Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 02:06

Qəzaya düşən maşınların sürücüləri sığorta pulunu tam ala bilmirlər...


Şikayətçi Həsən Avşarov

-

Gəncədə bəzi sürücülər «Azsığorta» şirkətindən şikayətçidirlər. Şəhər sakini Həsən Avşarov deyir ki, illərdir sürdüyü avtomobilini icbari sığorta elətdirib. Düşünüb ki, «Allah eləməsin bir qəzaya düşsə dəyən ziyandan asan qurtulacaq».

Özü dediyinə görə, indiyədək sükan arxasında hər hansı təhlükəli vəziyyəti yaratmasa da, avqust ayında zəncirvari qəzaya düşüb. Avtomobilinə 810 manatadək zərər dəyib. İndi şikayətlənir ki, sığorta şirkəti ona cəmi 280 manat verməklə yaxasını kənara çəkir:

«MADDİ ZİYANI KOMİSSİYA HESABLADI...»

«Saatda 15 klometrlə hərəkət edirdi maşın. Qəzanı törədən maşın gəlib bir maşını vurub, sonra idarəetməni itirib gedib 2-ci maşına dəyib. Sonra da yönəlib gəlib mənə dəyib. Ehtiyat hissələrini tapa bilmirdim, bahadır. Maşınım furqonladır deyə, detalları çətin tapılır. Qapı sıradan çıxıb. Maddi ziyanı komissiya hesabladı, düz 810 manat oldu. Əslində çox xərcim çıxıb. Mən sığortanı istəsəm də, istəməsəm də ödəyirəm».

Həsən Avşarov deyir ki, «Azsığorta» şirkəti ilə müqavilə bağlayanda bütün müddəaları oxuyub, imzalayıb. Ona xətər törədən maşın da sözügedən sığorta şirkəti ilə müqaviləlidir. İndi Avşarov deyir ki, həmin müqaviləyə əsasən şirkət ona dəyən ziyanı mütləq ödəməlidir.

«SIĞORTA ETDİRMƏK MÜTLƏQDİRSƏ, MÜQAVİLƏ DƏ MÜTLƏQ OLMALIDIR»

«Sığorta etdirmək mütləqdirsə, müqavilə də mütləq olmalıdır. Məndən sığorta üçün pul götürürsənsə, 3-cü tərəfə dəyən ziyanı ödəməlisən, amma etmirlər. 34 faiz ödədilər. 810 manatın qabağında 200 manat pul verir mənə. Məni qane etmədi deyə, gedib pul götürmürəm. Mənə məktub yazıblar ki, şikayətin əsassızdır».

Həsən Avşarov ilk olaraq «Azsığorta» şirkətinə ərizə yazıb, haqlarını bərpa etmək istəyib. Məktuba cavab olaraq şirkət onun şikayətinin əsassız olmasını yazıb, göndərib. Şikayətçi sürücü deyir ki, heç bir qanuni əsaslanma olmadan cavab yazan sığorta şirkətinə güvəni itib. Bu üzdən Gəncə şəhər məhkəməsinə ərizə ilə müraciət edib. Haqqını qanuni yollarla tələb etmək istəyir.

Gəncə sakini Yasin Əliyevin də bu sığorta şirkəti ümidlərini puç edib. Onun maşınına da qəzada komissiyanın rəyinə görə 2600 manat ziyan dəyib. Ancaq bu xərcin cəmi 500 manatını ödəyiblər:

«2600 MANATIN ƏVƏZİNDƏ CƏMİ 500 MANAT VERİLDİ»

«Müqavilədə göstərilir ki, 5 min manatadək pul verilir. Təyin olunmuş 2600 manatın əvəzində cəmi 500 manat verildi. Müraciət edirik deyir məhkəməyə ver. Hamımız iş adamıyıq vaxt yoxdur. Bezdirirlər».

Şikayətçilərin iddiaları ilə bağlı Azsığorta şirkətinin ərazi üzrə nümayəndəsi Seymur Çobanovla danışdıq. Müsahib bildirdi ki, Həsən Avşarova 280 manatdan əlavə, yenidən 170 manat verməyi qərara alıblar. Hansı yanlışlığa aydınlıq gətirildiyini deməsə də, bildirdi ki, vəsait yenə qane etmirsə o başqa instansiyalara müraciət edə bilər.

«ONA ƏLAVƏ PUL AYRILIB»

«Ona əlavə 170 manat ayrılıb. İstədiyi vaxt gəlib götürə bilər. Mən vasitəçiyəm».

Həsən Avşarov isə bildirir ki, məhkəmə yolu ilə olsa belə haqqını tələb edəcək. Avtomobilinə dəyən ziyanın tam məbləğini ala bilmək üçün mübarizə aparacaq.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG