Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:50

Azərbaycan prezidenti gənclər arasında işsizliyin azaldığını deyir


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

-

«Gənclər siyasəti öz müstəqilliyini 23 il əvvəl bərpa etmiş Azərbaycan dövlətinin fəaliyyətində prioritet istiqamətlərdəndir. Bu siyasəti uğurla həyata keçirmək üçün ölkəmizdə əlverişli sosial-iqtisadi və ictimai-siyasi şərait yaradılıb». APA-nın məlumatına görə, bu sözlər Azərbaycan prezidenti İlham Əliyevin Bakıda keçirilən Gənclər siyasəti üzrə I Qlobal Forumun iştirakçılarına müraciətindəndir.

TOLERANTLIQ DƏRİN KÖK SALIB

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun oxuduğu müraciətdə bildirilir ki, son illər aparılan ardıcıl islahatlar sayəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin bütün təbəqələri, o cümlədən gənclər arasında yoxsulluğun və işsizliyin səviyyəsi xeyli azalıb.

«Təhsil, səhiyyə, mədəniyyət və idmanın maddi-texniki bazası möhkəmlənib, cəmiyyətdə davamlı sabitlik bərqərar olub.

Gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialın üzə çıxarılması, sosial-məişət və məşğulluq problemlərinin həlli sayəsində kompleks tədbirlərin görülməsi diqqət mərkəzindədir. Son 10 ildə müvafiq dövlət proqramları həyata keçirilib, gənclər təşkilatlarının layihə və təşəbbüslərinə dəstək verən fond yaradılıb.

DÖVLƏT VƏ QHT-LƏR ARASINDA TƏCRÜBƏ MÜBADİLƏSİ

Müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla qurulan ikitərəfli və çoxtərəfli əlaqələr, irimiqyaslı tədbirlərin təşkilində qazanılmış təcrübə son illər Azərbaycanın region, qitə və dünya səviyyəli forumlara, zirvə toplantılarına və idman yarışlarına ev sahibliyi etməsinə imkan verib.

Əminəm ki, Gənclər siyasəti üzrə 1-ci Qlobal Forum da həmin tədbirlər sırasında layiqli yer tutacaq. Biz forumun Bakı şəhərində keçirilməsini yüksək qiymətləndiririk. Hesab edirik ki, bu toplantı problemlərin həlli yollarının araşdırılması, iştirakçı dövlətlərin dövlət orqanları və qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyəti olacaq. Forumun işinə uğurlar arzu edirəm», - deyə müraciətdə qeyd olunur.

XS
SM
MD
LG