Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:27

«Dünya Kuboku sirkə çevrilir» – Mətbuat icmalı


Fred yıxılarkən
Fred yıxılarkən
-
Xorvatiya məşqçisi futbol birinciliyini sirkə bənzədib.

Fransa yığmasının keçmiş məşqçisi isə deyir ki, Ukraynada indiki böhranın bir günahkarı da Fransa yığmasıdır.

İraq və Suriya İslam Dövləti təşkilatı tutduğu ərazilərdə öz qaydalarını qoyur: siqaret olmaz, futbol olmaz.


Dünya mediası bu gün nədən yazır?

“ONDA GƏRƏK FUTBOL OYNAMAYAQ”

“Nishimuranın qərarından sonra Dünya Kuboku sirkə çevrilir”. Bunu Xorvatiyanın məşqçisi Kovaç Braziliya-Xorvatiya oyununda yaponiyalı hakim Nishimuranın ziddiyyətli 11 metrlik cərimə zərbəsi təyin etməsi haqda deyib.

İndependent qəzeti xatırladır ki, braziliyalı Fred xorvatiyalı Dejan Lovrenlə “yüngül təmasdan” sonra yıxıldı və hakim 11 metrlik cərimə verdi.

Oyundan sonra mətbuat konfransında Kovaç deyib ki, “bu günki hadisə gülməlidir. Əgər belə getsə, dünya kuboku sirkə çevriləcək”.

Kovaç deyib ki, “əgər hər belə toxunmağa görə, 11 metrlik cərimə zərbəsi verilsə, onda gərək futbol oynamayaq.”

Braziliyalı məşqçi Scolari isə bildirib ki, “o, Kovaçın dedikləırini şərh etmək istəmir, ancaq Braziliya 5 dəfə Kuboku alıb. Onların heç biri Braziliyanın xeyrinə sirk olmayıb.”

Bununla belə Scolari deyib ki, o, Kovaçı “çox yaxşı başa düşür və onun dediklərinə hörmətlə yanaşır”.

UKRAYNA BÖHRANI VƏ FUTBOL

Daily Telegraph qəzeti futbollla siyasətin gözlənilməz əlaqəsinə toxunub. Fransanın keçmiş məşqçisi Raymond Domenech deyib ki, Ukraynada indiki böhranın “qismən günahkarı” Fransa futbol yığmasıdır. Əgər Fransa Ukraynanı Dünya Kubokunun seçmə oyununda sıradan çıxartmasaydı, Ukraynada indiki böhran olmazdı.

Domenech bunu belə izah edir ki, Ukrayna Dünya Kubokunun finalına çıxsaydı, ölkə son aylar siyasətlə yox, futbolla yaşayardı.

Domenech deyib: “indi Ukraynada baş verənləri görəndə heyfslənirəm ki, niyə Ukrayna Fransaya qalib gəlmədi?!”

62 yaşlı məşqçi bunları Fransanın GQ Jurnalına müsahibəsində deyib.

Jurnalın müxbiri soruşub ki, o, bütün bunları ciddimi deyir?

Domenech deyib ki, o, tamamilə ciddidir.

Domenech misal çəkib ki, Fransa 1998-ci ildə dünya kubokunu alanda Fransada Ümumi Daxili Məhsul 1 faiz artdı.

Jurnalın müxbiri xatırlayıb ki, Kiyevdə nümayişlər və toqquşmalar doğrudan da Ukrayna Fransaya uduzandan 2 gün sonra başlandı. Hərçənd tələblər siyasi idi. Ancaq bu o deməkdirmi ki, bunun bir səbəbi də məhz futbol oldu?

Domenech deyib ki, “tamamilə mümkündür. Bu, futbolun gücüdür”.

DEMOKRATİK ÖLKƏDƏ SON FİNAL


Washington Post qəzeti yazır ki, Braziliyada indiki Dünya Kuboku finalı, ola bilsin, demokratik ölkədə son final yarışıdır.

Bu yaxınlarda Almaniya, İsveçrə, İsveç 2022-ci ilin Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək iddialarından vaz keçdilər. Niyə? Çünki baha başa gəlir. Almaniyanın
Münxen, İsveçrənin Davos şəhərləri yerli sakinlərin referendumundan sonra Qış Olimpiya Oyunlarına ev sahibliyindən imtina etdilər.

2022-ci ilin Qış Olimpiya Oyunlarına iddiaçılar arasında qalır bircə Pekin və Almatı. Bu şəhərlərin də sakinləri ola bilsin, xərclərə görə Olimpiya oyunlarından imtina edərdi, ancaq Çinin və Qazaxıstanın avtokratik hökumətləri yerli sakinlərin nə deyəcəyinə əhəmiyyət vermir.

Eyni qayda ilə Rusiya 2018-ci ilin Dünya Kubokuna ev sahibliyi edəcək, Qətər 2022-ci ilin Dünya Kubokuna.

Beləliklə, demokratik ölkələr öz sakinlərinin fikri ilə qlobal idman yarışlarına ev sahibliyindən qırağa çəkilməkdə davam edəcək. Qalacaq yalnız avtoritar ölkələr.

FUTBOL OLMAZ

Economist jurnalı yazır ki, “İraq və Suriya İslam dövləti təşkilatı 2 ölkəni tutur”.
Yaraqlıların Bağdada doğru belə sürətlə irəliləməsi yerli sünnilər arasında onlara dəstəyi göstərir.

Əvvəlcə adı “İraq İslam dövləti”olan bu təşkilat sonra buna “Şam İslam Dövləti”ni də əlavə etdi. Mənası isə “Böyük Suriya” deməkdir.

İraq cihadçısı Abu Bakr Bagdadinin başçılıq etdiyi bu təşkilatın İraqda 6 min yaraqlısı var. Onun Suriyadakı yaraqlılarının sayı 5 minə kimidir. Bunlardan 3 minə qədəri xaricilərdir. Xaricilər arasında min nəfərə yaxın çeçen var. 500 yaraqlı Britaniya, Fransa və digər Avropa ölkələrindəndir.

Əl-Qaidanın bir qolu kimi yaranan İraq və Suriya İslam Dövləti Təşkilatı ərazilər tutduqca burda öz qaydalarını qoyur: siqaret çəkmək olmaz. Futbol olmaz. Musiqi olmaz. Qadın başıaçıq gəzə bilməz.

Təşkilat İraq və Suriyada tutduğu ərazilərdə öz vergisini də qoyub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG