Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:14

Qubanın alma bağları susuzluqdan yanıb


Bu il quraqlıq olduğundan alma bağlarının böyük hissəsi susuz qalıb
Bu il quraqlıq olduğundan alma bağlarının böyük hissəsi susuz qalıb
Birinci dəfə Qubanın alma bağlarına ayaq qoyan adam bağın hansı tərəfindən keçəcəyini bilmir. Addımını ehtiyatla atır. Çünki hər tərəf-həm ağacların budaqları, həm də yer almayla doludur. Baxmayaraq ki, bağçılar bu il məhsulun az olduğunu deyirlər, ancaq bu mövsüm də ümidləri alma bağlarınadır.

Bağbanlardan biri-Cəbrayıl Ağabəyov deyir ki, yığım indi olsa da, alma bağlarına bütün il boyu qulluq olunur. Quraqlıq olduğundan bağların böyük hissəsi susuz qalıb, məhsul da azalıb: «Bütün ili bağda çalışırsan, qışda qış işləri görürsən, yayda yay işi, yazda yaz işi. İl uzunu aqrotexniki qulluq olunur, bellənir, budanır, zərərvericilərə qarşı dərman preparatlarından istifadə olunur, suvarılır, yığım başlanır».


Bağçılar bu mövsüm də almanın böyük hissəsini Rusiya bazarlarında satacaqlarını planlaşdırırlar, çünki Rusiyada yetişdirdikləri məhsulu daha baha satırlar. Camaat da bağlarındakı məhsulu qapılarından alanlara satmağa üstünlük verirlər.


Kənardan Qubaya dincəlməyə gələnlər isə mütləq alma bağlarına da baş çəkirlər.


«Elə bil cənnətdəyik», «Bu almalar çox dadlıdır, şirindir, əsl Quba almasıdır», «Birinci dəfədir bu qədər almanı bir arada görürəm».


Qubalılar isə almanı satmaq üçün təkcə Bakıya, Rusiyaya aparmırlar. Yolboyu hər tərəf vedrədə, yeşikdə sarı, qırmızı, yaşıl, ağ almalarla doludur. İslam kişi ən ucuz almanı özünün satdığını deyir: «Camaat vedrəsini 7 minə satır, mən, 3-4 minə». Zərifə isə deyir ki, su olmadığından alma bağlarında bu yay daha çox əziyyət çəkiblər: «Çox əziyyət çəkdik, vedrələrlə su daşıyıb dibinə tökmüşük ki, əziyyətimiz boşa getməsin».


Bağbanlar əlverişsiz şəraitdə yetişdiyinə görə almanın qiymətinin ancaq payızda ucuz olacağını deyirlər. Cəbrayıl Ağabəyov deyir ki, qışa doğru qiymətlər qalxacaq: «Qiymət 1 manatdan yuxarı olacaq. Çünki məhsul az oldu. Sentyabr-oktyabrda ucuz olacaq, sonra isə qalxacaq».


Çətin şəraitdə yetişdirsələr də, Quba kəndlərində əhalinin çoxu 40-50 il əvvəl olduğu kimi indi də alma bağlarına ən gəlirli sahə kimi baxırlar. Bağçılar hər il olduğu kimi bu il də bir neçə ağac əkməklə də olsa bağlarını genişləndirirlər. Genişləndirməklə bu sehrli meyvənin həyatlarını yaxşılığa doğru dəyişdirəcəyinə ümid edirlər. Lap Məlikməmməd nağılında olduğu kimi.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG