Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:26

QHT-lərin qeydiyyat prosedurası nə vaxt sadələşdiriləcək?


Ədliyyə naziri QHT-lərin qeydiyyatının nə vaxt sadələşdiriləcəyi ilə bağlı bir söz demir
Ədliyyə naziri QHT-lərin qeydiyyatının nə vaxt sadələşdiriləcəyi ilə bağlı bir söz demir

İyulun 4-də Ədliyyə Nazirliyi məlumat yaydı ki, 20 Qeyri Hökümət Təşkilatını (QHT) qeydiyyatdan keçirib. Halbuki son məlumatlarda 1000-dən çox QHT-nin nazirliyə cavabsız müraciəti olduğu bildirilirdi. Əksər beynəlxalq təşkilatların tövsiyələrində qeydiyyat prosesinin sadələşdirilməsi istənilir.


Demokratik Seçkilərə Yardım Mərkəzinin (DSYM) sədri Əli Quliyevin dediyinə görə, 10 ilə yaxındır rəhbərlik etdiyi qurum qeydiyyata alınmır: «1997-ci ildən bəlkə 30-40 dəfə sənədlərimizi Ədliyyə Nazirliyinə təqdim etmişik, ancaq heç bir nəticəsi yoxdur. Bəzi məmurlar QHT-ləri xarici kəşfiyyata işləyən qurumlar hesab edirlər».


Mərkəz rəhbərinə görə, əslində, qanunda bununla bağlı hər şey öz qaydasındadır. Bütün sənədlər toplanıb notariat qaydasında təsdiqlənəndən sonra Ədliyyə Nazirliyinə verilməlidir və 40 gündən sonra hər hansı bir irad olmazsa təşkilat qeydə alınmış hesab edilir: «Amma bu, kağız üzərindədir»


Cənab Quliyev bildirir ki, belə problemlə üzləşən təkcə onlar deyil, neçə illərdir ki, qeydiyyatla bağlı müraciət edən yüzlərlə təşkilat var. Azərbaycandan fərqli olaraq qonşu Gürcüstanda QHT-lərin qeydiyyatının xeyli sadələşdirildiyini deyən mərkəz sədrinə görə, bu ölkədə qəzet açmaqla QHT yaratmaq arasında elə fərq qalmayıb. Əli Quliyevə görə, Azərbaycanda QHT-lər dövlət qeydiyyatına 40 gün müddətində alınmalıdırsa, Gürcüstanda həmin müddət cəmi 10 gündür.


Amma 400-dən çox təşkilatın birləşdiyi Milli QHT Forumunda, qeydiyyatla bağlı iradlarla razılaşmırlar. Forumun icraçı direktoru Fərasət Qurbanov deyir ki, indi qeydiyyata alınmayan təşkilatlar fəaliyyəti olmayanlardır: «Onların əksəriyyəti vaxtilə donorların çoxluğu dövründə axına qoşularaq qrant almaq həvəsilə yaradılan təşkilatlardır».


Sonralar vəziyyətin bir qədər dəyişdiyini deyən cənab Qurbanova görə, indi donor təşkilatlar daha çox dövlət qeydiyyatına alınan təşkilatlarla işləməyə üstünlük verirlər ki, sonradan QHT-nin təmsil olunduğu dövlətlə hər hansı problemləri yaranmasın.


DSYM-in rəhbəri Əli Quliyevsə, hesab edir ki, əslində, rəsmi qurumlar müstəqil QHT-lərin qeydiyyata alınmasında maraqlı deyillər. Onun sözlərinə görə, Cənubi Qafqazda QHT-lərin sayına görə, Azərbaycan sonuncu yerdədir: «Əgər Azərbaycanda indiyə qədər iki mindən artıq QHT qeydiyyata alınıbsa, Gürcüstan və Ermənistanda bu rəqəm 10 mindən yuxarıdır».


Ədliyyə naziri Fikrət Məmmədovsa, kommersiya qurumlarının qeydiyyatının xeyli sadələşdirildiyini, hətta onların qeydiyyat məsələsinin 40 gündən 5 günə endirildiyini bildirsə də, bunun QHT-lərə şamil olunmadığını deyir. QHT-lərin qeydiyyatı ilə bağlı belə sadələşdirilmənin nə vaxt olacağı barədə isə, nazir bir söz demir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG