Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:57

Günel Mövlud. Qurban Ələkbərovun film gecələri


Günel Mövlud
Günel Mövlud

-

İran azərbaycanlıları gəldi, alman gəldi, rus gəldi, amma bizimkilərdən gələn olmadı...

Başımıza haranın daşın salaq? Başqa hansı yolla cəlb etməyə çalışaq?..

Günel Mövlud

QURBAN ƏLƏKBƏROVUN FİLM GECƏLƏRİ

Avropa azərbaycanlılarının incəsənətə münasibəti barədə

İllərdir, demək olar ki, boş vaxtın nə demək olduğunu bilmirəm. Yazılar, tərcümələr, redaktələr, tədbirlər, ev, məişət, dost-tanışlarla görüşlər, bir az vaxt tapan kimi də mütaliə və kino…

Bir neçə il əvvəl halım çox pisləşdi. Ruhi vəziyyətim olduqca acınacaqlı hala düşdü. Bakıdan bir neçə aylığa uzaqlaşdım və həmin müddəti Gəncədə yaşadım. «İntihar silsiləsi»nə daxil olan şeirlərimi də həmin ərəfədə yazmışam.

Amma işin bir xeyirli tərəfi də oldu ki, həmin ərəfədə işlərim yarıbayarı azaldığından, xeyli boş vaxtım oldu. Mənim üçün həmişə çox maraqlı gələn rus yazıçısı Eduard Limonovun demək olar ki, bütün əsərlərini oxudum.

Adətən, ədəbiyyata «Vandam döyər, yoxsa Brus Li?» təfəkkürü ilə yanaşmıram. Amma müqayisə etməyə məcbur olsam, əminliklə deyə bilərəm: söhbət mənim ədəbiyyatımdan gedirsə, Limonovun Amerikada mühacirətdə yaşadığı dövrlərdə yazdığı əsərləri yaradıcılığının böyük hissəsi ilə tanış olduğum Viktor Pelevinin əsərlərindən qat-qat artıq ədəbiyyatdır.

Limonov insanı, həyatı Nabokovun «Lolita»sının qəhrəmanı demişkən, tərs üzünə çevirib, içalatını çıxarıb göstərən yazıçıdır. Əgər bu yazını sadəcə Limonovun yaradıcılığına həsr etmiş olsaydım, yazmağa xeyli sözüm olardı. Həmçinin, hazırda o böyüklükdə yazıçının necə axmaq işlərlə məşğul olduğunu, insanlıq, humanizm adına yaraşmayan hansı hadisələri dəstəklədiyini də qeyd edərdim. Amma mövzum Limonovun şəxsiyyəti və ya yaradıcılığı deyil.

Müəllifin Amerikada mühacirətdə olan rusların həyat tərzi barədə yazdıqlarından xeyli təsirlənmişəm. Sovet İttifaqında, öz ölkəsində ziyalı, yazıçı, şair, alim, ölkə çempionu, zabit olan insanların Amerikada otel xidmətçisi, qabyuyan, otel mühafizəçisi işlədiklərini və nələr yaşadıqlarını oxuyanda isə tamam məhv olmuşdum. Limonov özü barədə yazır:

«Səhərlər ofisiant köməkçisi işlədiyim Hilton otelininin administratorunun masasına xidmət edirdim. Kifayət qədər dar dünyagörüşlü bu adama çay, qəhvə süzəndə düşünürdüm ki, ona Rusiyada yaşayanda on nəfərdən çox səfir dostumun olduğunu, səfirliklərdə keçirilən bütün görüşlərə dəvət aldığımı, səksən mindən çox «samizdat» kitab satdığımı desəm, o sadəcə mənə gülər»…

Bu, Amerikadakı rus mühacirlərinin həyatının bir üzü idi. Amma medalyonun başqa üzü də vardı. Rus mühacirlərinin Amerikada rus dilində bir neçə qəzetləri çıxırdı. O qəzetlərdə rusdilli jurnalistlər işləyir, həmvətənlərinin problemlərini işıqlandırırdılar. Fotoqraflar borc-xərclə fotoatelyelər açır, aktrisalar filmlərə çəkilməyə can atır, rəssamlar öz kafelərini yaradır və orada toplaşır, bir sözlə, bütün rusdilli mühacirlər mədəniyyət, incəsənətlə bağlı tədbirlərə, ortamlara düşməyə can atırdılar. Əgər sonradan öz gözlərimlə görməsəydim, yəqin ki, mən də bunların yazıçının təxəyyülü olduğunu ehtimal edərdim.

Bir müddət əvvəl Fransada yaşayan rəssam və şair dostumuz Babi Bədəlov Berlinə gəldi. Burda həm kitab dükanı, həm də qalereya kimi fəaliyyət göstərən bir yerdə yeni kitabını təqdim etməyi planlaşdırmışdı. Təqdimatdan əvvəl Burlində yaşayan xeyli azərbaycanlıya xəbər verdik. Babi də öz növbəsində Berlində tanıdığı qeyri-azərbaycanlılara xəbər verdi. Təqdimat günü Babinin dəvət etdiyi adamların böyük əksəriyyəti gəldi. Onların arasında alman, rus, italyan, afroamerikalı da vardı. Gələnlər, əsasən ruslar idi. Azərbaycanlılardan isə ancaq özümüz olduq. Meydan.tv əməkdaşları və Dr. Qurban Ələkbərov.

Babinin təqdimatı günü kitab dükanının sahibi ilə də tanış olduq. Qurban Ələkbərov ondan bu məkanda film nümayişi keçirmək üçün icazə istədi. Adam heç bir təmənnasız razılaşdı. Hətta dedi ki, nümayişə gələnlərə çay, qəhvə, yüngül çərəzlər də hazırlayar ki, nümayiş maraqlı keçsin. Filmdən sonra da müzakirə edək, söhbətləşək, əsl incəsənət axşamı olsun. Dedi ki, ruslar bu məkanda xeyli belə şeylər edirlər, yaradıcılıq gecələri, kitab, film təqdimatları, rəsm sərgiləri keçirirlər.

Razılaşdıq və iki dəfə o məkanda film gecəsi təşkil etdik. Gözəl filmlər seçdik. Hər filmə xüsusi təqdimat hazırladıq. Məkanın sahibi Boris şərablar açdı, çay, qəhvə dəmlədi. Berlin və yaxın civarda yaşayan bütün azərbaycanlıları film gecələrinə dəvət etmişdik. «Event» yaradıb, ordan da dəvət etmişdik. İran azərbaycanlıları gəldi, alman gəldi, rus gəldi, amma bizimkilərdən gələn olmadı. Bir dəfə iki azərbaycanlı xanım gəldi, vəssalam. İki dəfə film göstərəndən sonra, özümüzün doğub, özümüzün göbəyini kəsdiyimizi gördük və nümayişlərə son verdik.

Həmişə ümumiləşdirmə etdiyimə görə tənqid olunuram. Amma necə edək? Başımıza haranın daşın salaq? Başqa hansı yolla cəlb etməyə çalışaq? Bizimkilər incəsənəti sevmir. Onlara maraqlı deyil. Maraqlanmırlar, baxmırlar, gəlmirlər. Tənqid edirik, yenə də maraqlanmırlar. Kompleksə salırıq, yenə maraqlanmırlar. Başqa xalqlar bu xüsusiyyətlərimizə görə bizə üstən-aşağı baxır, yenə də veclərinə deyil.

Əlbəttə, deyə bilərsiniz ki, bu gün ukraynalılara qarşı aqressivlik göstərən də ruslardır. Bəli, ruslardır. Təsdiqləyirəm. Çünki Sovetlər dağılar-dağılmaz kitabın, mədəniyyətin, incəsənətin dəyəri düşdü, «yeni ruslar», biznesmenlər, villalar, şou erası başladı. İyirmi ildə bu era rusları ədəbiyyatdan, incəsənətdən xeyli geri saldı. Nəticəsi də bu oldu: yarım əsr öncə faşizmə qalib gəlmiş xalq bu gün özü faşizmə meylləndi. İndi millətçilik söhbəti edirlər. Ruslar qədər ədəbiyyatı, incəsənəti sevən xalqı ədəbiyyatdan uzaq düşmək bu günə qoydu.

Biz də niyə bu gündəyik, məncə cavabı aydın olan sualdır…

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG