Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:20

ABŞ öz vətəndaşını buraxdırmağa pul vermədi... - Mətbuat icmalı


James Foley
James Foley

Niyə Avropa ölkələri, İsrail öz vətəndaşlarını buraxdırmağa pul verir, ABŞ, Britaniya vermir? Bəlkə versə, yaxşıdır? Yaraqlıları jurnalistin boynunu vurmazdan əvvəl ABŞ-dan pul istəyiblər. ABŞ isə prinsipial olaraq verməyib.

PKK –nın təxribatları sülh prosesini pozmayacaq. Rusiyada son 10 ildə ixtiralara alınan patentlər, ABŞ-ın bir ştatında 10 ildə verilən patentlərdən azdır.

AL-QAİDA GİROVLARDAN 125 MİLYON QAZANIR

New York Times qəzeti yazır ki, İraq İslam Dövləti yaraqlıları amerikalı jurnalist James Foley-nin boynunu vurmazdan əvvəl ABŞ-dan onu buraxmağa görə pul istəyirmiş. Söhbət çox milyonluq məbləğdən gedirmiş. Bunu 40 yaşlı jurnalistin ailəsi və onunla dustaqlıqda olan bir nəfər deyib. Öz vətəndaşını xilas etmək üçün terrorçu qruplara milyonlarla pul verən Avropa ölkələrindən fərqli olaraq ABŞ hökuməti terrorçulara pul verməkdən imtina edib.

Hazırda 3 amerikalıdan başqa islam dövləti yaraqlıları Britaniya vətəndaşlarını da girov saxlayır. Britaniya da onları azad etmək üçün pul vermək istəmir. Yaraqlılar xariciləri azad etmək üçün siyahılarını elan ediblər. Onlar pul istəyir, əsirləri dəyişməyə də razıldırlar. Onlar məsələn, Texas həbsxanasında olan pakistanlı Aafia Siddiqui ilə mübadiləni istəyirlər. Ancaq ABŞ nə pul verir, nə əsir mübadiləsinə gedir.

ABŞ və Britaniyadan fərqli olaraq Fransa bu il 4 vətəndaşını , İspaniya isə 3 vətəndaşını əsirlikdən azad edib.

Qəzet yazır ki, Al-Qaida tutduğu adamları buraxmaqla son 5 ildə 125 milyon dollar qazanıb.

MƏNƏVİ SEÇİM: PRİNSİP YOXSA İNSAN HƏYATI?

Foley haqda bir neçə məqalə yazan New York Times qəzeti başqa məqaləsində soruşur ki, Amerikanın pulu James Foley-ni qurtara bilərdimi?

Qəzet hesab edir ki, ABŞ hökuməti oturub, fikirləşməlidir: öz prinsipini insanları xilas etməyə qurban vermək olarmı?

ABŞ-ın prinsipi terrorçuların tələblərinə boyun əyməməkdir.

İsrail isə əksinə, özünün əsir alınan əsgərlərini geri almağa ən yüksək haqqı ödəməyə hazırdır.

2011-ci ildə İsrail 1027 dustağı buraxdı. Onlardan 250 nəfərini əsir alınmış tək bircə İsrail əsgəri Gilad Shalitin azadlığa buraxılması naminə verildi.

İsrail əlbəttə, başa düşür ki, əsirə görə pul vermək qarşı tərəfi daha çox əsir almağa həvəsləndirir və İsrailin öz təhlükəsizliyinə problem yaradır. Ancaq bununla yanaşı İsrail pul verməyə hazırdır.

Qəzet yazır ki, jurnalist əsgər deyil, ABŞ da İsrail deyil. ABŞ prezidentləri də mənəviyyat professorları deyil. Prezident özünün hər hərəkətinin nəticələrinə görə məsuliyyət daşıyır.

Qəzetin bu yaxınlarda yaydığı araşdırmaya görə Al-Qaidanın əsir aldığı avropalılar əvəzinə aldığı pullar Al-Qaidanın dünya üzrə terror əməliyyatlarının maliyyə mənbəyidir. Məhz buna görə heç bir Avropa ölkəsi öz vətəndaşını azad etmək üçün pul verdiyini boynuna almır.

Qəzet yazır ki, Foley-nin boynu vurulan videonun sonunda digər amerikalı əsir Sotloff dizi üstə göstərilir, cəllad isə deyir: “Bu Amerika vətəndaşının həyatı, Obama, sənin son qərarından asılıdır”.

İslamçı yaraqlılar yəqin ki, demək istəyirlər ki, İraqın şimalında ABŞ havadan bomba zərbələrini dayandırsın.

Bu yenə mənəvi dilemma yaradır.

Bombalamanı dayandırmaq İraqın şimalında minlərlə insanı təhlükəyə salmaqdır.

Heç kim Obamanın vəziyyətində olmaq istəməz.

Qəzet yazır ki, demokratik dövlət iblislə üzləşəndə çox vaxt iflic olur.

Qəzet hesab edir ki, Obama ola bilsin ki, Steven Sotloffu xilas etmək üçün heç nə edə bilməz. Ancaq islam dövləti cinayətkarlarına göstərmək lazımdır ki, Qərb öz dəyərlərini qorumağa hazırdır.

MOLDOVA EHTİYATLI OLMALIDIR

Stratfor araşdırmalar mərkəzi yazır ki, Rusiya ilə Qərbin qarşıdurması indi Moldovada üzə çıxa bilər.

Mərkəzin təhlilinə görə, Rusiyanın Qərblə Ukraynada rəqabəti qonşu və xırda, lakin strateji əhəmiyyətli yer olan Moldovada vəziyyəti sabitsizləşdirə bilər.

Hətta yerli media güman edir ki, bu yaxlnlarda Moldovanın təhlükəsizlik qüvvələri ilə separatçı Dnestryanı region arasında döyüşlər başlaya bilər.

Stratfor məsləhət görür ki, Moldova ehtiyatlı olmalıdır ki, Dnestryanı regionla böyük münaqişə yaranmasın.

PKK İLƏ SÜLH ÜÇÜN YOL XƏRİTƏSİ

Wall Street Journal qəzeti yazır ki, Türkiyə PKK yaraqlılarının bir türk əsgərini öldürdüyünü bildirib. Son vaxtlar PKK-nın bu hücumları Türkiyə hökumətinin sülh cəhdlərini laxlada bilər.

Erdogan PKK problemini sülh yolu ilə həll edəcəyini özünün prezidentliyinin prioriteti elan edib. Türkiyənin 77 milyonluq əhalisinin 18 faizi kürdlərdir.

Erdogan 2012-ci ildə sülh cəhdlərinə başlayandan sonra 2013-cü ildə PKK-nın həbsdə olan lideri Ocalan atəşkəs elan etdi. Türkiyənin baş nazirinin müavini Besir Atalay PKK-nın son hücumlarını təxribat hesab edir. O, NTV-yə deyib ki, hökumət danışıqlar üçün yol xəritəsini hazırlayır.

O ehtimal edir ki, danışqlara İraqın şimalında Qəndil dağlarındakı PKK komandanlığı da daxil ediləcək.

Atalay deyir ki, “yol xəritəsi hazır olan kimi, hər biri ilə razılaşma zəruri olacaq”.

RUSİYA HƏTTA ALABAMA ŞTATINDAN GERİDİR

Christian Science Monitor qəzeti yazır ki, Putin Rusiyası neft və qazla zəngindir, ancaq bu, 21-ci əsrin tələb etdiyi diversifikasiya olunmuş, şaxələnmiş, yüksək səviyyəli iqtisadiyyat deyil.

Rusiya oliqarxları çox varlanıblar, ancaq onlar pulu innovasiyanın sayəsində qazanmırlar. Müqayisə üçün, ABŞ-ın cəmi bir ştatında – Alabamada son 10 ildə ixtiralara verilən patentlərin sayı bütün Rusiyada 10 ildə alınan patentlərdən çoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG