Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:20

Astarada ala-yarımçıq seçki ovqatı...


Bələdiyyə seçkisi
Bələdiyyə seçkisi

-

Gözlə

No media source currently available

0:00 0:04:52 0:00
Direct-ə keçid

Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə əyalət müxalifətində bir elə də maraq hiss olunmur. Ancaq heç də onların hamısı mübarizədən əl çəkmək niyyətində deyil. Astara şəhər sakini Elçin İbrahimli bələdiyyə seçkilərin əksəriyyətində iştirak edib.

O, üstəlik məntəqə seçki komissiyasında müxalifəti də təmsil edib. Məntəqədə qanun pozuntularına qarşı çıxdığını və bu üzdən müxtəlif təzyiqlərə məruz qaldığını deyir. Lakin məqsədindən dönməyib. Növbəti bələdiyyə seçkilərində namizəd kimi iştirak etmək barədə fikirləşir.

Deyir ki, ancaq qəti qərara gələ bilmir. Çünki seçkinin demokratik və ədalətli keçiriləcəyinə inanmır. O da bəziləri kimi düşünür ki, “bələdiyyələr indidən seçilib, kim olacaq, camaat bilir” :

“BƏLƏDİYYƏ ÜZVLƏRİNİ İCRA HAKİMİYYƏTLƏRİ SEÇİRLƏR”

“Bizdə 8 bələdiyyə var. İndidən bunların sədrləri, üzvlərin hamısı razılaşdırılıb. Biz də müxalifət partiyasından namizədliyimizi vermək istəyirik. Düşünürük ki, bunlar indidən hər şeyi hazırlayıblarsa bizim orda nə işimiz var? Bunlar haçan ölkədə azad seçki keçirdərlər? İmkan yox, mümkünat yox. Təbliğat yox. Hər şeyi əllərində cəmləyiblər. Bələdiyyə üzvlərini icra hakimiyyətləri seçirlər.”

Elçin İbrahimli, Astara sakini
Elçin İbrahimli, Astara sakini

O seçkilərə marağın azalmasının bir səbəbini də bələdiyyələrin sayının süni şəkildə azaldılmasında görür. Elçin İbrahimli ərazisində bələdiyyəsi olmayan kənd sakinlərinin bu seçkiyə maraqları olmadığını deyir. Onun sözlərinə görə, bələdiyyələrin sayına uyğun olaraq fəalıq da olurdu. Bələdiyyə üzvlüyünə namizədliyini verən kənd sakini öz tayfasını seçkiyə aparırdı.

Ədalət partiyası Lənkəran rayon təşkilatın sədri Rahim Nuriyev belə bir vəziyyətin yaranmasını seçkilərin qeyri demokratik keçirilməsində görür. O deyir ki, indi də seçki mühiti heç də yaxşı deyil:

“Seçki mühiti bütün respublikada necədir, Lənkəranda da elədir. Bələdiyyələrə namizədlər verilməlidir. Sonra da təbliğat dövrü olcaq.”

Rahim Nuriyev deyir ki, onların partiya üzvlərindən bələdiyyələrə namizədlər verilməyəcək. Çünki mənası yoxdur:

“BƏLƏDİYYƏ MÜSTƏQİL DEYİL”

“Namizədlər verilməyəcək. Çünki mənası yoxdur. İcra hakimiyyəti bütün rayonlarda əsasdır. Bələdiyyələri onlar formalaşdırır. Onlar adamları müəyyən edirlər. Onlardan başqa heç kim seçilmir. Biz istəmirik ki, yalandan demokratik fon yaradaq. Bəldiyyə icra hakimiyyətinə tabedir. Bələdiyyə müstəqil deyil. Bütün məsələləri icra hakimiyyəti həll edir .Ona görə də seçkidə iştirak etməyin mənası yoxdur. Hər şey həll olunub, qabaqcadan bilinir kimlər olacaq.”

Rahim Nuriyev deyir ki, siyasi partiyaların rayon təşkilatlarında bələdiyyə seçkilərində qələbə qazana biləcək kifayət qədər insanlar var.

Sosial baza da var:

“SONRA DEYİRLƏR Kİ, SOSİAL BAZA YOXDUR”

“Sonra deyirlər ki, sosial baza yoxdur. Xalq onları seçmədi, onlar keçdi.”

Müsavat partiyası Masallı rayon təşkilatın sədri Xasay Səfəroğlu da bələdiyyə seçkiləri ilə bağlı oxşar fikirlər söyləyir. O da deyir ki, əhalidə aktivlik yoxdur. Hal bu ki, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr daha çox kənd yerlərində lazımdır:

“SEÇKİYƏ İNANMIRLAR”

“Bələdiyyə seçkilərinə rəsmi start verilib. Amma bu yerlərdə hiss olunmur. Rəqabət mühiti çox aşağıdır. Bu da bələdiyyələrə inamsızlıqdan əmələ gəlir. Seçkiyə inanmırlar, düzgün keçiriləcəyinə inanmırlar. Bundan əvvəlki seçkilərdə rəqabət olub. İstər prezident seçkilərində, istərsə parlament seçkilərində , istərsə də bələdiyyə seçkilərində. ”

Xasay Səfəroğlu deyir ki, ötən bələdiyyəyə seçkilərində namizəd olub:

“TƏKRAR SEÇKİ TƏKRARƏN SAXTALAŞDIRILDI”

“Mən 2009-cu ildə namizəd olmuşam. Yüksək səviyyədə iştirak etmişik. Lakin o qədər saxtakarlıq baş verdi ki, biz məcbur olub Mərkəzi Seçki Komissiyasına şikayət verdik. O zaman mənim iştirak etdiyim Boradigahda seçkilərin nəticələri ləğv edildi. Təkrar seçki təkrarən saxtalaşdırıldı. Bu da insanlarda inamsızlıq yaradır. Seçkinin nəticələrinin saxtalaşdırılacağına əminlik yaradır. Bu baxımdan seçki prosesi çox passiv müşahidə olunur. ”

Arxiv foto
Arxiv foto

O bunla belə deyir ki, partiya üzvlərinin bu seçkidə iştirakına qadağa qoyulmayıb:

“Ayrı-ayrı dairələrdə, kəndlərdə və ya şəhər bələdiyyələrində müsavatdan seçkilərə qatılanlar olacaq. Şəxsən mənim fikrim belədir ki, bu seçki demokratik keçirilməyəcək.”

“BƏLƏDİYYƏ SEÇKİSİ YENƏ DƏ AZAD VƏ DEMOKRATİK KEÇƏCƏK”

YAP Astara rayon təşkilatın sədri Firudin Əhmədov isə seçki ilə bağlı heç bir problemin olmadığını və seçkiyə hazırlaşdığını bildirir. Onun deməsinə görə, partiya daxilində namizədlər müəyyənləşdirilir. Lakin istənilən partiya üzvü namizədliyini verməkdə sərbəstdir. Firudin Əhmədov hesab edir ki, bələdiyyə seçkisi yüksək səviyyədə, əvvəllər olduğu kimi yenə də azad və demokratik keçəcək.

XS
SM
MD
LG