Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 19-da təkrar bələdiyyə seçkiləri keçiriləcək dairələrə bülletenləri paylamağa başlayıb. MSK-nın Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev «Azadlıq» radiosuna bildirib ki, seçki keçiriləcək 82 dairəyə bülletenlərin paylanması həftənin sonunadək başa çatdırılacaq. Gələn həftədən isə bülletenlərin Məntəqə Seçki Komissiyalarına (MSK) paylanması mərhələsi başlanır.
Mətbuat Xidməti rəhbərinin sözlərinə görə, MSK Bakıdakı diplomatik korpusun nümayəndələrini, beynəlxalq təşkilatları və Seçki Sistemləri üzrə Beynəlxalq Fondu bülletenlərin paylanması prosesini müşahidə etməyə çağırıb.
Oktyabrın 6-da keçiriləcək təkrar bələdiyyə seçkilərində iştirak edəcək seçicilərin sayı 800 min nəfərdən artıqdır.
Oktyabrın 6-da Azərbaycanda bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə seçkilər keçiriləcək.