Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:28

«Elmar Hüseynov» Fondu prezidentə müraciət etməyə hazırlaşır


«Elmar Hüseynov» Fondunun həmtəsisçilərinin mətbuat konfransı, 26 iyul 2006
«Elmar Hüseynov» Fondunun həmtəsisçilərinin mətbuat konfransı, 26 iyul 2006

«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin ilkin istintaqı zamanı ölkəyə xarici ekspertlər dəvət edilmişdi. İndiki mərhələdə - qətli törətdiyini bildirən Hacı Məmmədov və ya başqalarının dindirilməsinə də xarici ekspertlərin dəvət edilməsinə ehtiyac yoxdur ki?


«Elmar Hüseynov» Fondu Azərbaycana yenidən xarici mütəxəssislərin çağırılması ilə bağlı prezidentə müraciət etməyə hazırlaşır. Fondun həmtəsisçisi Şahbaz Xuduoğlu yada salır ki, jurnalistin qətlindən dərhal sonra həm ABŞ Federal Təhqiqatlar Bürosundan, həm də Türkiyə Əmniyyət Bakanlığından mütəxəssislər gəlmişdi və onların Hacı Məmmədovun dəstəsinin ifşasında müstəsna xidmətləri oldu. Cənab Xuduoğlu deyir ki, Elmar Hüseynovun qətlinin istintaqının hazırkı mərhələsində də xarici mütəxəssislərin çağırılmasına ehtiyac var: «Əgər xaricdən mütəxəssislər gələrsə, onlar daxildə hansısa qruplaşmaların istəyinə yox, faktlara əsaslanacaqlar. Ancaq indi istintaqa ciddi nəzarət var və bunu rəqabətdə olan daxili qruplaşmalar yaradır».


Hazırda Hacı Məmmədov və onun dəstəsinin bir neçə üzvü Elmar Hüseynovun qətli ilə bağlı ifadə vermək üçün istintaqa cəlb edilib. Bu qrupun məhkəməsində Hacı Məmmədov bildirmişdi ki, Elmar Hüseynovu da onun dəstəsi qətlə yetirib. İndi çoxlarını belə bir sual düşündürür: Hacı Məmmədov və onun dəstəsinin üzvlərinin istintaqa verdikləri ifadələrlə baş verən qətl arasında tam uyğunluq varmı?


Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Arif Babayev deyir ki, hazırda istintaq getdiyindən onlar hər hansı bir açıqlama vermək istəmirlər. Ancaq cənab Babayev xarici mütəxəssislərlə əməkdaşlığı istisna etmir: «Biz özümüz açıqlama vermişik ki, Elmar Hüseynovun qətli ilə bağlı ABŞ Federal Təhqiqatlar Bürosu ilə əməkdaşlıq edirik».


Ancaq MTN rəsmisi yaxın günlərdə ABŞ Federal Təhqiqatlar Bürosundan Azərbaycana mütəxəssislərin gəlib-gəlməyəcəyi ilə bağlı heç nə demir.


Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl isə deyir ki, əsas məsələ istintaq qrupunun güc orqanları rəhbərlərindən asılılığını aradan qaldırmaqdır. Onun sözlərinə görə, əgər müstəntiqlərə sərbəstlik verilərsə, xarici mütəxəssislər olmadan da obyektiv istintaq aparıb, bu qətllə bağlı bütün müəmmalara son qoymaq olar: «Bu qətllə bağlı hüquq-mühafizə orqanlarının rəhbərləri daim ziddiyyətli bəyanatlar verirlər. Belə təəssürat yaranır ki, onlar bu işin hansısa hissəsinin tam açılmasında maraqlı deyillər. Ancaq prezident yerli mütəxəssislərdən ibarət tam müstəqil istintaq heyəti yarada bilər». Cənab İsmayıl deyir ki, ABŞ Respublikaçılar İnstitutunun Azərbaycandakı keçmiş proqram rəhbəri Con Elvisin qətli ilə bağlı istintaqında özünü göstərən ziddiyyətlərin bu işdə də baş verməməsi üçün xarici mütəxəssislərlə əməkdaşlığa çox böyük ehtiyac var.


2000-ci il noyabrın 30-da Bakıda qətlə yetirilən Con Elvisin istintaqını paralel ABŞ Federal Təhqiqatlar Bürosunun mütəxəssisləri də aparırdı. Onda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi ilə ABŞ-dan gələn mütəxəssislər qətli törədən şəxslərin kimliyi ilə bağlı tamam fərqli nəticələr əldə etmişdilər...


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG