Avqustun 17-də Azərbaycanın 11 rayonunda ev, maşın, ot bağlaması yanğını baş verib. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Gədəbəyin Qaradağ kəndində, Gəncə şəhəri, Kəpəz rayonunda və Bərdə şəhərində ev yanğınları qeydə alınıb.
Bərdədəki yanğında evin bir hissəsi və həyətdəki “Ford” markalı yük avtomobili yanıb.
Bakı şəhərinin Xətai rayonunda taxta sexindəki yanğını isə səhər saatlarında söndürmək mümkün olub.
Gün ərzində ən çox yanğın hadisəsi Ağcabədi rayonda qeydə alınıb.
Rayonun Şahmalılar kəndində 10 hektar biçilmiş taxıl və otlaq sahəsi, Seyidlər kəndində həyətyanı sahəyə yığılmış 3 ton ot bağlaması, Qaravəlli kəndində isə 8 tonluq ot bağlamasının 3 tonu yanıb.
Ot bağlaması yanğını Şəmkir və Füzuli rayonlarında da qeydə alınıb.
Şəmkirin Sarıtəpə kəndində 1 tona yaxın, Füzuli rayonunun Böyük Bəhmənli kəndində isə 10 tonluq ot bağlamasının 5 tonu yanıb. Nazirliyin yaydığı ləlumatlarda yanğının səbəbləri barədə bir söz deyilmir.
Qubanın Hacıqaib kəndində isə sahibi məlum olamayan “VAZ” markalı minik avtomobili yanıb. Yanğınlar zamanı insan təlafatı olmayıb.