-
Sophia Loren 80 yaşını yazdığı kitabla qeyd edəcək
Xatirələr kitabı "Yesterday, Today and Tomorrow - My Life," adlanır
İtaliyanın milli kino ikonası Sophia Loren sentyabrın 20-də öz 80 yaşını yazdığı kitabla qeyd edəcək.
Xəbəri Reuters yayıb. 300 səhifəlik xatirələr kitabı “Həyatım-- Dünən, Bugün, Sabah” adlanır.
Kitabda köhnə fotolar, aktrisanın yaşadığı sevgi macəraları barədə etiraflar, dövrün ulduzları – Cary Grant, Frank Sinatra, Audrey Hepburn, Richard Burton, Marcello Mastroianni ilə görüşləri barədə xatirələri toplanıb.
Kitabın adı - Sophia Loren-in 1963-cü ildə çəkildiyi filmdən götürülüb. 3 novelladan ibarət filmdə Loren 3 fərqli qadını canlandırmışdı.
Xəbəri yayan qaynaq kitabın adındakı “Sabah” sözünün 80 yaşlı aktrisanın kino karyerasının bitmədiyinə işarə olduğunu açıqlayıb.
Sophia Loren-in ən son çəkildiyi "The Human Voice" filmi bu il ekranlara çıxıb.
Kitab italyan dilində nəşr olunacaq.
İngilis dilindəki "Yesterday, Today and Tomorrow - My Life" variantı bu ilin dekabrında satışa çıxarılacaq.