Sentyabrın 19-da Apellyasiya Məhkəməsində «Milli Yol» qəzetinin baş redaktoru Şahin Ağabəylinin şikayətiylə bağlı məhkəmə prosesi başlandı.
Cənab Ağabəyli Nəsimi Rayon Məhkəməsinin bu il avqustun 10-da çıxardığı hökmdən apellyasiya şikayəti verib. Sözügedən məhkəmə baş redaktoru millət vəkili Arif Rəhimzadənin iddiası əsasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə (təhqir və böhtan) təqsirli bilərək 1 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmədəki çıxışında Şahin Ağabəyli dedi ki, Arif Rəhimzadə haqqında «Milli Yol» qəzetində məqalələr dərc olunduğu dövrdə - 2005-ci il sentyabrın 23-dən noyabrın 9-na qədər deputatlığa namizəd olduğundan baş redaktor vəzifəsində işləməyib. Buna görə də dərc olunan yazılarla bağlı məsuliyyət daşımır. O, Nəsimi Rayon Məhkəməsinin çıxardığı hökmü sifarişli adlandırdı və məhkəmədən bəraət istədi.
Proses sentyabrın 26-da davam edəcək.