Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:25

«Azərbaycanda insan haqları təfəkkürü hələ formalaşmayıb»


Professor Rövşən Mustafayev
Professor Rövşən Mustafayev

«Azadlıq» radiosunun internet forumunda bu dəfə suallarınızı Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, professor Rövşən Mustafayev cavablandırıb


SUAL: Bir vaxtlar Kommunist partiyasının tarixindən və ya elmi kommunizmdən dərs deyən adamlar indi politoloq olub. Nə dərəcə də düzgündür ki, siyasi elmlər sahəsində bütün dissertasiyaların 3-cü fəsli mövzuya aidiyyatı oldu-oldu olmadı Heydər Əliyevdən bəhs edir… İndi Azərbaycan elminə yeni Lenin lazımdırmı?


Rövşən Faiq oğlu Mustafayev 1960-cı ildə Bakıda anadan olub. Azərbaycanın birinci siyasi elmlər doktorudur. 1990-cı illərin əvvəllərində ölkədə ilk müstəqil analitik mərkəz-Dövlət Quruculuğu və Beynəlxalq Əlaqələr İnstitutunu yaradıb, elmi-siyasi «Dirçəliş XXI əsr» («Vozrajdenie-XXI vek») jurnalını təsis edib, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun yaradıcısı və direktorudur. Siyasi təhlükəsizlik sahəsində eks- pertdir. Regional münaqişələri, seçki praktikası, etno-mədəni siyasət məsələləri onun elmi tədqiqat obyektidir. 70-dən çox elmi məqalə və kitabın müəllifidir. Bir çox beynəlxalq konfranslarda Azərbaycanı təmsil edib


CAVAB: Sovet dövründə elmi kommunizmdən dərs deyən alimlər orta statistik baxımdan icraçı alimlər olublar. Onlar nə Marksı təhlil edə bilirdilər, nə utopik kommunistlərdən - Sen Simondan, Furyedən, Ouendən xəbərləri var idi. Həmin alimlərdən təbii ki, indiki şəraitdə yeni fikir gözləmək özü absurddur. Mən istərdim elə bu sualın cavabı olaraq, bir paradoksal süjeti yadınıza salım. Bir gün Karl Marksı Vizbadenə çağırırlar gənc marksistlərlə görüşə. Müzakirələr başlayır, gənclər çıxış edirlər, amma, birdən fikir verirlər çıxışlar olduqca Marks həyəcan keçirir, əsəbiləşir. Nəhayət, Marks tribunaya çıxır və həmin məclisdə onun birinci və son sözü bu olur: «Əgər siz Marksın davamçısısınızsa onda mən Karl Marks deyiləm». Marksı ucuzlaşdıran onun fikirlərinin o vaxtlar Avropada dəbdə olmağı idi və ikinci tərəfdən də sovet dövründə Marksı büt etdilər.


SUAL: İnsan Hüquqlarının İnstitutunun direktoru kimi Azərbaycanda insan hüquqlarının vəziyyətini necə qiymətləndirirsiniz?


CAVAB: Mənə elə gəlir ki, necə ki, biz bir vaxtlar kommunizm ideyasını ucuzlaşdırmışıqsa eləcə də indi insan haqları ideyasını ucuzlaşdırmağa doğru gedirik. İnsan haqları təfəkkürü Azərbaycanda hələ formalaşmayıb. İnsan haqları məsələsi söz azadlığından daha çox fikir azadlığından başlanır. Azərbaycanda isə söz azadlığı fikir azadlığını qabaqladı. Ona görə də nə iqtidar, nə də müxalifət qəzetləri oxunur. Yəni fikir azad deyilsə, sözün azad olması nəyə lazımdır…


SUAL: Azərbaycan prezidentlik üsul-idarəsinin zəiflədilməsi ilə demokratiyaya keçidin sürətləndirilməsinə necə baxırsınız?


«İndi Azərbaycan NATO-ya üzv olmaq istəyir, buna görə Zərdab camaatı nə etməlidir? Və ya neft strategiyasının Zaqatala camaatına nə aidiyyəti var-heç kəmər də onların ərazisindən keçmir»
CAVAB: Mən həmişə bu fikirdə olmuşam yenə də bu fikirdə qalıram ki, hakimiyyət obrazlı desək «dəmir əl» kimi olmalıdır. Amma, bu əl görsənməməlidir. Məsələn, Avropada biz hansısa uzaq məsafəyə gedəndə yolda bir nəfər də olsun polis görmərik. Amma, hər bir sürücü bilir ki, yol polisin nəzarəti altındadır. Bizdə isə hakimiyyət görünür. Bizdə polis küçələrdədir - 10 metrdən bir dayanıblar insanları da hirsləndirən budur. Demokratiya əslində yaxşı idarəçilikdir. Ən yaxşı ibarəçiliyin də konkret obrazı ondan ibarətdir ki, o görsənmir. Bizdə polis də, nazirlər də, onların yaratdıqları villalar da görsənir… Başqa sözlə Azərbaycanda hər şey göz qabağındadır, insanlar da bundan əziyyət çəkirlər.


SUAL: Cənubi Azərbaycanlıların hüquqları ilə bağlı hansısa addımlar atmısınızmı?


CAVAB: Biz etnik baxımdan bir xalqıq. Amma indi elə güclər var ki, şimali və cənubi Azərbaycanın birləşməsi prosesindən istifadə etmək və hətta bizi qurban vermək niyyətindədirlər. Mən istəməzdim ki, mənim soydaşlarım növbəti dəfə hansısa ssenarinin qurbanı olsunlar. Bir var ki, biz öz milli ideyamızın qurbanı olaq, bir də var ki, kimlərinsə planlarının… Bu gün bizim vəzifəmiz cənubda yaşayan bacı, qardaşlarımızın insan hüquqları məsələsini qaldırmaqdır. Bu mübarizəmizdə BMT insan hüquqlarına aid sənədlərinə istinad etməyimiz çox vacibdir. Biz cənublu qardaşlarımızın hüquqlarının müdafiəsində BMT-nin prinsipləri ilə yanaşı, Quranın da insan haqlarına dair müddəalarını da qabartmalıyıq.


SUAL: Azərbaycanda artıq bir neçə ildir ki, ombudsman təsisatı formalaşıb. İnsan hüquqları üzrə müvəkkilin fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?


CAVAB: Azərbaycana ombudsman təsisatı anlayışını Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əməkdaşları gətirib. Biz ombudsman təsisatı ilə bağlı Milli Məclisə qanun layihəsi təqdim etdik, amma təəssüflər olsun ki, bu bizə bəlli olmayan səbəblərdən müzakirə çıxarılmadı. Müxtəlif ölkələrin praktikasına istinad edilən edən bir «osorti» qanun qəbul edildi. İndi bəzi qüvvələr ombudsman institutunun parçalamaq niyyətindədir. Bunların hamısı həmin qanundakı boşluqdan irəli gəlir.


SUAL: Azərbaycanın bir dövlət olaraq, milli siyasəti varmı?


«Mən hesab edirəm ki, Qobustan həbsxanasında işləyən kadrlar din üzrə imtahan verməlidirlər, Quranı bilməlidirlər, namaz qılmalıdırlar. Yəni onlar sıravi adam deyil, onlar, başa düşməlidir ki, ömürlük həbs olunmuş adamla dünyanın yeganə vasitəsidirlər»
CAVAB: Bu gün Azərbaycan sanki, iki təbəqədən ibarətdir: Bakı və bir də qalan Azərbaycan. Rəsmi Bakı NATO ilə müttəfiqlik edir, ayrı-ayrı sazişlərin iştirakçısı olur, amma, tutaq ki, Ağsu rayonuna bunun nə dəxli var? Nə etməlidir Quba camaatı ki, Azərbaycan NATO-ya üzv olmaq istəyir? Demək istədiyim odur ki, bu siyasət hələ ki, sistemə çevrilməyib. Etiraf edək ki, sosializm ideologiyası pisliyindən, yaxşılığından asılı olmayaraq, bir sistemə çevrilmişdi. Sosializm yarışında Qubalılar bilirdilər ki, nə qədər alma yığacaqlar, Ağsulular bilirdilər ki, nə qədər pambıq yığacaqlar. Mən demirəm bu yaxşı idi, amma, hər halda sistem kimi mövcud idi. İndi Azərbaycan NATO-ya üzv olmaq istəyir, buna görə Zərdab camaatı nə etməlidir? Və ya neft strategiyasının Zaqatala camaatına nə aidiyyatı var-heç kəmər də onların ərazisindən keçmir. Başqa sözlə desək onlar yeni oyunun oyunçusu deyillər. Deməli bu ideologiya sistemə çevrilməyib, belə olan təqdirdə icra başçıları özlərini istər-istəməz birinci katib kimi aparırlar.


SUAL : Azərbaycan elmi hazırda sürünür. Son illər ərzində nə fundamental , nə də humanitar elm sahələrində demək olar ki, hər hansı parlaq nəticələrdən danışmaq mümkün deyil. Akademiyada hansı islahatlar aparılmalıdır? Ümumiyyətlə reanimasiya vəziyyətində olan Azərbaycan elmini xilas etmək mümkündürmü?


CAVAB: Bu gün Elmlər Akademiyanı məmurlardan təmizləmək lazımdır. Alimlər özləri yeni münasibətləri qurub yaratmalıdırlar. Mühit olandan sonra bütün məsələlər öz həllini tapmalıdır…


Mən də daxil olmaqla alimlər gecələr yatmırlar nəsə bir şey yazsınlar və kimsə onların yazdıqlarını oxusunlar. Amma, çox təəssüflər olsun ki, oxumurlar.


SUAL: Hörmətli Rövşən müəllim Azərbaycanın penitensiar sisitemi dəfələrlə beynəlxalq təşkilatların hesabatlarında tənqid hədəfinə tuş gəlir. Məhbəslərdə insan ləyaqətinin alçaldılmasından tutmuş, müxtəlif qeyri-insani hadisələr baş verir. Siz İnsan Hüquqları İnstitutunun direktoru kimi bu sahə ilə maraqlanmısınızmı?


CAVAB: 2000-ci ildən penitensiar sistemdə pozitiv dəyişikliklər başladı. Bu tək mənim yox, bir çox ekspertlərin, eləcə də beynəlxalq təşkilatların rəyləridir. Yəni biz sıfır variantından haradasa minusa gəlib yaxınlaşırdıq. Ola bilsin ki, sıfır özü böyük rəqəm deyil, amma, proqresi görəndə adam sevinirdi. Hal-hazırda yeni ideyalara böyük bir ehtiyac var, çünki, Azərbaycanda penitensiar islahatların sürəti nəinki artmır, hətta dayanmağa yaxındır. Bu baxımdan penitensiar sistemdə çalışan kadrlardan çox şey asılıdır. Mən hesab edirəm ki, Qobustan həbsxanasında işləyən kadrlar din üzrə imtahan verməlidirlər, Quranı bilməlidirlər, namaz qılmalıdırlar. Yəni onlar sıravi adam deyil, onlar, başa düşməlidir ki, ömürlük həbs olunmuş adamla dünyanın yeganə vasitəsidirlər. Ancaq, indi orada işləyən adamlara bu standartlarla yanaşmaq mümkündürmü? Biz görürük ki, yox…


XS
SM
MD
LG