Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:02

Alim və 40 qəpik


Xuraman Hüseynzadə
Xuraman Hüseynzadə

-

Birdən-birə səsini alçaltdı. Üzünə müti bir təbəssüm qondu. Bayaqkı şövqdən əsər-əlamət qalmamışdı. Alim dayının səsi tamam söndü...

Xuraman Hüseynzadə

ALİM VƏ 40 QƏPİK

Tələbə yoldaşım Gülnarla təsadüfən Hüseyn Cavid bağında görüşdük.

Yenicə hal-əhval tutub söhbətə başlamışdıq ki, qalstuklu, panamalı, əli portfelli arıq, uzun bir kişinin bizə tərəf gəldiyini gördüm.

Gülnarın dayısıydı. Öpüşüb görüşdülər. Xoş-beşdən sonra dayısını mənə təqdim etdi. Ziyalı olduğu həmən hiss olunan dayısı fizika elminə böyük töhfələr vermiş alim imiş.

Tez-bazar belə gözəl parkda heç bir təhlükə hiss etmədən gəzib-dolandığı üçün hakimiyyətə minnətdarlığını bildirdi. Sonra muğamlarımızın aqoniya halından həyata qaytarılmasına sevindiyini ifadə etdi.

Bildirdi ki, ölkə etibarlı əllərdədi, əhalinin yoxsulluq səviyyəsi minimuma enib, millət firavan, azad, xoşbəxt yaşayır. Yurdumuz şəndir. Kəndlərimiz azad-abaddır. Bütün dünya bizdən, ölkəmizin çiçəklənməsindən, ümumi daxili məhsulumuzdan, ölkədə insan kapitalına necə böyük önəm verilməsindən, iqtisadi göstəricilərimizin gözəlliyindən danışır. Müəllim mədh etmək bacarığına elə mükəmməl yiyələnmişdi ki, az qalırdı ürəyini boşaltmaq üçün saz istəsin, dastan bağlasın, bayatı çağırsın, qoşma qoşsun.

Daha sonra heç dəxli olmadığı halda o biri məmurları tərifə keçdi. Səmimiliyinə kiminsə skeptik yanaşmaması üçün tərifə keçid edəndə səsinin tonunu qaldırırdı. Ətrafdan ötüb-keçənlər bu məddah alimə istehza ilə baxır, bəlkə də onu dəli hesab edirdilər.

Adam isə susmaq bilmirdi. Danışdıqca üstünə neft tökülən ocaq kimi alovlanırdı. Xəcalətimdən yer yarılsa, yerə girərdim. Gülnar udqunurdu, yanaqları, qulaqları qıpqırmızı olmuşdu.

Tez-tez “dayı, bir az asta danış, camaat eşidir kimi” məsləhətlər versə də dayı dayanana oxşamırdı. Gülnar yavaşca mənə “adam bunun replay düyməsini basmağa peşman olur ” dedi. Danışa-danışa bir az sakitliyə çəkildik ki, eşidib-eləyən olmasın.

Nəhayət, dayı emosional çıxışını yekunlaşdırdı. “Düz deyirsiniz, sizinlə razıyam” dedik ki, çıxıb getsin. Birdən-birə səsini alçaltdı. Üzünə müti bir təbəssüm qondu. Bayaqkı şövqdən əsər-əlamət qalmamışdı. Alim dayının səsi tamam söndü. Udquna-udquna alçaq səslə dilləndi: “Gülnar, mənə 40 qəpik yolpulu verərsən? Evə getməyə pulum yoxdu...”

Hiss etdim ki, utandı, xəcalət çəkdi...

Bacıqızı pul kisəsini eşələyib fizika elmimizə töhfələr vermiş dayıya bir ovuc qəpik uzatdı. Dayı qəpikləri alıb tez uzaqlaşdı...

Biz daha heç nədən danışmadıq. Bir-birimizə nömrəmizi verib ayrıldıq. Heç sonra bir-birimizə zəng də eləmədik. Yəqin mən onu utandırmamaq üçün nömrəsini telefonumdan sildiyim kimi o da utanmamaq üçün mənim nömrəmi silmişdi...

qafqazinfo

XS
SM
MD
LG