Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:32

Kasıblara pulsuz tibbi xidmət göstərənin evini yarıblar-Mətbuat icmalı


 Edhi
Edhi

-

Pakistanda 88 yaşlı bir kişi var. Onu Nobel sülh mükafatına ən layiq adam bilirlər. Kasıblara pulsuz tibbi xidməti yaradan bu adamın evinin yarılması Pakistanda hamını şoka salıb.

Çin lideri korrupsiya ilə mübarizə aparacağını deyəndə çoxları buna inanmırdı. Ancaq Xi Jinping zarafat etmir.

Tunisdə inqilbadan sonra qaçan Ben Ali üçün indi darıxanlar var.

Ukraynaya silah verin. Neftin qiymətinin düşməyinə Rusiya çox dözə bilməyəcək.

Dünya mediası bu gün nədən yazır?

Guardian qəzeti yazır ki, Pakistanda hamını şoka salan hadisə baş verib. Ölkənin kasıblarına pulsuz tibbi xidməti təşkil edən, Pakistanın ən böyük səhiyyə xeyriyyə təşkilatı yaradan Abdula Sattar Edhinin evinə silahlı oğrular hücum edib. Onun evindən 5 kq qızıl və 200 min dollar pul aparıblar.

Edhinin 88 yaşı var. O bütün ömrünü xeyriyyə təşkilatını qurmağa sərf edib ki, kasıblar xəstələnəndə müalicə oluna bilsinlər. Pakistanda bir çoxları deyir ki, Nobel sülh mükafatını almağa Edhinin daha çox haqqı var, nəinki məsələn, bu mükafatın verildiyi 17 yaşlı pakistanlı qız Malala Yusufzalın.

Edhinin evinə gələnlər o qədər çoxdur ki, 10 silahlı adam evə girəndə hətta bilməyiblər ki, bunlar oğru-quldurlardır. . Edhinin nəvəsi deyir ki, onlar silahı Edhinin başına dirəyib, açarları istədilər.

Edhinin evindən aparılan qızıl və pullar isə onun və xeyriyyə cəmiyyətinin deyil. Bir çoxları pullarını və qızıllarını Edhiyə verirmiş ki, o, bunları xeyriyyə cəmiyyətində saxlasın. Fikirləşirlərmiş ki, bu, daha təhlükəsizdir.

Karachidə olan bu hadisə haqda yerli qocaman siyasətçi Sherry Rehman deyir ki, Edhi Karachinin rəmzidir. Onu qarət etmək ağlagəlməz işdir.

Edhi kasıblar üçün təcili yardımlar, tibbi xidmətlər təşkil edib. O, xəstəxanalar açıb. Onun hətta təcili yardım təyyarəsi var.

Onun bu nəhəng təşkilatı 1950-ci illərdən başlanıb. O vaxt qrip epidemiyası olanda Edhi bankdan borc alıb, bu pula dərmanlar alırdı və kasıblara pulsuz paylayırdı. O həmin pula çadırlar alıb, bunlara evsizləri yerləşdirirdi.

Guardain yazır ki, Pakistanda hər gün terror, hər gün ölüm hadisələri olur. Belə hadisələrə öyrəşmiş pakistanlılar Edhinin evinin yarılmasından şoka düşüblər.

BEN ALİ ÜÇÜN DARIXANLAR VAR

New York Times qəzeti yazır ki, Ərəb baharının başlandığı Tunisdə gələn həftəsonu parlament seçkiləridir. 2011-ci ildə prezident Zine el-Abidine Ben Ali ölkədən qaçdı. O vaxtdan qiymətlər qalxıb, işsizlik və terrorizm artıb.

2011-ci ildə- inqilabdan dərhal sonra keçirilən parlament seçkilərini islamçılar uddu, keçən ildən isə islamçı hökumətə qarşı etirazlar başlayıb, buna da dünyəvi dövlət tərəfdarları başçılıq edir.

Hətta bəziləri deyir ki, Ben Alini qaytarmaq lazımdır.

Qəzet yazır ki, Ben Ali dövrünün ucuz qiymətləri, təhlükəsizliyi və təmiz küçələri üçün darıxanlar var. 5 uşaq anası Fatima deyir ki, Ben Ali qayıtsa, onu gedib hava limanında qarşılayacaq. “Deyirlər Ben Ali oğurlayıb. Bunun belə olub-olmadığını bir Allah bilir. Ancaq hətta oğurlayıbsa, o, kasıblardan heç vaxt oğurlamayıb”.

Bu nostalgiya Tunisdə bəzilərini narahat edir. Aparıcı jurnalistlər isə “7 can” adında sənədli film çəkiblər ki, necə olur ki, Ben Ali dövründəki repressiyalar , işgəncələr yaddan çıxır?

Pew Araşdırma Mərkəzinin son sorğusuna görə, Tunisdə 59 faiz möhkəm əlin tərəfdarıdır. İki il əvvəl belə lider arzusunda olanlar 37 faiz idi.

Parlament seçkilərindən bir ay sonra prezident seçkiləri olmalıdır. Prezidentliyə namizəd Ahmed Nejib Chebbi deyir ki, “köhnə rejim həmişə altdan-altdan işləyir”.

Uzun illər dissident olan Chebbi deyir ki, “Köhnə rejimin qayıtma riski var. Maskalanıb qayıda bilər. Bu, demokratik prosesə təhlükədir”.

ÇİNDƏ BİRDƏFƏYƏ ALINAN ORTA RÜŞVƏT 225 MİN DOLLARDIR

New York Times qəzetinin başlığı belədir: “Çində xroniki kommunizm”. Çin lideri Xi Jinping partiyanın baş katibi olan kimi - 2012-ci ilin sonlarında korrupsiya ilə mübarizəyə başladı. Hamı fikirləşirdi ki, bir-iki nəfərin işdən çıxarılması, tutulması ilə bu kampaniya başa çatcaq.

Ancaq Çin lideri korrupsiya ilə mübarizəsini inamla davam etdirir.

Qəzet yazır ki, korrupsiyaya görə tutulanların məhkəməsindən verilən məlumatlar əsasında Çin mediası bir dəfəyə alınan rüşvətin orta qiymətini çıxardıb. Məlum olur ki, 2000-ci ildə bir dəfəyə alınan orta rüşvət 91 min dollar idisə, 2009-cu ildə rüşvət alan orta hesabla 225 min dollar alırdı. Bu da rüşvətdə 2 dəfədən çox artımdır.

Çində məmurların korrupsiya mənbələrinin biri infrastruktur layihələrinə dövlətin xərcləridir. Çinin uzun müddət dəmiryolu naziri olan Zhijunu ölümə məhkum edəndə onun 10 milyon dollardan çox rüşvət aldığı sübut olunmuşdu.

Korrupsiyanın digər mənbəyi özəlləşmədir. Çinin daxili təhlükəsizlik rəhbəri Zhou Yongkangın böyük oğlu Çin Milli Neft Korporasiyasında iki neft blokunu 3,2 milyon dollara aldı, tezliklə 80 milyon dollara satdı.

Qəzet yazır ki, Çində korrupsiya problemdir, baş katib bununla qəti mübarizə aparır. Ancaq onun mübarizəsi risklidir. Çünki 1980-ci illərdə korrupsiya halları ayrı-ayrı fərdlərlə bağlı idisə, indi dövlət məmurları ilə birlikdə iş adamlarını əhatə edir. İndi korrupsiya sistemlidir.

Qəzet yazır ki, Xi Jinpingin mübarizəsi risklidir, ancaq lazımlıdır, çünki korrtupsiya Çinin partiya-dövlətini içəridən yeyir.

NEFTİN QİYMƏTİ VƏ RUSİYA

Financial Times qəzeti yazır ki, neftin aşağı qiymətlərinə Rusiya dözə bilər, ancaq uzun müddət yox. Neft və qaz satışı Rusiyanın bütün gəlirinin təxminən yarısıdır. Neftin qiymətinin bir barrelə 100 dollardan 80 dollara düşməyi Rusiyanın Daxili Məhslunu 2 faiz aşağı salır.

Ancaq Rusiyanın ən böyük problemi iqtisadiyyatın durğunluqda olmasıdır.

UKRAYNAYA SİLAH VERİN

Ukraynaya özünü müdafiəyə silah lazımdırsa, ona silah verin. Bunu Washington Post qəzetində Carl Levin və James İnhore yazırlar. Levin Senatın Silahlı Xidmətlər Komitəsinin sədridir. İnhore isə həmin komitənin üzvüdür.

Onlar hesab edirlər ki, indi Ukraynaya hərbi köməyin vaxtıdır. O cümlədən silah verməyin.

Senatorlar yazırlar ki, Putinin Ukraynadakı hərəkətləri nəinki Ukraynanın sabitliyini pozur, bu həm də Avropaya və ABŞ maraqlarına təhlükədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG