Azərbaycan Sahibkarlar Konfederasiyası Bakı, Gəncə, Əlibayramlı və Mingəçevir şəhərlərində sahibkarlar arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Sorğu «Korrupsiyaya qarşı mübarizədə sahibkarların, işəgötürənlərin və onlarının təşkilatlarının rolunun gücləndirilməsi» layihəsi çərçivəsində həyata keçirilib. Rəyi soruşulan 150 sahibkar onların fəaliyyətinə mane olan əsas amil kimi korrupsiyanı göstərib. Sorğuya qatılan iş adamlarının 53%-i bu fikirdə olub. 27% sahibkar inhisarçılığı, 10% yüksək vergiləri, 7% qanunsuz yoxlamaları fəaliyyətlərinə başlıca maneə kimi qiymətləndirib. Sorğudan belə nəticə əldə olunub ki, korrupsiya regionlarda, inhisarçılıq isə Bakıda daha güclüdür. Bu da yerli məmurların fəaliyyətində şəffaflığın olmaması, süründürməçiliyin və məmur özbaşınalığının güclü olması ilə səciyyələndirilir. Sahibkarlıq subyektləri, özəlləşdirilmədə, idxal-ixracda, vergi ödəmədə, hüquqlarının məhkəmə müdafiəsində də problemlərlə rastlaşırlar. Belə neqativ hallar isə özəlləşdirilmədə ictimai nəzarətin olmaması, məhkəmələrin icra strukturlarından asılılığının hələ də qalması ilə izah olunur.
Korrupsiya regionlarda, inhisarçılıq isə Bakıda daha güclüdür
