Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:33

Nəhənglərin Şotlandiya uğrunda son döyüşü başlandı


Sentybarın 18-də şotlandlar müstəqllik referendumunda səs verəcəklər

-

Son həftələrədək Britaniyada çox az adam Şotlandiyada keçiriləcək referendumda bu əyalətin Böyük Britaniyadan ayrılacağını xəyalına gətirərdi.

Arxayınlıq yaradan bir də bu idi ki, Şotlandiyaya müstəqlliyini əldə etmək imkanın verilməsi barədə qərar qəbul ediləndən bəri vaxtaşırı keçirilən rəy sorğularında müstəqlliyin əleyhinə, başqa sözlərlə Britaniyanın parçalanması əleyhinə olanların “Yox” düşərgəsi müstəqillik tərəfdarlarının “Hə” düşərgəsini çox geridə qoyurdu.

Lakin son bir həftədə ən böyük gözlənilməzlik baş verdi. “Hə” kampaniyası ilk dəfə olaraq rəy sorğularında “Yox” düşərgəsi tərəfdarlarını üstələdi.

Bu artıq həm siyasət, həm də iqtisadiyyat nəhəngləri üçün hərəkət siqnalı idi.

Britaniyanın iqtidar və müxalifət partiyalarının liderləri, baş nazir David Cameron da daxil olmaqla Şotlandiyaya səfər etdilər.

Britaniya tarixində çox nadir hallarda baş verən həmrəylik yarandı. Hakim mühafizəkarlar, onların koalisiya müttəfiqləri liberal-demokratlar və müxalif leyboristlər eyni bayraq və eyni şüar altında birləşdilər.

Vəziyyət son anda Londonun xeyrinə dəyişib

Son anda daha bir gözlənilməzlik baş verdi. “Yox” düşərgəsi çərşənbə axşamı bir neçə saatın ərzində “Hə” düşərgəsini yenidən üstələyə bildi. Ən yeni və ən son rəy sorğusuna görə müstəqillik ideyasını rəyi soruşulanların 42, 4 faizi dəstəkləyir. 47, 6 faiz müstəqilliyə “yox” deməyə hazırlaşır.

Ən maraqlısı isə bu heyrətamiz dəyişikliyin lap ərəfəsində baş vermiş hadisələrdir.

Çərşənbə axşamı Britaniyanın iqtisadiyyat və maliyyə nəhəngləri BP və Standard Life şirkətləri Şotlandiyanın müstəqilliyinə qarşı xəbərdarlıqla çıxış ediblər.

BP şotland millətçilərinə xəbərdarlıq etdi

BP şirkətinin icraçı direktoru Bob Dudley deyib ki, şotlandlar müstəqilliyin leyhinə səs versələr, Şimal dənizindəki yataqlara investisiya qoyuluşu ciddi ziyan görə bilər.

İcraçı direktor bu qənaətdədir ki, Şotlandiyanın ən böyük investisiya yatıranı – yəni elə BP, əyalət üçün daha yaxşı gələcəyə yalnız Birləşmiş Krallığın tərkibində təminat verə bilər.

Edinburqda yerləşən maliyyə nəhəngi – milyonlarla şotlandın pensiyalarını əmanət kimi saxlayan və artıran Standard Life sığorta şirkəti bir daha xəbərdarlıq edib ki, Şotlandiyanın müstəqilliyə səs verəcəyi təqdirdə o, əməliyyatlarının və ofislərinin əksəriyyətini buradan başqa yerlərə köçürəcək.

Mətbuat xəbər verir ki, müstəqllik düşərgəsinin rəy sorğularında irəli keçdiyi vaxtdan bəri Standard Life şirkətinin səhmləri 3 faizədək qiymətdən düşüb.

Standard Life-ın hazırkı bazar qiyməti 10 milyard funt sterlinq, BP-nin qiyməti isə 85 milyard funt sterlinqdir.

Putin qorxusu

Britaniya hərbiyyəsi elan edib ki, Şotlandiya millətçilərinin planlaşdırdığı kimi “Trident” nüvə sualtı gəmisinin Şotlandiya sahillərindəki bazadan çıxarılması “olduqca təhlükəli sabitsizlik dövrü” yaradacaq və təkcə Britaniyanı yox, eləcə də bütün Qərbi Avropanı düşmən qüvvələr qarşısında əliyalın qoyacaq.

Britaniya Hərbi Dəniz Donanmasının keçmiş rəhbəri (2009-2013) lord admiral Mark Stanhope Şotlandiya millətçilərinin lideri Alex Salmond-a yazdığı məktubda onun “müstəqllik kampaniyasını” sərt tənqid edir.

Şotlandiyanın millətçi liderləri 18 sentyabr referendumunda qalib gəlsələr, “Trident” sualtı gəmisini ölkədən çıxaracaqlarını və Şotlandiyanın özünün isə NATO-ya qoşulmayacağını bildiriblər.

Admiral Stanhope Rusiya prezidenti Vladimir Putinin son nüvə hədələri qarşısında qüvvələr balansının dəyişməsini çox təhlükəli risk adlandırıb.

Qəlb, ruh və ürək…

Britaniya siyasətçiləri “qəlb”, “ruh”, “ürək ağrısı” kimi söz və ifadələrə çox nadir hallarda müraciət edirlər.

Bu günlər isə məhz bu kimi sözlər siyasi partiya liderlərinin dilindən düşmür.

Britaniyanın baş naziri David Cameron Şotlandiyada etdiyi çıxışında deyib kİ, ayrılığa “hə” deyənlər qalib gəlsələr, onun ürəyi həmişəlik sınacaq. Tarixdə ölkənin parçalanmasına yol vermiş baş nazir kimi qalmağı təbii ki, heç kəs istəməzdi.

Müxalif Leyborist Partiyası da məsələnin bu məqama gəlib çatması üçün məsuliyyətini dərk edir. Çünki 1990-cı illərdə Şotlandiyaya daha geniş muxtariyyəti məhz bu partiya verib.

Leyboristlərin lideri Ed Miliband deyib ki, “biz bu ittifaqı başımız, ürəyimiz və ruhumuzla yaratmışıq”.

Brüsseldən yaxın

Şotlandiya millətçilərinin lideri Alex Salmond isə deyib ki, bu deyilənlərin hamısı yalandır. Londona inanmaq olmaz.

Sadə şotlandların bəziləri isə deyəsən, elə Salmond-a da inanmırlar.

Onların fikrincə, London nə qədər uzaq olsa da, Brüsseldən yaxındır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG