Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:45

30 kiloluq kitab...


Aslan Quliyev
Aslan Quliyev
-

Allah, Allah, görəsən dünyada elə bir yazıçı varmı ki, ona bağışlanan kitablara yazılan avtoqrafları beləcə hamı üçün bəyan eləsin?..


Aslan Quliyev


ANARIN KİTABI

(hekayə)


Anarın Yardımlıda tənqidçi dostu var, mənim də Bakıda yazıçı dostum var, işin tərsliyindən mənim yazıçı dostum həm də Anarla dostdur. Anar tənqidçi dostuna ara-sıra öz kitablarını göndərir, daha doğrusu verir mənim yazıçı dostuma, o da mənə. Dostum Anara yox deyə bilmir, mən də dostuma və beləcə kitabları hər şəhərdən qayıdanda aparıb Anarın tənqidçi dostuna çatdırıram.

Maraqsız işdir.

Yenə də şəhərdən qayıdacağımı eşidən dostum təntənə ilə dedi, axşamüstü mütləq çayxanada görüşək, Anar dostu üçün kitab verib, onu apararsan. Yəqin etiraz eləməzsən? Etiraz eləmədiyimi dedim, əslində isə əməlli-başlı etiraz eləyirdim. Həyatda maraqsız işlə məşğul olmaqdan daha maraqsız heç nə ola bilməz.

Axşamüstü getdim çayxanaya, oturub çay sifariş verdim, bir qayda olaraq gecikən dostum bu dəfə də gecikdi, mən onu hələ uzaqdan gördüm. Qoltuğunda qara kağıza bükülmüş, tabloya oxşayan nəsə var idi. Şübhəsiz kitab idi, amma bu boyda kitab olardımı? Dostum yanpörtü yeriyirdi, boğazınını damarları şişmişdi. Bükülünü stolun üstünə qoydu, alnının tərini silib oturdu.

- Bir yerini əzibsən? – soruşuram.

- Yo…ox, - töyşüyərək cavab verir.

- Onda niyə axsayırsan?

- Hələ bir soruşursan da! Azından otuz kilodur!

Mənim heyrətlə baxdığımı görüb hövsələsiz halda deyir, Anar müəllim bütün xatirələrini, çıxışlarını yazıb. Bəs sən nə bilmişdin, adamın bir əsrə yaxın yaşı var, hələ bəzi çıxışları çöldə qalıb, hamısını bu kitablar kitabına yerləşdirə bilməyib, ikinci beləsini çapa hazırlayır.

Kitablar kitabına nəyi yerləşdirmişdi, nəyi yerləşdirməmişdi, məni maraqlandırmırdı. Məni maraqlandıran, daha doğrusu təşvişə salan ikinci belə kitabın çapa hazırlanması idi. Heç şübhəsiz o əjdahanı da mənə verəcəkdilər. Dostum həmişə olduğu kimi yenə də Anara yox deyə bilməyəcəkdi, mən də həmişə olduğu kimi dostuma. Adam idmançı, kitab bunu ikiqat eləmişdi, mənimsə lap yəqin belimi qırardı. Onsuz da rudikulit marığa yatmışdı. Bükülüyə baxdıqca rəngim ağarırdı. Bu ağırlıqda kitablar kitabını necə aparacaqdım? Ağırlığını yoxlamaq üçün kitabı stolun üstündən qaldırmaq istədim, sanki belim ortadan qırıldı, əclaf rudikulit tam zamanında özünü yetirdi. Ufuldayıb belimdən yapışdım.

Düşünürəm, bu necə ola bilər? Anar müsahibələrinin birində evinin, maşınının, bağının olmadığını deyirdi. Evsiz, eşiysiz adam bu boyda kitabı nəylə çap elətdirib? Mənim hesabımla azından bir əlli min xərci çıxmışdı. Buna verdiyi pulla özünə bağ, maşın ala bilməzdimi? Tipik azərbaycanlı xarakteri, marağımı boğa bilmədim. Nəşriyyatda işləyən tanışıma zəng elədim, ona deyirəm, sən bilərsən, təxminən otuz kiloluq kitabın çapı neçəyə başa gələr?

- Otuz? – adam cavab vermir, qışqırır.

- Hə də, təxminən.

- Kitab?

- Söhbət başqa nədən gedə bilər? Siz orda kitabdan başqa daha nə buraxırsınız?

Nahaq zəng elədim, cavab vermək əvəzinə, sarsaq sözlər danışdı. Deyir, ay qardaş, az içmək lazımdı. Araq olub ucuz, siz də boçka ilə gillədirsiz. Gör sənə nə deyirəm, araq uzağı iki-üç ilə ölkədəki bütün yazıçıların axırına çıxacaq! Bir-bir axırınıza çıxır, siz isə hələ də fərqində deyilsiniz!

Telefonu söndürdüm, dostum gözlərini mənə zilləyib, cavab gözləyir, otuz kiloluq kitabın neçəyə çap olunması onun üçün də maraqlıdır. Cavab vermədiyimi görüb özü səbirsizliklə soruşur:

- Nə dedi?

- Dedi, az için.

- Nə?

- Heç nə. Məsləhət verdi. Arağı az içməliyik.

Nə dediyini danışıram, dostumun qanı qaralır, deyir, nə vaxt dilinə araq vurmursan, araqdan uzaq qaçırsan, baş-beynini aparırlar. Bu qədər içməyin, araq sizi öldürəcək! Nə vaxt fasilə vermədən vurursan, söz-söhbət olmur. Mən ona qulaq asıram, fikrim isə kitabdadır. Bu dəfə ilişdiyim göz önündədir, kitabı aparıb Yardımlıdakı tənqidçiyə çatdırmaq heç də asan olmayacaq. Gərək etiraz eləyirdim, heç yerə kitab apara bilməyəcəyimi deyirdim. Artıq gec idi.

- İndi necə olsun? – deyirəm.

- Taksi tutarsan.

- Nə?

- Taksi…

- Mən tutmalıyam o taksini?

- Hə də. Kitabı sən aparacaqsan...

Deyirəm, mən niyə taksi tuturam? Nəyə görə mən aparıb bu kitabı dağların başına çıxarmaq üçün taksi tutmalı, pul verməliyəm? Anar hardan mənə işıq ucu gəlirsə, oranı bağlasın, mənsə onu kitabını dağlara aparmaq üçün pul xərcləyim? Tutmaram! Bircə qəpik də vermərəm! Görməz!

Özüm tutaram, dostum pərt halda mızıldanır, amma kitabı taksiyə kimi aparmaq lazımdır. Hər halda taksini gətirib çayxanaya sala bilmərik. Elədirsə, apar, deyirəm, özün gördün də, rudikulit əclaf məni pis yerdə yaxaladı. Boynunu burur, deyir, məni rudikulit əclaf yaxalamayıb, amma lap yəqin ki, onurğa sümüyümə çat düşüb. Bayaq özün də gördün, yanpörtü yeriyirdim. Sənə zarafat gəlməsin, evdən bura qədər gətirmişəm. Sən bir tərəfindən yapış, belədə rudikulitə heç nə olmaz.

Başıma nə gəlirsə, üzü yumşaqlığımdan və qəlbimdəki insan sevgisindən gəlir. Rudikulitə bir şey olsa da, olmasa da, yox deyə bilmədim, kitabın bir tərəfindən mən yapışdım, bir tərəfindən də dostum və apardıq yaxınlıqdakı taksiyə qədər. Sürücü məni üç manata evə aparmağa razılaşdı, ancaq mən beşinci mərtəbədə oluram, dostum ona beş manat verib dedi, bu kitabı da beşinci mərtəbəyə qaldırarsan.

Sürücü isə bozarıb qalır, sanki bunu söyüblər. Özü niyə qaldırmır? Mən maşınımı sürürəm, kitab-filan qaldırmaqla nə işim? Özün bil, dostum da sakitcə deyir, səni məcbur eləyən yoxdur, burda taksi çoxdur, beş manata o kitabı onuncu mərtəbəyə də qaldırarlar.

Sürücü hıqqanır, amma daha bir söz deyə bilmir. Oturub yola düşürük. Sürücü həyətdə maşını saxlayıb kitabı götürür, vay, bir dəfə ufuldayır, dönüb mənə tərs-tərs baxır:

- Bu kitabdır?

- Bəs səncə nə ola bilər?

- Məncə qaya parçası!

Onu haqsız da saymaq olmaz, qalxırıq pillələri, üçüncü mərtəbədə sürücü artıq nəfəsini çiyinlərindən alır, mənə də qanlı-qanlı baxır, yəni niyə kömək eləmirəm? Məndən bir kömək olmayacağını duyunca da deyinir, bizimki çörək qazanmaq deyil, it zülmüdür. Bir xoş gün yoxdur bizə!

Bir təhər gəlib çıxırıq beşinci mərtəbəyə, evin qapısını açan kimi də bu xoş gün görməyən qaya parçasını saxlaya bilməyib yerə buraxır. Yəni birbaşa ayağımın üstünə! Rəngim qaralır, ağrıdan ürəyim göynəyir, ayağımı tutub yerimdə fır-fır fırlanıram. Bir təhər divanda otururam, ciyərim yanır, gözümdən yaş gəlir.

Yoldaşım gəlir.

- Sənə bir işmi olub?

- Kitab… - cavab vermək hayında deyiləm.

- Yəni belə qəmlidir?

- Nə…ə?

- Kitab da.

Markes ona görə Markes idi ki, ona belə əndirəbadi suallar vermirdilər, ən əsası da belə əndirəbadi suallara sərrast və tutarlı cavablar vermək üstə baş sındırmırdı. Mənsə baş sındırmaq zorundaydım, ən pisi də, həmən o sərrast və tutarlı cavabları tapa bilmirdim.

Hardan bilim qəmli kitabdır, ya şən kitab, yana-yana deyirəm, məlum işdir, belə sualdan sonra ciyərim ikiqat tüstülənir, mən hətta tüstünün, yanan ciyərin qoxusunu da hiss eləyirəm. Mən onu oxumuşam, qəmli, ya şən olduğunu biləm? Amma sənin üçün belə vacibsə deyə bilərəm, yəqin şən kitabdır. Bizim klassiklərimizin yaşları nə qədər artırsa, bir o qədər şən olurlar və buna uyğun olaraq da şən yazırlar. Bu şən zəhrimar ayağımın üstünə düşüb! Yəqin barmağımı qırıb.

Hansı kitab? – yeni sual gəlir.

Bax o! Divara söykədiyimiz!

O qara bükülü?
Yanıb yaxılıram, deyirəm, sən ona qara bükülü deyə bilməzsən! O bir kitab! Qocaman yazıçımız ömrünü o kitaba verib. Gecəsini gündüzünə qatıb, sizin üçün yazılar yazıb, əziyyət çəkib çıxışlar eləyib, sonda da hamısını yığıb bir kitaba. Sənsə ona hələ bir bükülü də deyirsən. Həm də qara bükülü! Deyə bilməzsən, azından ona görə ki, o qələm əhlimdən biri də bu evdə var!

Söz yox, qələm əhlinin indi başı özünə qarışıb, ayağından yapışıb fır-fır fırlanır, ağrı azalsın deyə bəzi səslər çıxardır, amma bunu da ona çox görürlər. Corabı çıxardıb baxıram, sağ ayağımın baş barmağı gömgöy göyərib. Lənət şeytana, nə olursa sağ ayağımın baş barmağına olur, daş dəyir, çəkic düşür, əqrəb sancır. Şoğərib kitab da yenə bu barmağımın üstünə düşdü.

Yoldaşım deyir, gedək xəstəxanaya, yoxsa barmağın qanqrena olar, kəsərlər. Razılaşmıram, eləmi, lap yaxşı, qoy kəssinlər, mənim də canım qurtarsın. Yoxsa maqnit dəmiri cəzb eləyən kimi bütün bəlaları özünə cəzb eləyir. Əsl bəla tutan antennadır!

Səhərisi ailə qarışıq köməkləşib kitabı beşinci mərtəbədən düşürdürük. Oğlumun maşınının baqajına qoyuruq. Maşının bir tərəfi çökür. Oğlum heyrətlənir, məlum sualı verir, ata, sən bunun kitab olduğuna əminsən? Mən də heyrətlənirəm, amma dünən verdiyim məlum cavabı verə, kitab olduğunu deyə bilmirəm. Düşünürəm ki, bütün gecəni qalıb orda, hamamın qapısının yanında, yəqin nəm çəkib. Axı dünən heç bu ağırlıqda deyildi.

Beləcə, yol başlayırıq Yardımlı dağlarına doğru. Maşın elə bil ləngər vurur, oğluma niyə belə sürdüyünə irad tuturam, deyir, mənlik bir iş yoxdu, kitab ağırlayır, maşının arxasını oynadır.

Əcəb işə düşdük! Özümə qəti söz verirəm, bu gündən üzü yumşaqlığıma da, qəlbimdəki insan sevgisinə də son qoyuram! Daha heç yerə kitab aparan deyiləm. Sonda isə qərarımı bir qədər yumşaldıram, çəkisi on kiloya qədər olan kitabları aparacağam, bundan artığını isə yox. Yəni dostum yenə də Anarın kitabını gətirib, bunu dağlara, Anarın dostu üçün apara bilərsənmi deyəndə, bir söz demədən tərəzini çıxardıb kitabcığazı çəkəcəyəm, on kilodan aşağıdısa, can-başla. Yuxarıdısa, davay dasvidaniya! Mənlik deyil!

Şəhəri təzə çıxmışdıq, yol polisi saxladı, hələ bir arsız-arsız əlini günlüyünə qaldırıb salam verir, özünü təqdim eləyir. Səhərdən qanım qara, acığımı tökməyə adam axtarıram, bu isə farağat durur, dabanlarını cütləyir, bəs deməzsən, pul alacaq! Məlum işdir, almayacaq. Yanlış qapı çalıb. Salamına cavab vermirəm, qısaca soruşuram:

- Niyə saxladın?

- Sürücü avtoşluq eləyir, - bu da qısaca deyir.

- Neyləyir?

- Avtoşlu…uq! – bir az təsirli çıxsın deyə «u»-yu uzadır.

- Nə cür yəni?

- O cür yəni, maşının arxasını oynadır.

Hər şey məlum olur. Yaddaşım bərbaddır, adam indicə soyadını deyib, mənsə artıq unutmuşam, təzədən soruşmaq da yaxşı çıxmır. Deyirəm, yol polisi qardaşım, maşının arxasını sürücü yox, kitab oynadır. Sağ tərəfə klassikimizin bir kitabını qoymuşuq. Bu da dartınıb durur, gözlərni bərəldir, nə, kitab? Onu qınamağa dilim gəlmir, deyirəm, bu sən deyən kitablardan deyil, klassikimiz anadan olandan nə yazıbsa, deyibsə, hamısını bu kitaba yığıb. Kitab da olub qaya parçası. Dünən hardasa otuz kiloydu, bu günsə azından iki yüz kilo olub. Kitab deyilən bir gecədə niyə bu qədər şişib, orasını mən də başa düşmürəm?

Sanki polis dostumuzun başına qışın günündə bir vedrə buzlu su tökürsən, yaxşı, deyir, çıxın gedin, bu yazıçı tayfasının adama çörək verdiyini bir dəfə görmədim də. Dostum, deyirəm, dərinə getmə, gərək yazıçı tayfasına çörək verən ola, o da sənə çörək verə. Özünün çörəyi yoxdusa, sənə necə çörək verə bilər?

Bunun da deyəsən ağlı oynayır, başına bir qapaz vurur, sonra baş-gözünü yumruqlayır, deyir, qardaş, çıxın gedin, bir qələt elədim, sizi saxladım! Çıxın gedin! Sizə çörək vermirlər, mənim günahım nədir? Mən sizə çörək mən verim! Nə deyirəm, verim də! Əl atıb cibindən pul çıxardır, mənə vermək istəyir, oğluma sür, deyə işarə eləyirəm, adam gözümüzün qarşısındaca olub qalanını itirir

Nə isə, gəlirik evə. Evdə dözməyib qara kağızı açır, kitaba baxıram ki, görüm bu nə kitabdır belə. Şən kitabdır, ya qəmli? Kitaba baxıram və başımın tükləri vız durur. Kitabın cildi içəri və çöl tərəfdən büsbütün ona bağışlanan kitablara yazılmış avtoqraflarla bəzədilib. Hətta burda rəhmətlik Rafiq Tağının yazdığı avtoqraf da var.

Mən də «Yazıçının savaşı» kitabımı bağışlamış, avtoqraf da yazmışdım. Mənim avtoqrafım yoxdur, yəqin ikinci cilddə pərvazlanacaqdı.

Allah, Allah, görəsən dünyada elə bir yazıçı varmı ki, ona bağışlanan kitablara yazılan avtoqrafları beləcə hamı üçün bəyan eləsin?

Kitabımıza şəstlə avtoqraf yazıb veririk. Biri mən, kefim saz olanda təxəyyülüm hədd-hüdud tanımır, elə aftoqraflar yazıram, rəhmətlik Markes də mənə həsəd aparar. Daha xəbərimiz də yox ki, kitabını bağışladığımız adamın artıq gözləri işıldayır, şəxsi bildiyimiz, özəl bildiyimiz avtoqrafları günlərin birində bütün ölkəyə yayacaq, bəs mənə belə aftoqraflar yazıblar deyə, fəxr eləyəcək, qürur duyacaq! Və yayılmasında, nümayiş olunmasında mən də fədakarlıq eləyəcəyəm!

Əməlli başlı utandım.

Mən bunun yalnız maraqsız iş olduğunu zənn eləmişdim.

Biz qələm əhli çox sadəlövhük.
XS
SM
MD
LG