Azərbaycanda vətəndaş cəmiyyəti institutları son zamanlar zəifləmiş təsir bağışlayır. Bu baxımdan Qeyri Hökumət Təşkilatları (QHT) xüsusi diqqət çəkir. Bu sektorun tənəzzülü həm maddi, həm də siyasi səbəblərlə izah edilir. Ancaq bu zəifliyin səbəblərinə keçməzdən əvvəl cəmiyyətdə QHT-lərdən narazılığın mahiyyətinə toxunaq. «Gün Səhər» qəzetinin şərhçisi Elxan Şahinoğlu deyir ki, son həftələr ölkədə bir sıra mühüm hadisələr baş versə də, hüquq müdafiəçiləri əsasən seyrçi mövqe tutublar. O, həmin hadisələr sırasında ölkənin 30-dan çox rayonuna təbii qazın verilməməsini, bir sıra təcridxanalarda ölüm, intihar hallarını göstərir. Cənab Şahinoğlu bildirir ki, əgər QHT-lər mətbuatla birgə lazımı fəallıq göstərsəydilər, həm ölkədə kommunal borcların yığılması vəziyyətinə, həm də təcridxanalardakı şəraitə müəyyən aydınlıq gətirmək mümkün olardı.
Bəzi hüquq müdafiəçiləri isə deyirlər ki, ölkədə ümumilikdə ictimai fikrin zəifləməsi, istər müxalifətin, istər müstəqil mətbuatın, istərsə də QHT-lərin cəmiyyətin idarə edilməsindən sıxışdırılmaları ilə müşahidə edilməkdədir. «FAR» İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə deyir ki, Azərbaycanda nə dövlət, nə də iş adamları ictimai təşkilatlara ciddi maliyyə yardımları edir.
Milli QHT Forumunun icraçı direktoru Fərasət Qurbanov isə hökumətin ictimai təşkilatları nəzarətə götürməsi barədə fikirlərlə razılaşmır. Onun fikrincə, Azərbaycanda bu sahənin zəifləməsinin başlıca səbəbi xarici donor təşkilatların maliyyə yardımlarını azaltmasıdır: «Əgər 2004-cü ildə ölkədə 900-dən çox QHT yaranmışdısa, 2005-ci ildə bu rəqəm 138-ə enib. Bu da həmin sahəyə marağın kəskin azaldığını göstərir». Cənab Qurbanovun sözlərinə görə, indiyə qədər Azərbaycanda 3 mindən çox Qeyri Hökumət Təşkilatı qeydiyyatdan keçib və onların bir çoxu vətəndaş cəmiyyətinin inkişafında heç də az rol oynamırlar.
Demokratik Seçkilərə Yardım Mərkəzinin rəhbəri Əli Quliyev isə QHT-lərin fəallığının azalmasını həm də effektli işə tələbatın azalması ilə izah edir. Onun sözlərinə görə, bəzən aparılan monitorinqlər də görüntüyə xidmət edir: «Neft Fondu ilə və Azərbaycanda hansısa korrupsiya məsələsi ilə bağlı araşdırmalar bir çox hallarda görüntüdən ibarətdir. Çünki QHT-lər də ölkədəki reallıqlarla barışıb».
Əli Quliyev bildirir ki, QHT-lərin inkişafı bütünlükdə ölkədə aparılan islahatlarla çox bağlıdır. Əgər vətəndaş cəmiyyəti inkişaf etməsə, korrupsiyaya qarşı mübarizə, məhkəmə-hüquq sistemində islahatlar ciddi nəticə verməyəcək. Vətəndaş cəmiyyətinin inkişafı da siyasi, iqtisadi azadlıqlardan çox asılıdır.