Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:48

"Romanların oxucuya ciddi təsiri olduğuna inanmıram"


Philip Roth, 2010
Philip Roth, 2010

-

"Sistemin bəslədiyi yazarlar partiyanın muzdlu mirzələrinə çevrilirlər.

Belə bir system iki-üç nəsil boyunca hökranlığını davam etdirirsə, iyirmi, otuz, yaxud qırx il yazıçı cameəsini amansızcasına yonub-rəndələyirsə, həvəs-istək də bəlli çərçivəyə düşür, dil də təravətini itirir, oxucu kütləsi də kitab aclığından ölüb gedir".

Tanınmış Amerika yazıçısı Philip Roth-un "Paris review" jurnalına müsahibəsindən (1984)

- Necə bilirsiniz, bir yazıçı kimi ictimai mühitə, mədəniyyətə nə kimi təsiriniz olub?

- Heç bir. Mən heç bilmirəm, əgər kollecdə oxuyan vaxtlarımda ilk əvvəl qurduğum planların arxasınca gedib hüquqşünas olsaydım, bunun mədəniyyətə bir istisi-soyuğu olardımı.

- Hirsinizdən belə deyirsiniz, yoxsa bu vəziyyət ürəyinizcədi?

- Heç biri. Bu, həyatımızın gerçəkliyidir. Mütləq ifadə azadlığına əsaslanan bu nəhəng alış-veriş cəmiyyətində mədəniyyət bir maldır. Bu yaxınlarda Louis L’Amour* "ölkə qarşısında xidmətlərinə görə" Konqresin xüsusi Qızıl Medalını alan ilk Amerika romançısı oldu. Medalı ona Ağ evdə prezident təqdim etdi. Dünyada yazıçının öz hökumətinin ali mükafatını qəbul edəcəyi başqa bir ölkə də Sovetlər Birliyidir.

Amma o da var ki, totalitar dövlətdə mədəniyyət rejimin diqtəsi ilə yaranır, xoşbəxtlikdən, biz burada Amerikada Platon yox, Reyqan respublikasında yaşayırıq və verdikləri o mənasız medalı çıxmaq şərtilə, mədəniyyət onların vecinə də deyil. Belə olması daha yaxşıdı. Nə qədər ki, başda oturanlar Louis L’Amour kimi yazıçılara mükafat verməyə davam edib qalan heç nəylə maraqlanmayacaqlar, hər şey yaxşı olacaq.

Mən İlk dəfə Çexoslovakiyada olanda ağlıma belə bir fikir gəldi: demək ki bizim cəmiyyətdə yazıçı üçün mövzu olacaq hər cür hadisə baş verir, amma bunların elə bir dərin məna yükü yoxdur, halbuki Praqada görüşdüyüm yazıçılar üçün cəmiyyətdə heç nə baş vermir, amma hər şeyin dərin bir anlamı var.

Amma bu o demək deyil ki, mən onların yerində olmaq istərdim. Mən nə onlara, nə onların təqib olunmalarına, nə də təqiblərin nəticəsində ictimai çəkilərinin artımasına həsəd aparıram. Mən hətta onların ilk baxışda daha dəyərli, daha ciddi görünən mövzularına da həsəd aparmıram.

Şərqdə çox ciddi sayılan bir xeyli mövzu Qərbdə də mövcud olduğu halda əhəmiyyəti azaldılır. Bunun özü də bir mövzudur və onu inandırıcı bir nəsr nümunəsinə çevirmək çox güclü təxəyyül və ustalıq tələb edir.

Philip Roth
Philip Roth

Öz ciddiliyini nə ritorik eyhamlarla büruzə verən, nə də ənənəvi olaraq ciddiliklə assosiasiya olunan ağır mövzusu ilə diqqət çəkən ciddi bir kitab yazmaq da layiqli bir işdir.

Sən elə bir ruhi vəziyyəti təsvir edirsən ki, oxucu nə dərhal şoka düşəsidi, nə də qorxudan sarısını udası, üstəlik, bu, heç də hamıda mərhəmət hissi oyatmayacaq, geniş tarixi kontekstdə, ya da 20-ci əsrin ən dəhşətli əzabları kontekstində də verilməyəcək, bax, hər cür hadisənin baş verdiyi, amma heç nəyin dərin anlamı olmadığı yerin yazarlarının işi belə çətindi.

Bu yaxınlarda eşitdim ki, tənqidçi George Steiner ingilis televiziyasındakı çıxışında çağdaş Qərb ədəbiyyatını tamamilə dəyərsiz və keyfiyyətsiz adlandıraraq sərt tənqid edib. O iddia edir ki, insan qəlbinin dahiyanə tərənnümünə, şedevrlər yaratmağa yalnız Çexoslavakiyadakı kimi rejimlərin əzdiyi insan ruhu qadirdir.

Maraqlıdır ki, görəsən, onda niyə mənim tanıdığım Çexoslovakiya yazıçılarının hamısı rejimə nifrət edir və səmimi qəlbdən, onun yer üzündən silinməsini arzulayır.

Bəlkə onlar Steiner-dən fərqli olaraq bunun onları şöhrətə aparan yol olduğunu anlamırlar?

Bəzən möcüzəvi şəkildə, bir-iki yazıçı amansız bir mücadilə bahasına özünü qoruya, rejimi öz əsərlərinə mövzu seçə və təqib edilmələri mövzusunda yüksək səviyyəli sənət əsəri yarada bilir.

Amma böyük bir qismi totalitar dövlətlərdə təcrid vəziyyətində yaşadığı üçün sistem tərəfindən bir yazıçı kimi məhv edilirlər.

Sistem şedevr yox, infarkt, xora və astma yaradır, o, yazıçını alkoqolikə çevirir, əzib depressiyaya salır, acı yaşadır, ümidini əlindən alır, dəli edir. Yazıçılar intellektual baxımdan eybəcərləşir, ruhən sarsılır, fiziki cəhətdən zəifləyir və hər şeydən bezgin olur. Çox vaxt tamamilə susdurulur. Ən qabiliyyətlilərinin onundan doqquzu sistemin ucbatından heç zaman ən yaxşı əsərlərini yaza bilmir.

Sistemin bəslədiyi yazarlar partiyanın muzdlu mirzələrinə çevrilirlər. Belə bir system iki-üç nəsil boyunca hökranlığını davam etdirirsə, iyirmi, otuz, yaxud qırx il yazıçı cameəsini amansızcasına yonub-rəndələyirsə, həvəs-istək də bəlli çərçivəyə düşür, dil də təravətini itirir, oxucu kütləsi də kitab aclığından ölüb gedir, original, çeşidli, dinamik (bu, iradəli bir yazarın təklənsə də, özünü qorumaq üçün mücadilə verməsindən çox fərqli bir anlayışdır) milli ədəbiyyatın mövcudluğu demək olar ki mümkünsüz olur.

O ədəbiyyat ki, bədbəxtçilikdən, çox uzun müddət təcrid olunmuş, andeqraund vəziyyətində qalır, hətta müdhiş gerçəkliyin tükənməzliyindən ilham alsa belə, onun əyalət səviyyəsinə, geridəqalmış, hətta sadəlövh vəziyyətə düşməsi qaçılmazdır. Bizsə, əksinə, totalitar hökumətin basqısı altında olmadığımız üçün, cəmiyyətdə baş verənləri necə varsa elə əks etdirmək imkanından məhrum olunmamışıq.

Mən George Steiner-dən başqa ikinci bir Qərb yazarı tanımıram ki, bu cür təntənəli və sentimental şəkildə insan əzabları və “dahiyanə əsərlər”in təsirinə düşsün və Dəmir Pərdə arxasından öz səviyyəsi haqda bədgüman qayıtsın, nə var-nə var o cür bədbəxt bir intellektual və ədəbi mühitlə rəqabət apara bilmir.

Əgər bir yanda Louis L’Amour, bizim ədəbi azadlıq, çoxşaxəli, canlı milli ədəbiyyatımız, o biri yanda isə Solzhenitsyn, həmən o mədəni səhralıq, amansız təqiblər arasında seçim edəsi olsam, mən L’Amour-u seçərdim.

- Bəs özünüzü Amerika cəmiyyətində bir yazıçı kimi gücsüz hiss eləmirsiz?

- Roman yazmaq gücə-qüdrətə aparan yol deyil. Mən yaşadığım cəmiyyətdə romanların kiməsə ciddi təsiri olduğuna inanmıram. Olsa-olsa beş-on adama təsir edə bilər, o da yazıçılara. O yazıçılar ki, onların özü də başqa yazıçıların romanlarından ciddi şəkildə təsirləniblər. Mən romanlarımın sıravi oxucuya buna bənzər təsirini hiss etməmişəm. Heç bunu onlardan gözləmirəm də.

- Bəs onda roman oxumaq adama nə verir?

- Adi oxucuya? Romanlar oxucuya sadəcə, mütaliə üçün bir şeylər verir. Ən yaxşı halda yazıçılar oxucuların oxu tərzini dəyişə bilərlər. Bu mənə yeganə real gözlənti kimi gəlir. Amma həm də yetərli bir gözlənti.

Roman oxumağın həzzi qeyri-adi, dərində duyulan bir həzdir. Bu, insanın hisslərinə hakim kəsilən elə bir sirli yaşantıdır ki, seks kimi artıq nə mənəvi, nə də siyasi bəraət tələb edir.

- Yəni romanların oxucuya başqa heç bir təsiri olmur?

- Siz romanlarımın hansısa mədəni dəyişikliyə səbəb olduğuna inanıb-inanmadığımı soruşdunuz. Mənim də cavabım budur ki, xeyr.

Əlbəttə, qalmaqal-filan da olub. Amma daim qalmaqal yaratmaq elə insanların adətidir də. Bu onların həyat tərzidir. Bunun da bir qara quruşluq dəyəri yoxdur.

Əgər soruşsanız ki, romanlarımın hansısa mədəni dəyişikliyə səbəb olmasını istərdimmi, buna da cavabım "xeyr" olacaq.

İstədiyim yalnız odur ki, kitabımı oxuduqları müddətdə oxucularım yalnız mənə məxsus olsun. Əlbəttə əgər onlara başqa yazıçıların sahib ola bilməyəcəkləri şəkildə sahiblik edə biləcəyəmsə.

Sonra imkan vermək lazımdır, gəldikləri yerə - hər kəsin onları dəyişdirmək, inandırmaq, şirnikləndirmək və nəzarət etməyə çalışdığı dünyaya qayıtsınlar. Ən yaxşı oxucular roman dünyasına məhz bütün bu səs-küydən can qurtarmaq, şüurlarının romandan kənardakı dünyanın çərçivələrindən, basqısından xilas olması üçün gəlirlər.

Bu elə bir şeydir ki, bunu kitab həvəskarı olan uşaq da dərhal anlayır, hərçənd mütaliənin vacibliyini anlamaq qətiyyən uşaq-muşaq işi deyil...

_________

*Amerika yazıçısı Louis L’Amour əsasən vestern romanları yazır

İngiliscədən R.Qəmbərov çevirib.

XS
SM
MD
LG