Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:55

Yer Braziliya, favorit Braziliya...


Arxiv foto
Arxiv foto
-
Gözlə

No media source currently available

0:00 0:06:08 0:00
Direct-ə keçid

«Ölkə futbolundakı indiki durumla bağlı ürəyimiz sıxılan vaxt, həm də bu qızmar yay günlərində deyəsən dadımıza dünya çempionatı çatacaq».

İndi sosial şəbəkələrdə bu cür fikirlərə çox rast gəlmək olur.

ÇEMPİONATDA TÜRKİYƏ YIĞMASI OLSAYDI...

İyunun 12-də Braziliyada başlayacaq dünya çempionatına Azərbaycan azarkeşləri də özlərini hazır bilirlər. Artıq Bakının bir neçə kafelərində dünya çempionatının canlı oyunları ilə bağlı elanlar asılıb. Belə kafelərdən birinin sahibi Türkel Səmədli deyir ki, bu işə yarayır:
«Azarkeşlər gəlir, maraqlanır. Həm də qiymətləri də azarkeşlərin cibinə uyğun edirik ki, gələn çox olsun. Oyun vaxtı boş stul olmasın. Düzdür, bu çempionatda bizim azarkeşlərin əsas komandası Türkiyə yığması yoxdur. Ona görə işimiz bir az çətindir. Ancaq yenə nələrsə düşünməliyik».

Elə futbol şərhçisi Kənan Həsənov deyir ki, uzaq Braziliyadakı dünya çempionatının ab-havasının şəhərdə çox hiss olunmamasının bir səbəbi də Türkiyə yığmasının bu ilki mundialda çıxış etməməsidir:
«Azarkeşlərin ən böyük gözləntisi Türkiyə yığması idi, Türkiyə yığması da olmayacaq. Mundial ab-havasını lazımi qədər hiss eləmirəm. Düzdür, insanlar danışırlar, 5 gün qaldı, 10 gün qaldı. Amma gözlədiyimiz səviyyədə, 4 ildən bir keçirilən böyük yarışın intizarında olaq, belə bir şey hiss eləmirəm. Türkiyə yığması olsaydı şəhərdə dünya çempionatınn ab-havası daha gözəl olacaqdı, hay-küy, filan. Türkiyə yığması bir tərəfə, Qalatasaray UEFA Kubokunu qazananda küçələr aşıb-daşırdı. Ona görə Türkiyə yığmasının olmaması sırf ab-hava baxımından mənfi təsir göstərir. Ancaq yenə azarkeşlər simpatiyalarını bölüşmək üçün müəyyən komandalar seçəcəklər».
Bəs, Azərbaycan azarkeşləri bu çempionatda kimi dəstəkləyəcək?

- «Türkiyənin dünya çempionatında olmasını istəyərdim, ancaq yoxdur. Sevdiyim oyunçu Argentina yığmasında da var, Braziliyada da. Çox maraqlı olacaq. Ancaq İtaliyaya azarkeşlik edəcəyəm»

- «Ən super yığma məncə Braziliyadır. Həm də çempionat Braziliyada keçirilir. Konkret komanda tutmuram. Yaxşı oyun göstərəcək komandanı tutacağam».

- «Futbolla maraqlanmıram. Çünki futbol kapitalizmin oyunudur».

- «Türkiyəni istəyərdik, ancaq o da çıxmadı. Onda İspaniyanı dəstəkləyəcəyəm».

- «Ancaq Braziliya. Ən sevdiyim yığma odur. Yüz faiz qalibdir, favorut də onu görürəm».

- «Türkiyə yoxdursa, heç bir komandaya azarkeşlik etməyəcəyəm».

- «Hollandiya. Çünki onlar neçə illərdir uğur qazanmağa çalışırlar. Ancaq alınmır. Ona görə onlara azarkeşlik edəcəyəm».

- «Mən 1998-ci ildən İtaliyaya azarkeşlik edirəm. Dörd dəfə dünya çempionu olub. Arzu edirəm ki, bu dəfə də olsun, Braziliyaya çatsın».

OYUNU CANLI İZLƏMƏK ÜÇÜN BRAZİLİYAYA GEDƏNLƏR

"Football-2014"ün loqosu
"Football-2014"ün loqosu
Azərbaycan azarkeşləri arasında dünya çempionatının oyunlarını canlı izləmək üçün Braziliyaya gedənlər də az deyil. Braziliyanın Azərbaycandakı səfirinin köməkçisi Səbinə Rzayeva deyir ki, Braziliyaya getmək üçün müraciət edənlər kifayət qədər çoxdur:
«Sayını deyə bilmərik. Çünki hal-hazırda yeni sənədlər də qəbul olunur. Hazırda müraciətlər davam edir. Müraciətlər əsasən bu ildən başlayıb. Turist kimi də gedənlər var, ancaq hazırda futbola görə gedənlər daha çoxdur. Gedənlər əsasən 5 günlüyə, 1 həftəliyə, 10 günlüyə gedirlər. Final oyunları üçün də müraciətlər var».

Azarkeşlər kimi futbol şərhçiləri də dünya çempionatının oyunlarını səbirsizliklə gözləyir. Tanınmış futbol şərhçisi Çingiz İsmayılov:
«32 komandanın 32-si də Braziliyaya qələbə üçün gedir. Şübhəsiz ki, onların hamısının qüvvəsi eyni deyil. Əgər bukmeykerlərin dediklərinə inansaq, favoritlər hardasa 5-6 komandadır. Bunlar birinci növbədə meydan sahibləri - Braziliya yığmasıdır. Ondan sonra Almaniya, İspaniya və təəccüblü də olsa Belçika 5 ən favorit siyahısına daxildir. Belçika yığması sürpriz edə bilər. Ancaq mənim ən çox xoşuma gələn İspaniya yığmasıdır. Onların hücum üslubunda oyunudur. Müdafiəyə daha çox fikir verib əks hücumlardan istifadə edirlər. Amma Almaniya komandasının da şansını yüksək qiymətləndirirəm. Alman maşını bir il əvvəlki oyunu nümayiş etdirə bilsə, qalib gələ bilər. Braziliya isə favoritdir, meydan sahibidir».

Futbol şərhçisi Kənan Həsənovun şanslı saydığı komadalar isə bunlardır:
«Favorit məsələsində onu deyə bilərəm ki, Avropanın böyük beşlik ölkəri- İtaliya, Fransa, Almaniya və İngiltərə Avropadan bunlar favoritdir. Əsas favorit isə son dünya və Avropa çempionu Almaniya və İspaniyadır. Bir də təbii ki, meydan sahibləri Braziliya və Argentinadır. hardasa 7 komada daha şanslıdır».

SAAT 3-DƏ FUTBOLA BAXANDAN SONRA...

Azərbaycan azarkeşləri üçün çempionatın oyunlarının başlama saatı da sevindirici deyil. Oyunlar Bakı vaxtı ilə saat 21:00, 00:00, 01:00, 03:00 və 06:00-da keçiriləcək. Gecədən keçmiş futbola baxan əsil azarkeşlər işə gecikəcək.

Dünya çempionat iyunun 12-də San-Pauloda başlayacaq. Mundialda 32 komanda hərəsində dörd iştirakçı olmaqla 8 qrupda yarışacaq. Qrup mərhələsi iyunun 26-da davam edəcək. Hər qrupdan iki ən yaxşı komandanın iştirak edəcəyi play off mərhələsi iyunun 28-də başlanacaq. İyulun 13-də Rio de Janeyrodakı Marakano stadionunda final qarşılaşması olacaq.
XS
SM
MD
LG