Şəkinin Kiş kəndində yeni film çəkilib. Oktyabrın 3-də çəkilişi başa çatan «Körpü» adlı qısametrajlı bədii film dinlərarası münasibətlərdən bəhs edir. Layihəsinin icraçı direktoru Aynur Mustafayeva «Azadlıq» radiosuna bildirib ki, filmin qəhrəmanı Kiş kəndindəki alban abidəsini tədqiq edən əcnəbi memardır.
O, burada yerli əhalinin mədəniyyəti ilə tanış olur, tez-tez onlara qonaq gedir. Günlərin birində o, kənddəki toy şənliyində iştirak edərkən öz ailəsinin müsəlman terrorçularının törətdiyi terrorun qurbanı olduğunu eşidir. Bundan sonra onun kənd camaatına münasibəti dəyişir, kəndi tərk edəndə isə keçdiyi körpü dağılır, ayağı zədələnir. Kənd sakinlərindən olan bir qoca onun köməyinə gəlir, memar sonradan bilir ki, qocanın da qızını xristian olan adamlar vaxtilə öldürübmüş. Qocanın göstərdiyi kömək nəticəsində memar sağalıb yenidən ayağa qalxır, bundan sonra dağılmış körpü də bərpa olunur. Aynur Mustafayevanın sözlərinə görə, bu film dini və milli ayrı-seçkiliyə qarşı olan aksiyadır. Hazırda film üzərində montaj işləri gedir. Bir neçə aydan sonra «Körpü» tamaşaçılara təqdim olunacaq.
Filmin rejissorları Qırğızıstan, İran, Gürcüstan və Azərbaycandan olan gənclərdir. Əsər Gənc Film İstehsalçıları Assosiasiyasının «Edem-2006» layihəsi çərçivəsində çəkilib.
«Edem-2006» layihəsinin icraçı direktoru Aynur Mustafayeva deyir ki, filmin ssenarisini dörd ölkənin gənc kinematoqrafçıları iki həftə ərzində yazıblar.