«Yeni Fikir» Gənclər Təşkilatı (GT) ABŞ-ın və Avropa Birliyinə daxil olan ölkələrin Azərbaycandakı səfirliklərindən sentyabrın 13-də qurumun həbsdə olan üzvlərinin Apellyasiya Məhkəməsində keçiriləcək məhkəmə prosesinə diqqət ayırmalarını istəyir.
Təşkilatın şərti azadlıqdan məhrum edilmiş sədr müavini Səid Nuri sentyabrın 6-da keçirdiyi mətbuat konfransında bildirdi ki, xaricdə müalicəyə ehtiyacı olsa da, ona icazə verilmir. «Xaricə müalicə üçün getmək istəyirəm, mühacirət etmək fikrim yoxdur».
Cənab Nuri «Yeni Fikir» GT-nın həbsdə olan rəhbərləri Ruslan Bəşirli və Ramin Tağıyevin səhhətində problemlər yarandığını da dedi. Onun sözlərinə görə, Ruslan Bəşirli və Ramin Tağıyev tibb müəssisəsinə köçürülmür, ikinci isə şəraiti daha pis olan kameraya yerləşdirilib.
Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin şöbə rəisi Rafiq Ramazanov isə «Azadlıq» radiosuna bildirdi ki, Ruslan Bəşirlinin və Ramin Tağıyevin saxlandığı Bayıl təcridxanasında tibb müəssisəsi var, ehtiyacı olan məhbuslara həkimlər yardım göstərirlər. Ramin Tağıyevin kamerasının dəyişdirilməsinə gəldikdə isə, cənab Ramazanov bunları bildirdi: «Bizdə pis, yaxşı kameralar yoxdur, hamısı eynidir».
Hakimiyyəti zorla dəyişdirməyə cəhddə təqsirləndirilən Ruslan Bəşirli və Ramin Tağıyev Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə ilə 7 və 4 il müddətinə azadlıqdan məhrum edilib, Səid Nuri isə 5 il şərti cəza alıb. Onların məhkəmə hökmündən şikayətinə sentyabrın 13-də Apellyasiya Məhkəməsində baxılacaq.