Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:01

Dünyanın ən adlı-sanlı aktrisası


Katharine Hepburn
Katharine Hepburn

-

«Mən ateistəm, vəssalam. Yalnız bir şeyə inanıram: bu dünyada hər kəs bir-birinə qarşı xeyirxah olmalıdı və biz insanlar üçün əlimizdən gələni eləməliyik»

Katharine Hepburn

Amerika Kino İnstitutunun bütün dövrlərin ən dahi aktrisası adlandırdığı Katharine Hepburn (Ketrin Höbbern) Hollivudun asi qızı idi.

Zahirən «arzular fabrikinin» standartlarına uymayan Ketrin hər fürsətdə əməlləri ilə də onun qaydalarını iqnor eləyirdi.

Dar paltarlı cazibədar gözəllərin dəbdə olduğu 40-cı illərdə aktrisa kişi kostyumları, slaks (qabardindən tikilən şalvar) geyinirdi.

Kosmetikadan, demək olar ki, istifadə eləmirdi, müsahibə vermirdi, kütlə içində görünməyi sevmirdi. Kinostudiya dəfələrlə onu dəyişməyə çalışmışdı, lakin heç nəyə nail olmamışdı.

Katharine Hepburn
Katharine Hepburn

​Hətta bir dəfə kostyumerlər Ketrinin şalvarını gizlətmişdilər ki, məcbur qalıb don geyinsin. O isə şalvarını geri alana qədər kinostudiyanın ərazisində alt paltarında gəzmişdi.

Dörd dəfə Oskara layiq görülmüşdü, 12 dəfə mükafata namizəd olmuşdu, amma mərasimlərin heç birinə getməmişdi. Əvəzində «ifritə ovu» dövrünün ən qızğın vaxtlarında kommunist həmkarlarını müdafiə eləmişdi.

12 may 1907-ci il təvəllüdlü Ketrin Houqton Höbbern Yeni İngiltərədə (ABŞ) həkim Tomas Norval Höbbernlə tanınmış feminist Ketrin Houqton Höbbernin ailəsində anadan olmuşdu. Valideynləri onu əsl aristokrat kimi böyütmüş, yaxşı təhsil vermişdilər. Ketrinin tarix və fəlsəfə üzrə dərəcəsi vardı, bir neçə dil bilirdi, qolfla, fiqurlu xizəksürmə və böyük tennislə məşğul olurdu. Ancaq o, aktrisa olmaq istəyirdi.

12 yaşında həvəskar tamaşalarda iştirak eləyirdi. Atası bundan narazı olsa da, inadkar qız onu yola gətirir və 19 yaşında 50 dollar yolpulu ilə birbaş Baltomora, Edvin Knopfun teatrına gedir. Knopf gənc aktrisanın fitri istedadını dərhal görür, ona «Çariça» və «Məşəlçilər» tamaşalarında epizodik rollar, «Böyük göl»də isə baş qəhrəmanın dublyorluğunu təklif eləyir.

Katharine Hepburn "Döyüşçünün əri" tamaşasında. 1932
Katharine Hepburn "Döyüşçünün əri" tamaşasında. 1932

​Baltimora gəldiyi andan ilk işi Frensis Robinson-Daffdan aktyorluq dərsləri almaq olan Höbbern məşqlərdə rolunu əsas oyunçudan daha yaxşı oynayır və Knopf baş rolu ona verir.

Lakin Ketrinin debütü uğursuz olur və Edvin Knopf onu işdən çıxarır.

Ancaq gənc aktrisa çox işsiz qalmır, tezliklə başqa teatrda səhnəyə çıxır.

Ketrin Höbbern avtobioqrafik kitabında həyatının bu dövrü haqqında

«Məni həmişə qovurdular.

«Parlamaq və sönmək» mənim alın yazım idi. Mən istənilən rolu götürüb oxumağı bacarırdım.

Hətta mövzunu bilməyəndə belə rolu hamıdan yaxşı oynayırdım! Mən gülməyi, ağlamağı bacarırdım.

Mənə həmişə rol verirdilər, amma sonra… sonra nəsə olurdu. (Ardı aktrisanı məşhurlaşdırmış "Boşanma haqda qanun" filminin treylerindən aşağıda)

Ya səsim batırdı, ya replikamı unudurdum, qızarırdım, sürətlə danışırdım. Tamaşaçının qarşısında daş kəsilirdim» yazırdı.Ketrini teatrdan çıxardırdılar, sonra yenə geri çağırırdılar.

Çünki aktrisa get-gedə tamaşaçıların da, tənqidçilərin də sevimlisinə çevrilməyə başlayır, oynadığı tamaşalar hər dəfə daha çox uğur qazanırdı.

​Ketrin Höbbern 1932-ci ildə «RKO» şirkəti ilə müqavilə bağlayıb «Boşanma haqqında qanun» filmi ilə kinoda debüt eləyəndə də eyni hal baş verir. Aktrisanın ardıcıl çəkildiyi filmlər- «Erkən şöhrət» (1933) «Oskar», «Kiçik qadınlar» (1933) isə Venesiya festivalının baş mükafatını qazansa da, gəlir gətirmir. 1938-c ildə Keri Qrantla birlikdə çəkildiyi «Balacanın

"Mary of Scotland" (1936) - Catherine Hepburn-ün çəkildiyi uğursuz filmlərdən
"Mary of Scotland" (1936) - Catherine Hepburn-ün çəkildiyi uğursuz filmlərdən

tərbiyəsi» filmindən sonra isə onu kinayə ilə «uğur zəhərləyicisi» adlandırırlar və Höbbern iki il müddətinə kinodan uzaqlaşır.

Yalnız bir dəfə «Küləklə sovrulanlar» ekranizasiyasında Skarlet rolunu oynamaq istəsə də, seçilmir.

Onda aktrisanın yaxın dostu, dramaturq Fil Barri özəl olaraq Ketrin üçün «Filadelfiya əhvalatı» adlı pyes yazır, hətta onun xahişi ilə finalı bir neçə dəfə dəyişir.

«Filadelfiya əhvalatı»nın premyerası 1933-cü ildə Nyu-Heyvendə, daha sonra isə Brodveydə olur.

Tamaşa gözlənildiyindən sox səs-küy yaradır, Brodveydə 415 dəfə oynanılır.

Bu tamaşanın sayəsində milyon dollardan çox qazanan «Qild» teatrı iflasdan qurtulur. Gəlirin dörddə biri isə Ketrinə çatır.

Kinostudiyalar pyesin ekranizasiya hüquqları uğrunda mübarizəyə başlayırlar.

Lakin Ketrin kiçik bir eşq macərası yaşadığı milyoner Hovard Hyuzun yardımı ilə bütün hüquqları alır və «MGM» studiyasına ultimatum göndərir: «Treysi Lord rolunu mən oynayacam, Ərlərimi Spenser Treysi və Klark Qeybl. Filmin rejissoru isə Corc Kyukor olacaq».

Uzun mübahisələrdən sonra Höbbern baş rolu və Kyukoru alır. Treysi və Qeyblin əvəzinə filmə Keri Qrantla Ceyms Stüart dəvət olunur.

1940-cı ildə ekranlara çıxan film tənqidçilər tərəfindən bir neçə dəfə mükafatlandırılır.

Catherine Hepburn ona "Oscar"ı gətirmiş Guess Who's Coming to Dinner (1967) filmində
Catherine Hepburn ona "Oscar"ı gətirmiş Guess Who's Coming to Dinner (1967) filmində

Siyasi jurnalistlə idman müxbirinin sevgisindən bəhs eləyən «İlin qadını» filmində də eyni əhvalat təkrarlanır.

Höbbern qəhrəmanının sevgilisi rolunun onda hələ tanış olmadığı, yalnız filmlərdə görüb adını eşitdiyi Spenser Treysiyə verilməyini istəyirdi və bu dəfə arzusuna çatır.

Tamaşaçılar tərəfindən çox bəyənilən «İlin qadını» filmi K.Höbbernə növbəti «Oskar» nominatlığını və həyatının yeganə sevgisini gətirir.

Ketrin Höbbern və Spenser Treysi iyirmi yeddi il davam eləyən münasibətləri ilə Hollivud tarixinin ən həsəd aparılan cütlüyünə, kitablar üçün mövzuya çevrilib. Qarson Keninin 1972-ci ildə yazdığı «Treysi və Höbbern: intim memuarlar» satış rekordu vuraraq bestseller olub.

S.Treysiyə qədər Ketrin bir dəfə ərdə olmuş, bir neçə yüngül sevgi macərası yaşamışdı.

21 yaşında uşaqlıq dostu Ladlau Oqden Smitə ərə gedən aktrisa məşhurlaşandan sonra bütün qərarları təkbaşına verir, Ladlounun etirazlarına baxmayaraq Hollivuda gedir.

Catherine Hepburn və Spencer Tracy
Catherine Hepburn və Spencer Tracy

Nəticə: bir ildən sonra onlar Yukatanada boşanırlar. Amma Ladlou Ketrini heç vaxt tək qoymur, ehtiyacı olduğu anlarda həmişə yanında olur. Aktrisa yaşlı vaxtlarında verdiyi müsahibələrdən birində ilk evliliyi haqqında «mən Leddi ilə həmişə heyvərə kimi davranmışam. O isə əsl mələk idi. Halbuki özümü mələk hesab eləyirdim» demişdi.

Spenser Treysi də evli idi və iki uşağına görə boşanmırdı. Amma arvadı ilə ayrı yaşayırdılar. Treysi kobud insan idi, çox içir, tez-tez özündən çıxırdı. Höbbern memuarlarında onunla münasibətləri haqqında «Ona qarşı qeyri-adi hisslər bəsləyirdim. Onun üçün hər şey eləməyə hazır idim. Mən Spenseri sevirdim, onun tələbləri hər şeydən öndə gəlirdi. Mənim üçün bu asan deyildi, çünki özüm də «mən, mən, mən» deməyi xoşlayanlardan idim» yazırdı.

S.Treysi 62-ci ildə ağır xəstələnəndə Ketrin bütün işlərini atıb düz beş il ona qulluq eləyir və yaradıcılığa da sevgilisinin ölümündən sonra qayıdır.

Qapalı insan olan, KİV-i, kütlə qarşısına çıxmağı sevməyən Ketrin Treysi haqqında suallara yalnız 1983-cü ildən- onun həyat yoldaşı Luizanın ölümündən sonra cavab verir və ömrünün sonuna qədər heç bir kişi ilə görüşmür.

Catherine Hepburn-ün məzarı
Catherine Hepburn-ün məzarı

Aktyor Piter Otul Ketrini dəstəkləmək üçün «Pələng qışda» filmində dəvət eləyir. Aktrisa kraliça Akvitanlı Eleonora roluna görə üçüncü «Oskar»ını qazanır.

90-cı illərin ortalarında səhhəti pisləşən aktrisanın vəziyyəti get-getə daha da ağırlaşır, ona Parkinson, artrit, göz xəstəliyi diaqnozları qoyulur. 2003-cü ildə

New York-da Katharine Hepburn-ün adını daşıyan küçə
New York-da Katharine Hepburn-ün adını daşıyan küçə

boynunda bədxassəli şiş tapılır, lakin yaşı çox olduğuna görə həkimlər tibbi müdaxilə etməmək qərarına gəlirlər.

Ketrin Höbbern 29 iyun 2003-cü ildə Konnektikut ştatında, Old-Seyburk adlı şəhərcikdə dünyasını dəyişir.

2003-cü il iyulun birində Brodvey, aktrisanın şərəfinə işıqlarını söndürür. Prezident Corc Buş vida niqtində Ketrin Höbberni «Amerika xalqının milli sərvəti» adlandırır.

Bir il sonra isə aktrisanın vəsiyyətinə əsasən bütün əşyaları Sotbisdə hərraca çıxarılır və 5,8 milyon dollara satılır.

Ömru boyu hər işində mükəmməlliyə can atan Ketrin Höbbern 85 yaşında çəkildiyi bioqrafik televiziya filminin son kadrında ölümdən qorxmadığını deyirdi:

“Mən ölümdən qorxmuram. Çox güman ki, o, uzun çəkən yuxu kimi gözəldi. Amma həqiqətin üzünə baxaraq etiraf eləməliyəm ki, vacib olan yalnız həyatımızı necə yaşadığımızdı”.

Aygün Aslanlı

XS
SM
MD
LG