Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:10

«Torqovı» və Günəşlidə danışılan dil


Dərslik
Dərslik

-
40 ildən çox bir ölkədə yaşayıb oranın dilində danışmamaq olar? Qəribə səslənsə də, mümkün imiş. Vera Məmmədova 1973-cü ildə Rusiyanın Novosibirsk şəhərində azərbaycanlı ilə ailə quraraq Bakıya gəlib. Burada oğul-uşaq sahibi olub. Mehriban, qayğıkeş xasiyyətinə görə onu tanıyanların hörmətini qazanıb, qohumların sevimlisinə çevrilib.

Di gəl, Bakıda keçən azı 40 illik zaman dilimində Azərbaycan dilini öyrənə bilməməsi qohumları ilə ünsiyyət qurmasına xeyli çətinlik törədib. Hər halda özü belə deyir.

NƏ KURSLAR VAR, NƏ DƏRSLİK

Dili öyrənməməsinin bir səbəbini daxili inamsızlıq və utancaqlığına bağlayan Vera azərbaycanca öyrənməyə vəsait çatışmazlığına da diqqət çəkib:

Gözlə

No media source currently available

0:00 0:00:49 0:00
Direct-ə keçid

«Narahatlıq vardı, ancaq işdə bütün sənədləşmə rusca getdiyindən Azərbaycan dilini bilməmək mənə elə bir problem törətmirdi. Problem qohumların hamısı azərbaycanca danışanda yaranırdı, axı onları yaxşı anlamırdım. Dili bilsəydim, özümü tamam başqa cür hiss edərdim. Ancaq həmişə istəmişəm dili öyrənim, elə bir şərait olmayıb. Uşaqlar da rusdilli məktəbdə oxuduğundan, təbii ki, azərbaycanca yaxşı bilməyiblər. İndi istərdim öyrənim, amma nə kurslar var, nə də elə bir vəsait. Yadınızdadır, İlona Davudovanın ingiliscə audiokasetləri vardı. Bax belə kasetlər azərbaycanca da tapılsaydı, nə yaxşı olardı».


Vera Məmmədovanın gələn il 65 yaşı tamam olacaq. Deyir ki, bu yaşında da dili öyrənməyə hazırdır:


«Azərbaycanda yaşayırıq. Hər iki dili yaxşı bilmək vacibdir. Çox istədim ki, Azərbaycan dilini öyrənim, ancaq elə bil qavraya bilmədim. Bir ara ibtidai sinif dərslikləri ilə maraqlandım, ancaq çətin oldu mənə. Yaşıma, qabiliyyətimə uyğun nəsə bir imkan olsaydı, böyük məmnuniyyətlə öyrənərdim».


GƏLİN OCAĞA ÇƏKƏR?

Veranın gəlini də rusdur. Dediyinə görə, oğlunun rus qızıyla ailə qurmasında bir məqsədi anasını illər boyu çəkdiyi dil sıxıntısından qurtarmaq olub. Nadejda qayınanasından fərqli olaraq, azərbaycanca danışmaq bir yana, bu dili heç anlamır. Ancaq o, Bakıya gəlin köçdüyü 3 il ərzində dilə görə elə bir əngəllə üzləşmədiyini deyir. Axı evdə əri, qızı və ərinin valideynləri ilə rusca danışır, işlədiyi özəl şirkətdə də, əsasən, rusdillilər çalışır. Yəni azərbaycancaya elə bir ehtiyac qalmır. Amma o da danışıq səviyyəsində də olsa, Azərbaycan dilini öyrənməyə hazır olduğunu deyir. Vəsait, dərslik tapsa.

Beləcə, sual çıxır: Azərbaycanda və ya xaricdə yaşayan, Azərbaycan dilini bilməyənlər bu dili necə öyrənsinlər? Kitab mağazalarında, köşklərdə, rus və ingilis dilini mənimsəmək üçün minimumdan tutmuş mükəmməl səviyyəyədək irili-xırdalı dərslik və lüğətlər görmək olur. Bəs Azərbaycan dilində?

İŞ YERLƏRİNDƏ RUS DİLİNƏ ÜSTÜNLÜK VERİLİR

Təranə Mustafayeva Bakıda fərdi kurslarda rus dilini öyrədir. Ancaq bəzən rusdillilərdən ona Azərbaycan dilini öyrənmək üçün də müraciət edən olur. Təranə xanım doğma dilin tədrisi üçün dərslik tapmadığını söyləyir:

Gözlə

No media source currently available

0:00 0:05:59 0:00
Direct-ə keçid

«Əslində, Azərbaycan dilini öyrənməyə müraciət edənlər azdır. Hazırda 3 tələbəm var – biri azərbaycanlı, biri qazax, biri çeçen. İşləri ilə əlaqədar öyrənmək istəyirlər. Rus dilini öyrənmək istəyənlərsə həddən artıq çoxdur. Özlərinin dediklərinə görə, bu dili öyrənməyin əsas səbəbi iş axtaranda onlara rus dilinə görə problem yaranmamasıdır. Tələb kimi qoyulmasa da, rus dilini bilənlərə üstünlük verilir. Əsasən, yuxarı kurs tələbələridir, iş axtaranlardır, azından danışa bilmək istəyirlər. Rus dilini öyrənməyə Moskvada nəşr olunmuş o qədər vəsait var ki. Azərbaycan dilini Xudazarov adlı müəllifin kitabından öyrədirəm əsasən, danışıq dilini öyrətmək üçün. «Araz» kurslarının abituriyentlər üçün buraxdığı qrammatika vəsaitindən də yararlanırıq, ancaq o da dərslik deyil.
Foto: Arxiv. Dil kursları
Foto: Arxiv. Dil kursları
Məndə belə təəssürat yaranır ki, hökumətin, nazirliyin marağı yoxdur bu məsələdə».


DÖVLƏT PROQRAMININ TƏSDİQLƏNMƏSİNDƏN 1 İLDƏN ÇOX KEÇİB

2013-cü ilin aprelində «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı» təsdiqlənib. Proqram 2013-2020-ci illər ərzində bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Proqram Azərbaycan dilini öyrənən xarici vətəndaşlar və xarici dil öyrənmək istəyən azərbay­can­lılar üçün tədris vəsaitlərinin daha intensiv hazırlanmasını nəzərdə tutur. Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması da proqrama salınıb.

MONİTORİNQ APARILMALIDIR

Dilçilik İnstitutu bildirir ki, Dövlət Proqramından irəli gələn vəzifələri həyata keçirmək məqsədi ilə 2013-cü ilin noyabrında qurumda struktur dəyişiklikləri aparılıb, bəzi şöbələr bağlanıb və ya birləşdirilib, müasir elmi tələblərə uyğun bir sıra yeni şöbələr yaradılıb. Monitorinq şöbəsi də yeni açılıb. Şöbənin əsas fəaliyyəti Azərbaycan dilinin dövlət dili kimi inkişafı və dilin təmizliyinin qorunması, eləcə də ədəbi dil normalarının pozulmasının əngəllənməsi üçün təkliflər hazırlamaqdır. Azərbaycan dilinin normalarına əməl edilməsi səviyyəsini müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirilməsi də bu şöbənin səlahiyyətlərinə daxildir.

Qulu Məhərrəmli
Qulu Məhərrəmli


Şöbə hər hansı monitorinq aparıbmı, Azərbaycan dilinin tədrisi ilə bağlı hansı qüsurları üzə çıxarıb?

RƏSMİ ŞƏXSİN QÜSURLU DANIŞMASI TENDENSİYA DEYİL

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli 3 həftədir bu vəzifəyə təyin olunub. Deyir, hələlik, dövlət proqramı ilə dərindən tanış olur. O, rusdilli məktəblərdə dövlət dili olan Azərbaycan dilinin tədrisinin proqrama ayrıca bənd kimi salınmasına diqqət çəkir:


«Bəzən rus məktəblərində Azərbaycan dili arzuolunan səviyyədə tədris edilmir, başdansovdu dərs keçilir. Qüsurlarla bağlı bir neçə aydan sonra daha ətraflı danışmaq olar. Həm də bu, tək monitorinq şöbəsinin işi deyil. Daha bir xətt odur ki, Azərbaycana xeyli sayda əcnəbi işləməyə gəlir, ancaq dili öyrənməyə heç bir vəsait yoxdur. Digər dövlətlərin siyasətində bu xətt önəmli yer tutur. Bizdə bu sahədə düşünülmüş siyasət sezmirəm. Dilçilik İnstitutu öz tövsiyələrini hazırlayıb müvafiq qurumlara təqdim edəcək».


- İş yerlərində Azərbaycan dili bilgisi tələb kimi qoyula bilərmi?
- İşəgötürülmə zamanı dil imtahanına ehtiyac varmı?
- Margaret Thatcher nə vaxt ingilis dili müəllimi tutdu?
- «Torqovı» (Nizami) küçəsində və Günəşlidə hansı dildə danışırlar?
- Dövlət rəsmilərinin doğma dildə qüsurlu danışması «tendensiya» deyil.ƏTRAFLI

Gözlə

No media source currently available

0:00 0:08:43 0:00
Direct-ə keçid


DİLÇİLİK İNSTİTUTU «DÜŞÜNƏRİK» DEYİR

Fəxrəddin Veysəlli
Fəxrəddin Veysəlli


Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli xaricdə və Azərbaycanda yaşayan, Azərbaycan dilini öyrənmək istəyənlərə dərs vəsaitlərinin hazırlanmasını vacib məsələ sayır:


«Gərək burda nazirliklər, digər dövlət qurumları yaxından iştirak etsinlər. Dərsliyi ərsəyə gətirmək lazımdır. Müəlliflər qrupu yaratmaq olar. İlk mərhələdən tutmuş yüksək mərhələyədək Azərbaycan dilini öyrədən dərsliklər yaratmaq olar. Bu məsələ barədə düşünərik. Müəssisə rəhbərləri də rusdilli əməkdaşlarının Azərbaycan dilini öyrənməsini bir tələb kimi qoymalıdır. Müstəqilliyin ilk illərində dəvət edirdilər, gedib Azərbaycan dili öyrədirdik, yaxşı da nəticələr verirdi».
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00
Direct-ə keçid


RUSİYADA DİL VƏ VƏTƏNDAŞLIQ

Dövlət dili statusunun reallıqda necə qorunmasına misal kimi qonşu Rusiya və Gürcüstan təcrübəsinə baxaq.

Bu ilin aprelində Rusiya prezidenti Vladimir Putin əmək miqrantlarının rus dilindən imtahan verməsini məcburiləşdirən qanun imzalayıb. Yüksəkixtisaslı mütəxəssislər və əcnəbilər istisnadır, bir şərtlə ki, təhsil üzrə 1991-ci il sentyabrın 1-dək verilmiş sovet attestatları olsun. Yaşayış, patent, müvəqqəti yaşamaq və işləmək istəyən bütün digər miqrantlar isə rus dili, Rusiya tarixi və əsas qanunlarından imtahan verməlidir.

Rusiyada miqrantlar üçün dil kursları - 2012
Rusiyada miqrantlar üçün dil kursları - 2012



Bu yaxınlarda Rusiya Federasiyasının Rusiya ərazisində yaşayan və rus dilini bilən əcnəbilər, bundan başqa vətəndaşlığı olmayan şəxslər üçün Rusiya vətəndaşlığına qəbul qaydalarını sadələşdirməsi də ajiotaj yaratdı.

Həmin sadələşdirmə rus dilini bilən şəxslərə də aiddir. Yeni qaydalara görə, müvəqqəti, ya daimi yaşayış icazəsi əsasında Rusiya ərazisində yaşayan şəxs rus dili imtahanından keçəndən dərhal sonra Rusiya vətəndaşının pasportunu almaq üçün müraciət edə bilər.

GÜRCÜ DİLİNDƏ CAVAB VERMƏYƏNƏ CƏZA

Gürcüstanda isə gürcü dilini bilməyənin dövlət qulluğunda işə düzəlməsi mümkün olan iş deyil. Gürcüstan azərbaycanlılarının Qeyrət Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov deyir ki, ölkə qanunvericiliyi dövlət dilini bilməyən şəxsin dövlət qulluğunda çalışmasını yasaqlayır:

Gözlə

No media source currently available

0:00 0:06:44 0:00
Direct-ə keçid

«Gürcüstan dövlətinin vətəndaşısan və müəyyən idarədə çalışırsansa, idarəyə gələn və səninlə gürcü dilində danışana həmin dildə cavab verə bilmirsənsə, cinayət məsuliyyətinə cəlb olunursan. Burada yaşayan yarım milyonluq azərbaycanlının dövlət işində çalışmamasının əsas səbəbi də gürcü dilini mənimsəyə bilməməsidir. Yaradılan kurslar, görülən tədbirlər də kosmetik xarakter daşıyır. Yəni dövlət elə də maraqlı deyil ki, qeyri-gürcüdilli əhali bu dili öyrənsin. İllərdir tələb etsək də, dövlət proqramı da yoxdur. Dilin öyrənilməsi üçün tələb qoyulub, ancaq necə öyrənməyin yolu göstərilmir. Gürcü dilini bilməyən şəxs bir idarəyə girib nəsə soruşa bilmir.
Əlibala Əsgərov
Əlibala Əsgərov
Azərbaycanlılar, əsasən, kənd təsərrüfatı müəssisələrində, müxtəlif kooperativ və şirkətlərdə çalışırlar. Bu yaxınlarda İnzibati Xətalar Qanununa da dəyişiklik olundu. Gürcü dilində xəstəlik tarixçəsi yaza bilməyən həkim əvvəlcə 2 min lari (təxminən min Azərbaycan manatı) cərimə olunur, daha sonra işdən çıxarılır. Bir neçə il əvvəl Azərbaycan tərəfi pul ayırmışdı burdakı azərbaycanlıların gürcü dilini öyrənməsi üçün. Mən də buna etiraz etdim. Axı bu, Gürcüstan dövlətinin işi, vəzifəsidir. Artıq iki ildir o pul ayrılmır. Azərbaycan dövləti Azərbaycan dilinin, ədəbiyyatının yayılmasına vəsait ayırmalıdır».


TƏHSİL NAZİRLİYİ AÇIQLAMA VERİB

Təhsil Nazirliyi Azərbaycanda və digər ölkələrdə yaşayan Azərbaycan dilli olmayanlar üçün bu dilin tədrisinə dair hansısa vəsaitlərin çapını planlaşdırırmı? «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nda Təhsil Nazirliyinin üzərinə qoyulan vəzifələrdən hansılar yerinə yetirilib?

BAZAR GÜNÜ MƏKTƏBLƏRİNƏ DƏRSLİKLƏR GÖNDƏRİLİR

Nazirlik AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirir ki, əcnəbilər üçün Azərbaycan dili üzrə kitabların yazılması AMEA Dilçilik İnstitutunun səlahiyyətindədir. Azərbaycanda yaşayan və təlimi başqa dillərdə olan məktəblər üçün «Azərbaycan dili» dərslikləri son illərdə yeni kurikuluma uyğun olaraq hazırlanır və çap edilir.

Bundan əlavə, Təhsil Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan səfirlikləri və diaspor təşkilatlarının nəzdindəki «Bazar günü» məktəblərini hər il «Azərbaycan dili» dərslikləri ilə təmin edir.

NİTQ MƏDƏNİYYƏTİ KURSU

Dövlət Proqramına gəlincə, qurum bildirir ki, Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq olunub, buna uyğun işlər aparılır. Dövlət Proqramına uyğun olaraq humanitar profilli ali təhsil müəssisələrində «Nitq mədəniyyəti» kursunun tədrisi təmin edilib, bununla bağlı yeni təhsil proqramları (kurikulumlar) hazırlanıb və bir neçə dərs vəsaiti çap olunub. Bu sahədə işlər davam etdirilir. Eyni zamanda təlim ana dilində olan ümumi təhsil müəssisələri üçün «Azərbaycan dili» fənni üzrə kurikulumların və dərsliklərin yeniləşdirilməsi prosesi davam etdirilir.

ŞİMAL QONŞUSU XOFU?

Azərbaycan 20 ildən çoxdur Sovetlər Birliyindən ayrılıb, müstəqilliyini bərpa edib. Dil dövlət müstəqilliyinin əsas atributlarından biri sayılır. Ancaq Azərbaycan dilinin hələ də dövlət dili kimi möhkəmlənə bilməməsini, bəzi hallarda hətta rus diliylə əvəzlənməsini bəzi müşahidəçilər məqsədli siyasət, yəni hakimiyyətin şimal qonşusu Rusiya ilə münasibətlərə özəl diqqət ayırmasının göstəricisi adlandırır. Uzun illər ölkədə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun fəaliyyət göstərməsi, daha sonra onun bazasında Bakı Slavyan Universitetinin yaradılması da məhz rus dilinin nüfuzunun saxlanmasına xidmət edən amil sayılır.

Toğrul Cuvarlı
Toğrul Cuvarlı


Azərbaycan dilinin möhkəmlənməsi, rus dilinin hegemonluğunu azaldılması doğrudanmı yalnız kütlə təfəkkürünə bağlıdır? İnzibati tədbirlərlə durumu dəyişmək olarmı?

«ELƏ BİL VƏTƏNİ İTİRİRSƏN...»

Kulturoloq Toğrul Cuvarlı müstəqilliyin ilk illərində Azərbaycan dilinin kütləvi öyrənilməsi prosesini yada salır, dövlət tədbirini qaçılmaz sayır:

Gözlə

No media source currently available

0:00 0:04:03 0:00
Direct-ə keçid

«Qəribə səslənsə də, bunu məcburi şəkildə etmək olar. Cəbhənin vaxtında yadımdadır, biz məcbur idik azərbaycanca danışaq. Mən də rus məktəbini bitirmişdim. İstər-istəməz, xoşlamadığım əlifbanı öyrəndim. Hiss edirdin ki, bilməsən, özünə yaxşı olmayacaq. Seyran Səxavətin yaxşı bir sözü var, deyir Azərbaycan dili getdikcə çox sığallaq olub. Sığallaq, yəni pis mənada, yəni dilin cod, ləzzətli, şirin yerləri getdikcə itir. Qalır qəzet, dəftərxana dili. Qəzetlərdə 300-500 söz var. Bir də bir-iki yazıçı qoruyub saxlayır dili. Ukraynada bir az kobud davrandılar və rus dilinə görə problemlər yarandı. Baltikboyu ölkələrdə isə xeyli yumşaq hərəkət etdilər və rusdillilər məcbur olub yerli dilləri öyrəndilər. Bizdəki duruma dövlət siyasəti deyil, dövlət biganəliyi deyərdim. Sanki heç kimə lazım deyil. Prezidentimiz, maşallah, bir neçə dil bilir, ona rusca bəlkə daha rahatdır. Mən rus məktəbini bitirsəm də, canım yanır ki, niyə belədir axı? 3-4 adam var, onlarla danışanda dil açılır, zövq alıram. Necə bildirim sizə hisslərimi, bəsit Azərbaycan dilinə rast gələndə, elə bil ki, vətəni itirirsən...».
XS
SM
MD
LG