Dünya xəbərləri
Çinin Sincan əyalətində iki nəfər ölüb, xeyli adam yaralanıb
Çinin rəsmi mediası xəbər verir ki, qərbi Sincan əyalətində partlayışlarda azı iki nəfər ölüb, xeyli adam yaralanıb. Partlayışlar Luntai dairəsinin azı 3 yerində baş verib. Luntai Sincanın mərkəzində, paytaxtdan 360 kilometr cənub-qərbdə yerləşir.
Son aylar Sincanda iğtişaşlar artıb. Buna görə regionun etnik uyğur yaraqlıları günahlandırılır.
Bütün xəbərləri izləyin
Tramp Səudiyyənin vəliəhd şahzadəsi ilə görüşəcək
Noyabrın 18-də ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının de-fakto lideri, vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşəcək. "Reuters" Vaşinqtonun Səudiyyəyə F-35 qırıcıları satışının, krallıqla bir sıra biznes sazişlərinin müzakirə olunacağını yazır.
MBS kimi tanınan bin Salman 2018-ci ildən bəri ilk dəfədir ABŞ-yə gedir. Həmin il Səudiyyənin agentləri ölkənin İstanbuldakı konsulluğunda Səudiyyənin tənqidçisi Camal Xaşoqini qətlə yetiriblər. ABŞ kəşfiyyatı jurnalistin tutulması və qətlinə məhz bin Salmanın göstəriş verməsi qənaətinə gəlib. Vəliəhd şahzadə əməliyyata sifariş verdiyini dansa da, krallığın de-fakto lideri olaraq məsuliyyətini etiraf edib.
Bin Salmanın Vaşinqtondakı isti qarşılanması isə Xaşoqinin qətlinin münasibətlərdə yaratdığı gərginliyin düzəlməsi əlaməti olacaq.
Trampın mayda krallığa səfəri zamanı Səudiyyə 600 milyard dollarlıq investisiya öhdəliyi götürüb. Ağ evdən yüksəkvəzifəli bir rəsmi "Reuters"ə deyib ki, ABŞ-Səudiyyə arasında texnologiya, istehsal, müdafiə və digər sahələr üzrə anlaşmalar gözlənilir.
ABŞ prezidenti noyabrın 18-də jurnalistlərə deyib: "Biz F-35-ləri Səudiyyəyə satacağıq". O, Səudiyyənin 48 ədəd qırıcı təyyarə almaq üçün müraciət etdiyini bildirib.
Vaşinqtonun Səudiyyəyə ilk dəfə F-35 satacaq, Yaxın Şərqdə hərbi balansı dəyişdirə bilər. İndiyədək regionda F-35-ə sahib yeganə ölkə İsrail olub.
BMT Təhlükəsizlik Şurası ABŞ-nin Qəzzada sülh planını təsdiqlədi
Noyabrın 17-də BMT Təhlükəsizlik Şurası Qəzzada sülhün qurulmasına dair qətnaməni təsdiqləyib. Bu sənədin əsas müddəaları ABŞ prezidenti Donald Trampın bu regionda sülh planına əsaslanır.
Qətnamə layihəsini ABŞ təqdim etmişdi. Sənəddə bir neçə ərəb ölkəsinin hərbçilərindən ibarət Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yaradılması, ərazini müvəqqəti idarə olunması üçün Trampın rəhbərliyi ilə Sülh Şurasının qurulmasını nəzərdə tutur. Qətnamədə eləcə də bir neçə ilkin şərt yerinə yetirilərsə, Fələstin dövlətinin yaradılması ehtimalından da söz açılır.
Qətnaməni Təhlükəsizlik Şurasının 13 üzvü dəstəkləyib, Rusiya və Çin bitərəf qalıb. Müşahidəçilər bunu Tramp administrasiyasının ciddi diplomatik qələbəsi kimi qiymətləndirirlər.
"Bu, tarixi əhəmiyyətə malik bir andır", – ABŞ prezidenti D.Tramp özünün sosial şəbəkə səhifəsində yazıb.
Qətnamənin qəbulu Rusiyanın mövqeyinə görə sual altında idi, çünki Rusiya bir müddət öncə öz qətnamə layihəsini təklif edib, daha çox Fələstin dövlətinin yaradılmasına diqqət ayrılıb. Ərəb və müsəlman ölkələri isə ABŞ-nin təqdim etdiyi layihəni dəstəkləyirdi.
Sənəddə deyilir ki, beynəlxalq kontingent Qəzza zolağının silahsızlaşdırılmasına, silahlı qruplardan silahların yığılması, Qəzzada təhlükəsizliyin təmin edilməsinə, sərhədlərin qorunmasına cavabdeh olacaq. Noyabrın 17-də ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS Fələstin qruplaşması qətnaməni tənqid edib, beynəlxalq kontingentin neytral qüvvə olmayacağını, onu tərksilah etməyə cəhd göstərərsə, işğal tərəfini dəstəkləmiş olacağını bildirib.
Qətnamə Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə öz missiyasını yerinə yetirmək üçün gərəkən bütün tədbirləri görmək səlahiyyəti verir. Bu isə silah tətbiqinə icazə anlamına gəlir. Qəzza beynəlxalq kontingentin nəzarətinə keçdikdən sonra İsrail ordusu ərazidən çıxacaq.
Banqladeşin devrilmiş baş naziri ölümə məhkum edilib
Banqladeşdə hərbi cinayətlər məhkəməsi devrilmiş baş nazir Şeyx Həsinəni edam cəzasına məhkum edib. O, ötən il tələbə hərəkatına qarşı ölümcül repressiya əmri verməkdə təqsirli bilinib.
Ölkənin keçmiş liderinə qarşı bu hökm fevralda gözlənilən parlament seçkilərindən bir neçə ay öncəyə təsadüf edir. Həsinənin "Avami Liqası" seçkilərdə iştirakdan kənarlaşdırılıb. "Reuters" yazır ki, noyabrın 17-də çıxarılan hökmün səsvermə ərəfəsində yeni iğtişaşlara səbəb ola biləcəyi sarıdan narahatlıqlar var.
Banqladeşin Beynəlxalq Cinayətlər Tribunalı paytaxt Dəkkədə yerləşir, ölkənin daxili hərbi cinayətlərini araşdırır. Həsinə prosesdə iştirak etməyib. O, 2024-cü ilin avqustunda Hindistana qaçıb.
78 yaşlı Həsinə insanlığa qarşı cinayətlərə görə ömürlük həbs, qiyam zamanı bir neçə nəfərin öldürülməsi ilə bağlı isə edam cəzası alıb.
Hökmdən apellyasiya şikayəti verilə bilər.
Keçmiş baş nazir hökmün saxta tribunalda çıxarıldığını, ona demokratik mandatı olmayan, seçilməmiş hökumətin sədrlik etdiyini deyib. O, daha öncə məhkəməni "siyasi motivli maskarad" adlandırmışdı.
BMT-nin hesabatına görə, 2024-cü il iyulun 15-dən avqustun 5-dək Banqladeşdəki etirazlarda 1400-dək etirazçı öldürülüb, minlərlə insan yaralanıb. Bu, ölkə 1971-ci ildə müstəqillik əldə edəndən bəri ən şiddətli zorakılıq olub.
Həsinə Hindistana qaçandan sonra 170 milyon əhalisi olan bu Cənubi Asiya ölkəsini Nobel Sülh Mükafatı laureatı, 85 yaşlı Məhəmməd Yunusun başçılığı ilə aralıq hökumət idarə edir.
Polşada Ukraynaya gedən dəmiryol xətti zədələnib
Polşanın şimal-şərqində Ukrayna ilə ölkəni birləşdirən dəmiryol xətti zədələnib. Qatarın maşinisti zədələnməni görərək Mazovets vilayət polisinə məlumat verib.
Polisin məlumatına görə, qatarda iki sərnişin və bir neçə işçi olub, heç biri xəsarət almayıb.
Polşanın baş naziri Donald Tusk sabotaj ehtimalını istisna etmədiyini bildirib. Daxili işlər nazirinin müavini Maçey Duşik isə zədələnmənin partlayış səbəbindən baş vermədiyini deyib, amma detallı danışmayıb.
Tusk daha sonra yazıb ki, Varşava – Lublin xəttində partlayıcı qurğu işə düşüb: "Təəssüf ki, ən pis qorxular təsdiqləndi".
İyulda Polşada sabotaj aktları təşkil etmək məqsədilə Rusiya xüsusi xidmətləri ilə əməkdaşlıqda şübhəli bilinən 32 nəfər saxlanıb. Cinayətkar qrupa Polşa, Rusiya, Ukrayna, Belarus və Kolumbiya vətəndaşları daxil idi. Polşa Daxili Təhlükəsizlik Agentliyi bildirirdi ki, onlar cinayətləri Rusiya kəşfiyyatının göstərişi ilə gerçəkləşdirib, yaxud planlaşdırıb.
Rusiya Polşada diversiya və sabotajla bağlı ittihamları rədd edir. Rusiya Xarici İşlər Nazirliyi (XİN) Varşavanın iddialarını sübutsuz adlandırır, ölkələr arasındakı gərginliyi artırmağa yönəldiyini deyir.
Çin yeni evlənənlərə pul vauçerləri verəcək
Çinin şərqindəki Ninbo şəhərində 28 oktyabr-31 dekabr tarixlərində nikah bağlayan pul vauçerləri veriləcək. "Reuters" hakimiyyətin gəncləri nikah bağlamağa, uşaq sahibi olmağa həvəsləndirməyə çalışır.
Ötən il ölkə üzrə nikahların sayı 20 faiz azalıb. Gənclərin ailə qurmaq istəyinin azalması isə uşaq baxımı, təhsil xərclərinin yüksək olması ilə izah edilir.
Ninboda yeni evlənənlər ümumi dəyəri 1000 yuan (141 dollar) olan səkkiz vauçer ala biləcəklər. Onlar vauçerlərdən toy fotosessiyası, mərasim və şənlik xidmətləri, mehmanxanada qalmaq, nikahla bağlı digər sahələrdə istifadə edə bilərlər.
Hançjou və Pinhu şəhərləri də oxşar tədbirlər, ilin sonunadək pul vauçerləri təklif ediləcəyini bildirib.
Çin 1.4 milyard əhali ilə dünyada ikinci yerdədir, amma əhalisi sürətlə qocalır. Ötən il ölkədə 6.1 milyon cütlük nikah üçün qeydiyyatdan keçib, bu isə bir il öncəkindən 7.68 milyon azalma deməkdir.
Ötən il hakimiyyət universitet və kolleclərə "sevgi təhsili" verməyi tapşırmışdı, məqsəd nikah, sevgi, doğum və ailə barədə müsbət fikirləri təşviq etmək idi.
Rusiya Xarkovu vurub. Zelenski Avropada səfərdədir
Rusiya Ukraynaya ölümcül hava zərbələrini davam etdirir. Ötən gecə Xarkov vilayətində azı üç nəfər həlak olub. Prezident Volodimir Zelenski Avropa paytaxtlarına səfər edir, ölkəsinə dəstəyi gücləndirməyə çalışır.
Noyabrın 17-də səhər saatlarında Rusiya Ukraynanın Xarkov vilayətində Balakliya dəmiryol qovşağını vurub, üç nəfər ölüb, azı 10 nəfər yaralanıb.
Balakliya hərbi administrasiyasının rəhbəri Vitali Karabanov deyib ki, şəhər mərkəzi hücuma məruz qalıb. Rusiya 2022-ci ilin fevralında genişmiqyaslı işğala başlayanda Balakliya qısa müddətə işğal altında qalıb, bir neçə aydan sonra azad edilib.
Qış yaxınlaşdıqca Rusiya Ukraynanın enerji infrastrukturlarına hücumları intensivləşdirib. Bu isə enerji çatışmazlığı sarıdan narahatlıqlara səbəb olur.
Bu arada prezident Zelenski Ukraynanın enerji təchizatını və silah tədarükünü gücləndirmək niyyəti ilə Avropa paytaxtlarına səfərə başlayıb. O, noyabrın 17-də Parisdə Fransa prezidenti, Kiyevin tərəfdarı Emmanuel Makronla görüşməlidir. Zelenski bildirib ki, "Fransa ilə böyük bir saziş" üzərində iş gedir, lakin bu səfər zamanı böyük bir açıqlamanın verilib-verilməyəcəyi, hələlik, bəlli deyil.
Zelenski Qərb tərəfdaşlarından Rusiyanın dərinliklərindəki raket buraxılış nöqtələrini məhv etməkdən ötrü əlavə uzaqmənzilli raketlər istəyib. Fransa bundan əvvəl Ukraynanın müdafiəsi üçün "Aster" orta mənzilli raketləri göndərməyi vəd edib.
Ukrayna lideri noyabrın 18-də İspaniyaya səfər etməlidir.
Noyabrın 16-da Afinaya gedən Zelenski gələn aydan 2026-cı ilin martına qədər ABŞ-dən mayeləşdirilmiş təbii qaz idxalı barədə saziş imzalayıb.
Bundan öncə Zelenski qalmaqallı energetika sektorunu yenidən qurmaq vədi verib. Noyabrın 10-da Ukraynanın korrupsiyaya qarşı mübarizə qurumu energetika sektorunda on milyonlarla dollarlıq korrupsiya ilə bağlı "genişmiqyaslı əməliyyat" başladıldığını açıqlamışdı.
Zelenski noyabrın 16-da bildirib ki, azı üç dövlət enerji şirkətinin rəhbərliyi vəzifədən kənarlaşdırılacaq, başqa dəyişikliklər də planlaşdırılır.
Bu islahatlar Zelenskiyə təzyiqləri azaldacaqmı, Ukraynanın Qərb müttəfiqlərini qane edəcəkmi, hələlik, bəlli deyil. Qərb tərəfdaşları Ukraynadan Rusiyanın genişmiqyaslı işğalına qarşı mübarizənin getdiyi vaxtda ölkədə kök salmış korrupsiya ilə mübarizədə daha fəal olmağı tələb edirlər.
Böyük Britaniya da miqrantlar üçün qaydaları sərtləşdirir
Qeyri-qanuni miqrantlar Böyük Britaniyada müddətsiz yaşayış icazəsi almaq üçün indiki kimi 5 deyil, 20 il gözləməli olacaqlar. Hökumət miqrasiya siyasətini sərtləşdirir. Bu barədə daxili işlər naziri Şabana Mahmud "The Sunday Times"a müsahibəsində danışıb.
Nazirin dediyinə görə, qərarın məqsədi ölkəni "hissələrə parçalayan" qeyri-qanuni miqrasiyanı dayandırmaqdır: "Mənim üçün hazırda Avropanın təhlükəsiz ölkələrindən keçərək Fransanın şimalında qayığa minməyə çalışanlara çox açıq bir siqnal göndərmək vacibdir: bu səyahət buna dəyməz".
Yeni qaydalarla qeyri-qanuni gələn miqrantlar üçün 20 illik gözləmə müddəti təyin edilir ki, bu da Avropada ən uzun müddətdir. Yeni qanuni proqramlar üzrə gələn qaçqınlar isə daimi yaşayış icazəsinə müraciət hüququ qazanmaq üçün 10 il gözləməli olacaqlar. Bundan əlavə, qaçqın statusu müvəqqəti veriləcək, hər 30 aydan bir yenidən qiymətləndiriləcək. Bu müddət ərzində onların ölkəsi "təhlükəsiz" sayılsa, geri göndəriləcəklər.
Ş.Mahmudun sözlərinə görə, hökumətin məqsədi ölkəni birləşdirmək, sərhədlər üzərində nəzarəti bərpa etməkdir.
"The Sunday Times" yazır ki, Britaniyanın planı Danimarkanın islahatlarına söykənir. Həmin ölkədə sığınacaq müraciətlərinin sayı son 40 ilin minimumuna enib, müraciət edənlərin 95 faizi rədd cavabı alır.
Rusiyada müxalifətçi qiyabi olaraq 6 il həbsə məhkum edilib
Rusiyanın İkinci Qərbi Dairə Hərbi Məhkəməsi müxalifətçi Leonid Qozmanı qiyabi olaraq 6 il həbs cəzasına məhkum edib. Siyasətçi xarici nəşrə müsahibəsində terrorçuluğa haqq qazandırmaqda təqsirli bilinib. Xəbəri "Mediazona"nın müxbiri məhkəmə zalından verib.
Qozman barədə ordu haqqında "saxta məlumatlar" işi üzrə daha öncə də qiyabi hökm çıxarılmışdı. Bu hökm də nəzərə alınmaqla, ona ümumilikdə 10 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Prokurorluq terrorçuluğa haqq qazandırma maddəsi üzrə 6 il, ümumilikdə isə 11 il tələb etmişdi.
Siyasətçiyə ittiham onun "Bild на русском" nəşrinə müsahibəsi ilə əlaqədar verilib. İstintaqın versiyasına görə, müsahibədə o, Moskvaya PUA hücumlarını və Krım körpüsünün partladılmasını alqışlayıb. Vəkillər Qozmana bəraət tələb edirdilər.
Siyasətçi 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra ölkəni tərk edib. 2024-cü ildə onun həyat yoldaşı Marina Yeqorova Moskvada saxlanılıb və mədəni dəyərlərin qaçaqmalçılığı maddəsi ilə ittiham olunub. O, Rusiyadan ona miras qalmış yemək dəstlərini aparmaq istəyirdi. Yeqorova bir ildən çox ev dustaqlığında qalıb. Noyabrın əvvəlində Qozman onun Rusiyanı qanuni şəkildə tərk etdiyini bildirib.
Moldova parlamenti 'Rus Evi'nin bağlanmasını birinci oxunuşda dəstəkləyib
Moldova parlamenti noyabrın 13-də səs çoxluğu ilə Rusiya ilə 1998-ci ildə imzalanmış sazişin ləğvini, Kişinyovdakı Rusiya Elm və Mədəniyyət Mərkəzinin (Rus Evi) bağlanmasını birinci oxunuşda təsdiqləyib. Avropayönlü hakimiyyət bu qurumu dağıdıcı fəaliyyətdə, dövlət təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edir.
Parlamentdə debatlar bir neçə saat gərgin şəraitdə keçib. Hakim sağ-mərkəzçi "Hərəkət və həmrəylik" (PAS) partiyasından 54, "Evdə Demokratiya" fraksiyasından altı deputat sazişin denonsasiyasını dəstəkləyib. Kommunistlər, sosialistlər, "Alternativ" bloku və "Bizim partiya" qərarın əleyhinə səs veriblər. Bu, ümumilikdə 35 səs deməkdir.
Sənədin ikinci oxunuşu üzrə səsvermə 10 gün sonra keçiriləcək.
Sazişin ləğvi ilə bağlı təklifi parlamentin plenar iclasında mədəniyyət naziri Kristian Jardan təqdim edib. O deyib ki, "Rus Evi" Moldovada rus mədəniyyətini deyil, təbliğatın təşviqi üçün vasitə kimi istifadə olunur. Nazirə görə, hökumət dezinformasiya fəaliyyətinin, Rusiyanın Ukraynadakı təcavüzünün əsaslandırılmasının açıq elementlərini aşkarlayıb.
Parlamentdə sosialistlər fraksiyasının lideri İqor Dodon layihənin gündəlikdən çıxarılmasına çağırıb. Onun sözlərinə görə, hökumət aydın arqumentlər təqdim etməyib, "sazişin denonsasiyası əksər vətəndaşların maraqlarına ziddir". Dodonun fraksiyadakı həmkarı, vitse-spiker Vlad Batrınça isə Rusiya ilə sazişin mümkün denonsasiyasını "faydasız və təhlükəli layihə" adlandırıb, insanları barrikadalara çıxara biləcəyini deyib.
Kişinyovda "Rus Evi" 2009-cu ildə açılıb. Sazişin denonsasiyası ikinci oxunuşda qəbul olunsa və prezident Maya Sandu bunu elan etsə, mərkəz 2026-cı ilin iyulunda fəaliyyətini dayandırmalıdır.
Moldovadakı Rusiya səfirliyi Kişinyovun "Rus Evi"ni bağlamaq qərarını "səhv və səmərəsiz" adlandırıb.
Rusiyanın "Rossotrudniçestvo" federal agentliyinin təmsilçisi olan "Rus Evi" Bakıda bu ilin əvvəlində, Moskva ilə siyasi gərginlik fonunda bağlanıb. Rəsmi Bakı bunu təmsilçiliyin hüquqi qeydiyyatının olmaması ilə izah edib. Apreldə isə "Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakov deyirdi ki, Moskva ilə Bakı "Rus Evi" ilə bağlı kompromis axtarırlar, onun qeydiyyat formatı müzakirə olunur.
BBC Trampdan üzr istəyib, amma defamasiya iddiasını rədd edir
BBC noyabrın 13-də ABŞ prezidenti Donald Trampın çıxışının montajındakı səhvə görə üzr istəyib, amma prezidentin defamasiya iddiasını rədd edib. Tramp korporasiyanın ona böhtan atdığını deyərək 1 milyard dollarlıq məhkəmə iddiası ilə hədələmişdi.
D.Trampın 2021-ci il yanvarın 6-dakı çıxışı elə montaj olunub ki, onun tərəfdarlarını Kapitoliyə hücum etməyə çağırması təəssüratı yaranıb. Tramp 2020-ci il prezident seçkisinin nəticələrinin saxtalaşdırıldığını iddia edirdi.
BBC yazır ki, sədri Samir Şah Ağ evə şəxsi məktub göndərərək üzr istəyib.
"Montajımızın bilməyərəkdən nitqin müxtəlif hissələrini bir tam kimi göstərdiyini, bununla da guya prezident Trampın zorakı hərəkətə birbaşa çağırış etdiyi barədə yanlış təəssürat yaratdığını qəbul edirik", – BBC düzəlişində yazıb.
Trampın vəkili BBC-yə məktub göndərərək üzr tələb edib, sənədli filmin ona vurduğu ziyana görə 1 milyard dollarlıq məhkəmə iddiası ilə hədələmiş, BBC-yə cavab üçün cümə günü – noyabrın 14-ü son tarix qoyulmuşdu.
Saakaşvili klinikadan həbsxanaya köçürülüb
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Rustavidəki həbsxanaya qaytarılıb. Gürcüstan Penitensiar Xidməti siyasətçinin cəzasını "ümumi qaydada" çəkməyə davam etdiyini bildirib. O, 2022-ci ilin mayından xəstəxanada idi.
Gürcüstan hakimiyyəti Saakaşvilinin sağlamlıq durumunu "qənaətbəxş" adlandırır və onun artıq stasionar müalicəyə ehtiyacı olmadığını bildirir.
Saakaşvili bir neçə cinayət maddəsi ilə məhkum edilib, 2034-cü ilin aprelinə qədər cəza çəkməlidir. Lakin noyabrın 6-da Gürcüstan prokurorluğu ona qarşı yeni iş açıldığını elan edib.
Keçmiş prezidentin tərəfdarları onun təqibini "siyasi motivli" adlandırır, insan haqları təşkilatları və Qərb siyasətçiləri onun azadlığa buraxılmasını tələb edirlər.
Rusiyadan sonra Qazaxıstan: Məclis 'LGBT təbliğatı'nın yasaqlanmasını təsdiqləyir
Noyabrın 12-də Qazaxıstan parlamentinin aşağı palatası - Məclis "Arxiv işi və qanunsuz məzmunun yayılmasının məhdudlaşdırılması məsələləri haqqında" qanunu ikinci oxunuşda təsdiqləyib. Qanun pedofiliya və qeyri-ənənəvi cinsi oriyentasiyanın təbliğatını qadağan edir. O, Rusiyanın diskriminativ "LGBT təbliğatı" qanununun analoqudur. Rusiyada bu qanundan dolayı yüzlərlə LGBT təmsilçisi ölkəni tərk etməli olub.
Qanun layihəsi "uşaqları və yeniyetmələri rəqəmsal mühitdəki mənfi məzmundan qorumaqla bağlı ictimai narahatlığın artması" ilə əsaslandırılıb. Bunu sənədi təqdim edən deputat Elnur Beysenbayev deyib. Onun sözlərinə görə, dəyişikliklər ictimai məkanlarda pedofiliya və qeyri-ənənəvi oriyentasiyanın təbliğini yasaqlayır. Bu sənəd uşaqların hüquqları, reklam, rabitə, mədəniyyət, təhsil, kinematoqrafiya və media haqqında doqquz əsas qanuna təsir göstərəcək.
Məclis dəyişiklikləri yekdilliklə qəbul edib. Deputatların mövqeyincə, məqsəd LGBT icmasının hüquqlarını ləğv etmək deyil, "ictimai təbliğat"ı məhdudlaşdırmaqdır. "Heç kimin şəxsi hüquqları məhdudlaşdırılmır. Qəbul edilən normalar belə bilgilərin ictimai yayılmasının çərçivələri müəyyən edir. Bu isə beynəlxalq təcrübəyə uyğundur", – Beysenbayevin sözləridir.
Deputat deyib ki, Qazaxıstanda uşaqlar və yeniyetmələr "hər gün internetdə ailə, əxlaq və gələcək barədə təsəvvürlərinə mənfi təsir göstərə biləcək məlumatlarla qarşılaşırlar".
Rusiyada "LGBT təbliğatı" qanunu ilə əlaqədar filmlər senzuraya məruz qalır, mahnılar qadağan edilir, idmançıların, tanınmış şəxslərin açıq etirafları barədə yazan mənbələr cərimələnir.
Bir sıra beynəlxalq insan haqları təşkilatları Qazaxıstanın qanun layihəsini tənqid edib, onun insan haqlarını pozduğunu, inzibati cəzalarla nəticələnə biləcəyini bildiriblər. Deputat Nikita Şatalov isə deyib ki, Qazaxıstan beynəlxalq öhdəliklərinə sadiqdir, insanları cinsi oriyentasiyasına görə təqib etmir.
Qanun indi Senata, daha sonra isə imzalanmaq üçün prezidentin təqdim olunacaq.
Buker mükafatı Devid Saleyə 'Cism' romanına görə verildi
2025-ci il Buker mükafatının qalibi Devid Saley olub. O, mükafata "Cism" (Flesh) romanına görə layiq görülüb.
"Reuters" xəbər verir ki, Saley ingilisdilli dünyada ən yüksək ədəbi mükafatlardan birini alan ilk macar-britaniyalı yazıçı olub.
Qalibin adı noyabrın 11-nə keçən gecə Londonda mərasimdə elan edilib. Münsiflər heyətinin sədri, irlandiyalı dramaturq Roddi Doyl Saleyin kitabını "qeyri-adi və unikal əsər" adlandırıb.
"Cism" D.Saleyin altıncı romanıdır. Kitabda İştvan adlı gənc macardan söz açılır. Fəhlə sinfindən olan İştvan hərbi xidmətdən sonra Londona köçür, zənginlər üçün işləməyə başlayır. Bu, yoxsulluqdan var-dövlətə aparan bir yolun, sinfi fərqlərin, gücün təbiətinin hekayəsidir. Saleyin özünün sözlərinə görə, o, "müasir Avropa və onu xarakterizə edən mədəni və iqtisadi fərqlər" haqqında bir kitab yazıb.
Buker mükafatının dəyəri 50 min funt sterlinqdir. Mükafat 1969-cu ildən bəri hər il Böyük Britaniya və ya İrlandiyada nəşr olunmuş ən yaxşı ingilisdilli kitaba təqdim olunur. Bu il mükafat uğrunda 150-dən çox yazıçı mübarizə aparıb.
Bu il ədəbiyyat üzrə Nobel mükafatı da macarıstanlı yazıçıya verilib. Laslo Krasnahorkai mükafata "apokaliptik terrorun ortasında sənətin gücünü təsdiqləyən təsirli və konseptual yaradıcılığına görə" layiq görülüb.
Tramp Ağ evdə Suriya prezidenti ilə görüşüb
ABŞ prezidenti Donald Tramp noyabrın 10-da Ağ evdə Suriya prezidenti Əhməd əş-Şaraa ilə danışıqlardan sonra deyib ki, Suriyanın uğur qazanması üçün bacardığını edəcək. Vaxtilə "Əl-Qaidə"nin Suriyadakı qolu – "Ən-Nüsrə Cəbhəsi"nin komandiri olan əş-Şaraa bu yaxınlaradək sanksiya siyahısında idi, onun başına 10 milyon dollarlıq mükafat vəd olunmuşdu.
Onun Vaşinqtona səfərinin əsas məqsədlərindən biri ABŞ-nin sərt sanksiyalarının tam ləğvinin təşviqi idi. O, Tramp ilə qapalı görüşdüyü vaxt ABŞ Maliyyə Nazirliyi "Sezar" sanksiyalarının 180 günlük dayandırıldığını açıqlayıb. Bu sanksiyaları yalnız ABŞ Konqresi tamamilə ləğv edə bilər. Sanksiyalar 2019-cu ildə Bəşər Əsəd rejimi dövründə insan haqları pozuntularına cavab olaraq tətbiq edilib.
İlk dəfə idi Vaşinqtona Suriya prezidentinin səfəri gerçəkləşirdi. Tramp ilə əş-Şaraa altı ay öncə Səudiyyə Ərəbistanında görüşmüşdülər. Həmin görüşdən bir neçə gün sonra əş-Şaraa "xüsusi kateqoriyalı qlobal terrorçu" siyahısından çıxarılıb.
"Reuters" yazır ki, əş-Şaraa ali xarici qonaqlardan fərqli qarşılanıb. O, Ağ evə Qərb qanadının əsas qapısından deyil, yan qapıdan daxil olub, jurnalistlər onun bir neçə saniyəlik görüntüsünü çəkə biliblər.
Tramp media təmsilçilərinə əş-Şaraanı "güclü lider" kimi təqdim edib, ona etimadını bildirib. "Suriyanın uğurlu olması üçün hər şeyi edəcəyik", – Tramp deyib.
ABŞ prezidenti əş-Şaraanın mübahisəli keçmişinə toxunaraq "Hamımızın keşməkeşli keçmişi olub" deyib.
Suriya prezidenti isə sonradan "Fox News"a müsahibəsində silahlı qruplaşma ilə əlaqəsinin keçmişdə qaldığını, Tramp ilə görüşdə bu məsələni müzakirə etmədiklərini bildirdi.
Onun sözlərinə görə, Suriya artıq Vaşinqtonun geosiyasi müttəfiqi olaraq görünür, təhdid kimi yox.
43 yaşlı əş-Şaraa ötən ilin dekabrında Suriya prezident Bəşər əl-Əsəd devriləndən sonra hakimiyyətə gəlib.
Suriya bu yaxınlarda "İslam Dövləti" silahlı qruplaşmasına qarşı ABŞ-nin başçılıq etdiyi qlobal koalisiya ilə siyasi əməkdaşlıq bəyannaməsi də imzalayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin mediasına deyib ki, Tramp ilə əş-Şaraanın görüşünün bir hissəsinə o da dəvət olunub. Fidan Ağ evdə Tramp administrasiyasının rəsmiləri ilə görüşlər keçirib.
Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayan miqrantları digər ölkələrə təhvil verməyəcək
Rusiyada Müdafiə Nazirliyi ilə müqavilə bağlayan xarici vətəndaşlar cinayət təqibi, hökmün icrası məqsədilə digər ölkələrə təhvil verilməyəcək. Hökumət komissiyası Cinayət Prosessual Məcəlləsinə belə bir düzəlişi təsdiqləyib. Məlumatı TASS, "Vedomosti" və RTVI mənbələrə istinadla yayıb.
Dəyişiklər Rusiyanın ordusunda və digər hərbi qurumlarda müqavilə əsasında xidmət edən və ya etmiş, onların tərkibində döyüşmüş xarici vətəndaşlara, eləcə də vətəndaşlığı olmayanlara aiddir.
Rusiya Hüquqşünaslar Assosiasiyasının sədr müavini İqor Çerepanov TASS və "Vedomosti"yə müsahibəsində deyib ki, məqsəd hərbi sirrin və digər mühüm məlumatların qorunmasıdır.
Dövlət Dumasının deputatı Aleksey Kurinnıy RTVI-yə açıqlamasında hökumətin qəbul etdiyi qanun layihələri paketini "ağıllı düşüncənin bərpası" adlandırıb, belə miqrantların Rusiya Federasiyasının vətəndaşlığını almaq üçün öncül hüquqa sahib olduqlarını vurğulayıb.
Rusiya ordusunda xidmət edən xarici muzdlu hərbçilər adətən öz ölkələrində Ukraynaya qarşı müharibəyə qatıldıqları üçün mühakimə olunurlar. Yazda Özbəkistanda məhkəmə "Vaqner" muzdlu şirkətinin tərkibində döyüşmüş, həbsxanadan cəbhəyə göndərilmiş 59 yaşlı vətəndaşı 3 il yarım həbsə məhkum edib.
"Yaşamaq istəyirəm" layihəsi Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayan 1 min 110 Özbəkistan vətəndaşının adlarını dərc edib. Onlardan azı 109-u döyüşdə həlak olub. Siyahıda müharibədə Rusiya tərəfdə döyüşən 661 Qazaxıstan vətəndaşının, 931 Tacikistan vətəndaşının da adları var.