Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:24

Vəfat edən Nobelçi yazar kimləri ifşa edirdi?


Nadine Gordimer Kubadakı Kitab Festivalında, 2010
Nadine Gordimer Kubadakı Kitab Festivalında, 2010

-

“Mən yalnız sonralar anladım ki, əgər o kateqoriyadan olan uşaq olsaydım, yəni qaradərili olsaydım, ümumiyyətlə yazıçı olmaya bilərdim. Çünki məni yazıçı edən kitabların olduğu kitabxanadan yalnız ağdərili uşaqların istifadə etməsinə icazə vardı”.

Cənubi Afrikanın ilk Nobelçi yazarı Nadine Gordimer 90 yaşında vəfat edib.

O, əsərlərində Aparteid rejiminin cinayətlərini ifşa edir, ağların qaradərililərə qarşı irqçi siyasətinin dəhşətlərini dünyaya çatdırırdı.

15 roman və çoxlu sayda hekayə müəllifi olan Gordimer-in hökumətlə münasibətləri gərgin olub – Cənubi Afrikada onun 3 romanı qadağan edilib.

Yazıçı Johannesburg-dakı evində gecə yuxudaykən keçinib.

Gordimer Cənubi Afrikada Aparteid rejiminə son qoyan və hazırda hakimiyyətdə olan Afrika Milli Konqresi Partiyasının fəalı idi.

O, Nobel mükafatına 1991-ci ildə layiq görülmüşdü. Bu o vaxtlar idi ki, dünya Cənubi Afrikada baş verən dəyişiklikləri həyəcanla izləyirdi.

Nelson Mandela həbsdən buraxılmışdı, amma Aparteid rejimi hələ güclüydü.

Gordimer 1994-cü ildə hakimiyyətə gələn partiyasını da sərt tənqid edirdi. O, Afrika Milli Konqresinin dəstəyilə qəbul edilən və dövlət sirlərinin dərcinə görə məsuliyyət nəzərdə tutan qanunu pisləyir, bunun jurnalistlər üçün tələ olduğunu bildirir, partiyanın qurduğu hökumətin QİÇS böhranı ilə mübarizəsinin iflasa uğradığını deyirdi.

O, dünyadakı diktaturalar haqda da etiraz dolu çıxışlar edər, şərhlər yazardı. Məsələn, Çin və Banqladeşdəki vəziyyətlə bağlı.

Gordimer 1923-cü ildə qızıl mədəninə yaxın yerləşən Springs-də anadan olub.

Atası Cənubi Afrikanın bu şəhərinə yeniyetməykən Litvadan köçmüşdü. Orada şaxtaçılara xidmət edən dükan açmışdı. Anası isə Londondan gəlmişdi.

Gordimer, Nadine, 1994
Gordimer, Nadine, 1994

Gordimer-in uşaqlığı qaradərili şaxtaçılardan tamamilə təcrid olunmuş mühitdə keçib.

Ürəyində problem yarandığı üçün anası onu 11 yaşındaykən məktəbdən çıxarıb və o, evdə yataq şəraitində müalicə almağa başlayıb.

Ədəbiyyata sevgisi də elə həmin dövrdə oxuduğu çoxsaylı kitablardan yaranıb.

Elə ilk əsərlərindən qaradərili fəhlələrin çətin həyatından, onlara qarşı ayrı-seçkilikdən yazmağa başlayıb.

“Mən yalnız sonralar anladım ki, əgər o kateqoriyadan olan uşaq olsaydım, yəni qaradərili olsaydım, ümumiyyətlə yazıçı olmaya bilərdim. Çünki məni yazıçı edən kitabların olduğu kitabxanadan yalnız ağdərili uşaqların istifadə etməsinə icazə vardı” – deyə Gordimer Nobel nitqində demişdi.

XS
SM
MD
LG