Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:20

Naxçıvanda statistik rəqəmlərə fermerlər şübhə edir...


Taxıl biçimi
Taxıl biçimi

-

Rəsmi məlumata görə, bu il Naxçıvan zəmilərindən 103 min tondan artıq taxıl biçilib. Həmin məhsul 35 min hektar sahədən tədarük olunub. Bu il Naxçıvanda orta məhsuldarlıq da yüksək olub – hektara 29 sentner. Bu rəqəm Azərbaycan üzrə orta göstəricidən üstündür. Ümumilikdə Azərbaycanda orta məhsuldarlığın hektara 24 sentner olduğu bildirilir.

Rəsmi məlumatda o da bildirilir ki, Naxçıvanda taxıl tədarükü ötən illərə nisbətən artan xətt üzrə dəyişir. Məlumata görə, ötən il muxtar respublikada 102 min ton taxıl tədarük olunub.

Yerli fermerlər isə rəsmi rəqəmlərə şübhə ilə yanaşırlar. Onlar bildirir ki, builki məhsuldarlıq əvvəlki illərlə müqayisədə aşağı olub. Fermerlər məhsuldarlığın aşağı olmasını əsasən su qıtlığı ilə izah edirlər.

«SUSUZLUQDAN ZƏMİLƏR YANDI, HEÇ BİÇDİRƏ DƏ BİLMƏDİK»

Babək rayon Nehrəm kənd sakini İlkin İbrahimov deyir ki, kənd ərazisindəki yüzlərlə hektar taxıl sahəsi məhz su qıtlığı səbəbindən məhv olub:

«Bu il məhsuldarlıq bir çoxları kimi mənim üçün də sıfır oldu. Susuzluqdan zəmilər yandı, heç biçdirə də bilmədik. Qoyduğumuz xərc də batdı. Bizim tərəfdə, demək olar ki, taxıl suvaran olmadı. Mən bu il 500 manat ziyana düşdüm. Dəfələrlə kənd icra nümayəndəliyinə müraciət etmişik, bizi eşidən olmayıb. Biz istəyirik ki, köməklik olsun, əkib-becərək. Biz hansı dövrdə yaşayırıq ki, susuz qalaq. Kənddə 50 metr dərinlikdən normal su çıxır. 1-2 artezian quyusu vurmaq belə çətindir? Məmurlar bizi süründürürlər. Belə çıxır ki, prezidentin, Vasif Talıbovun olanlardan xəbərləri yoxdur».

«MALLARIMIN YARISINI ƏT KOMBİNATINA VERDİM»

İlkin İbrahimov deyir ki, su problemi təkcə taxılçılığa yox, heyvandarlığa da mənfi təsir edir:

«Mal-qaranın içməsinə su tapılmır. Otlaq sahələrimiz də yanır. Yem tapa bilmirik. Qırılır mallar. Bu il məcbur oldum mallarımın yarısını verdim ət kombinatına».

«YUXARILARA MÜRACİƏT EDİRİK, NƏTİCƏSİ OLMUR»

Digər kənd sakini Abbasqulu Məmmədov isə deyir ki, ailəsini meyvə bağının məhsulunda qazandığı gəlirlə saxlayır. Onun sözlərinə görə, builki su qıtlığı kənddəki meyvə bağlarını da qurudub:

«Mənim 1 hektar ərik bağım var. Günü-gündən quruya-quruya gedir. Su məsələsi problemdir. Su vermirlər, verəndə də yolun qıraqlarındakı ağacları sulayıb, kranı bağlayırlar. Düşünürdük ki, taxıl biçinindən sonra bizə su verələr. Vermədilər. Biz ağacların məhsulu ilə dolanırıq. Ötən illərdə belə deyildi. Nisbətən yaxşı idi. Bu il baxan yoxdur. Yuxarılara müraciət edirik, nəticəsi olmur».

Naxçıvan Muxtar Respublika Kənd Təsərrüfatı Nazirliyindən isə suallarımızı cavablandırmaq istəmədiklərindən statistik rəqəmlərin şübhə doğurmasına onların münasibətini öyrənə bilmədik.

Nehrəm kənd icra nümayəndəsi Təvəkkül Ələkbərov da suallarımızı cavabsız qoydu.

«QURAQLIQ OLDUĞUNDAN BƏZİ ÇAYLAR, GÖLLƏR QURUDU»

Nehrəm kənd Bələdiyyəsinin sədri Tofiq Abutalıbov isə Nehrəm kəndində su qıtlığını təsdiqlədi. O, su qıtlığını builki quraqlıqla əlaqələndirdi:

«Quraqlıq olduğundan bəzi çaylar, göllər qurudu. Buna görə kəndin əkin sahələrinin yarısı su problemi yaşadı. Yay boyu Araz çayının ümidinə qaldıq. Araz çayından hər kəs istifadə edə bildi. Biçilməyən yer qalmadı. Ancaq məhsuldarlıq ötən ilkilərə nisbətən aşağı oldu».

«PRİPİSKA», YOXSA?

Müstəqil iqtisadçılar da builki quraqlıq dövründə Naxçıvanda taxılçılıq sahəsində hektara 29 sentner məhsul götürülməsini inandırıcı qəbul etmirlər. Onlar yada salırlar ki, hələ sovetlər dövründə Azərbaycanda «pripiska» yolu ilə məhsuldarlıq şişirdilirdi. Onlar ehtimal edirlər ki, görünür, Naxçıvanda bu ənənə hələ də qalmaqdadır.

XS
SM
MD
LG