tipli partiya quracağımızı söyləmişdik. Azərbaycan qanunvericiliyinə uyğun, amma struktur və fəaliyyəti baxımından tam fərqli bir partiyadan söhbət gedir. Tutalım, Amerikada Respublikaçılar Partiyasının rəsmi üzvləri yoxdur. Mərkəzi qərargah həm senat, həm də konqres seçkilərinə göz qoyur, seçkiyə hazırlıq görür. Biz də Amerika və Avropada çoxdan tətbiq edilən bu təcrübədən yararlanacağıq. Əsas hədəfimiz üzvlük siyasəti deyil, çevrə qurmaq, tərəfdar və seçici qazanmaq olacaq. Bakı və regionlardakı 25 dairədə işlər bitib. Gələn il bu işləri daha da sürətləndirəcəyik.

– Partiya nə vaxt qeydiyyatdan keçiriləcək?

– Hazırda REAL-ın 1500-ə yaxın üzvü var. Azərbaycan qanunvericiliyinə görə, min nəfər üzvü olan partiya qeydiyyatdan keçə bilər. Biz simvolik olaraq partiyanı 28 may 2015-ci ildə qeydiyyatdan keçirməyi planlayırıq.

– Belə anlaşılır ki, partiya daha çox parlament seçkilərində maraqlı olduğundan builki bələdiyyə seçkilərinə diqqət ayırmayacaq?

– Builki bələdiyyə seçkilərinə qatılıb-qatılmamaqla bağlı son qərar gələn həftə – idarə heyətinin toplantısında veriləcək. İlkin olaraq onu deyə bilərəm ki, Azərbaycan bələdiyyələrinin aşağı statusu, vətəndaşların bu seçkilərə marağının azlığı, üstəlik, hökumətin bələdiyyələrin statusunda hər hansı dəyişikliyə getmək fikrinin olmaması bizi «bələdiyyə seçkilərinə qatılmayacağıq» qənaətinə yaxınlaşdırır. Azı o üzdən ki, insanları səfərbər edib seçkilərə gətirmək çətindir. Seçkilərə maraq duymadığına görə seçiciləri də qınaya bilmərik, axı Azərbaycanda bələdiyyələrin vəziyyəti, düşdükləri acınacaqlı durum göz qabağındadır. Belə olan halda, çətin ki, seçkilərə qatılaq. Amma son qərar gələn həftə veriləcək.

– Son prezident seçkisində imzatoplama sarıdan bəlli çətinlikləriniz olmuşdu – imzaları son günlərdə toplayıb MSK-ya çatdıra bilmişdiniz. Bəs parlament seçkilərində seçici səsi qazanacağınızdan nə dərəcədə ümidlisiniz?

– Prezident seçkiləri ilə parlament seçkiləri arasında fərq var. Prezident seçkilərində 40 min imza tələb olunurdu. REAL azı 42 min imza toplaya bildi. Məncə, sədri həbsdə olan, əhali arasında o qədər də tanınmayan bir partiyanın bu qədər imza toplaması o qədər də pis göstərici deyil. Partiyalaşmağımıza dair qərarda da bu amil ciddi rol oynadı. Deməli, yeni simaları olan partiyanın yaradılmasına sosial sifariş vardı. O üzdən partiya yaratmaq fikrinə düşdük.

– Azərbaycandakı real seçki mühitini gözə almaqla, parlamentdə neçə üzvlə təmsil oluna biləcəyinizi düşünürsünüz?

– Bu sualın cavabı 2015-ci ilin payızında ölkədəki ictimai-siyasi durumun necəliyindən asılıdır. Azərbaycandakı seçkilər beynəlxalq birliyin diqqət hədəfində olacaq. Son dövrlər diqqət çoxalıb, düşünürəm bundan sonra da artacaq. Azərbaycanda indiyədək heç bir demokratik seçki olmayıb. Bütün bunları nəzərə almışıq. Bizim namizədlər onlara verilən hər bir səsi qoruyacaq. Sonadək mübarizə aparılacaq, bütün addımlar atılacaq – Avropa İnsan Haqları Məhkəməsinədək.

– Dediniz ki, yeni partiyanın yaranmasına cəmiyyətdən sosial sifariş var. Azərbaycanda çox sayda siyasi partiya varsa, sizcə, bu sifarişi doğuran səbəblər nədir?

– İndiyədək yaradılan partiyaların tarixçəsinə nəzər salsaq, görərik ki, o partiyalar 80-ci illərin xalq hərəkatı dalğasında qurulub. Hamısı da tək lider ətrafında yaranmış partiyalardır. Müstəqilliyin qazanılmasında o lider və partiyaların əməyi çox olub. Bunu kimsə danmır, amma müstəqilliyin qazanılmasından 23 il ötüb. Yaş qrupu ilə götürsək, bu 23 ildə 5 yeni seçici nəsli seçilib, azı, 2 milyon yeni seçici yaranıb. Yeni seçici kütləsi 80-ci illərdə yaranmış partiya platformalarında özünü görmür. Sosial sifariş də məhz yeni simalı partiyaların, yeni siyasi qüvvələrin yaranmasınadır.

– Nizamnamə çərçivəsində hər hansı siyasi partiya ilə əməkdaşlığı nəzərdən keçirirsiniz?

– Azərbaycanda, təəssüflər ki, indiyədək bütün birlik modelləri şəxslər ətrafında olub. Son seçkilərdə bir daha bunu gördük. İndiyə qədərki birlik modellərinin hamısı uğursuz nəticələnib. Seçkilər ərəfəsində şəxslər ətrafında deyil, dəyərlər, məqsəd və proqramlar ətrafında birlik modeli formalaşarsa, REAL orada ola bilər. Yox, yenə şəxslər ətrafında birlik olacaqsa, REAL bu proseslərə qoşulmayacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG