Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:34

Jurnalist Elman Malıyev azadlığa buraxılıb


Elman Malıyev
Elman Malıyev
-

«Ekspress» qəzetinin keçmiş əməkdaşı Elman Malıyev 2010-cu ildə dələduzluqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Nümunəvi davranışına görə məhkəmə qərarı ilə vaxtından əvvəl azadlığa buraxılan Elman Malıyev AzadlıqRadiosuna həbsinin səbəblərindən danışıb:

– Məni bir şikayət əsasında həbs etmişdilər. «Ekspress» qəzetində işləyəndə bir qadın redaksiyaya üz tutaraq, problemləri barədə şikayətini çatdırmışdı. O, sonradan Şəmkir rayon polisinə müraciət etmişdi ki, guya mən problemi həll etmək üçün ondan 500 manat almışam. Həqiqətdə belə bir şey olmasa da, mənə Cinayət Məcəlləsinin «dələduzluq» maddəsi ilə ittiham irəli sürüldü. İstintaqın gedişində etmədiyim əmələ görə deyilən məbləği həmin qadına ödədim. Amma məni yenə buraxmadılar. Şəmkir rayon məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum olundum. Bu, sifarişli bir iş idi. İşə baxan müstəntiq haqqında çox eşitmişdik ki, onun əlinə kim keçirsə, heç kimi buraxmayıb, həbsxanaya göndərir. O müstəntiq çox qanunsuzluqlara yol verdi, verməməli olduğum pulu ödəsəm də, bunu nəzərə almadı.

Mən 20 ilə yaxın «Ekspress», «Hürriyyət», «Bu gün» və daha bir neçə başqa qəzetdə kriminal mövzulardan yazmışam. Yazılarımda, təbii ki, prokurorlarla bağlı tənqidi fikirlər daha çox yer alırdı.
– Daha əvvəl niyə həbs olunmuşdunuz?
– Şəxsi zəmində baş verən hadisəyə görə Cinayət Məcəlləsinin «döymə» maddəsi ilə ittiham olundum. O zaman 5 ay həbsdə qaldım. İkinci məhkumluq sayıldığından bu dəfə ciddi rejimli müəssisədə cəza çəkirdim.
– İkinci dəfə həbs olunmağınız birinci hadisədən qaynaqlana bilərdi?

– İkinci həbsimin əvvəlkinə heç bir bağlılığı yoxdur. Əvvəlki məsələ tam çözülüb və o tərəfdən heç bir problem yoxdur.
– Həbsdən sonra harada çalışmağı düşünürsən, yenə «Ekspress» qəzetində?

– «Yeni Müsavat»a müraciət etmişəm, rəhbərliklə danışmışam... Bir aylıq istirahətdən sonra bu qəzetdə işə başlayacağam.
– Yenə kriminal mövzusunda yazacaqsan?

– Görək də, çalışacağam ki, yaxşı olsun... Heç kimə, heç bir həmkarıma həbsxana həyatı arzulamıram. Axı həbsxana heç kimə üzüağlıq gətirmir, insan həyatına ağır zərbələr vurur. Məhkəmədə məni müdafiə etdiyi üçün saxlandığım 17 saylı cəzaçəkmə müəssisəsinin rəhbərinə təşəkkür edirəm. O , 4 ildə nümunəvi məhbus olduğumu söylədi. Mənə dəstək olan həmkarlarıma, Mətbuat Şurasına da təşəkkür edirəm. Vaxtilə – məhkəmənin gedişində də onlar məni müdafiə etmişdilər. Həbs illərində bir dəfə də qaydaları pozmamışam, həmişə təşəkkürlər almışam.
– Yəqin 4 il boyunca həbsxanada gördüklərini yazacaqsınız?

– Əlbəttə, fikrim var yazmağa. Məhbəsdə xeyli maraqlı adamla rastlaşmışam. Həbsxana həyatı yaxşı olmasa da, xatirələr nə qədər xoş olmasa da, görüb-yaşadıqlarımı qələmə alacağam.

– Sizcə, cəza çəkdiyiniz yerdə haqsız tutulanlar vardı?

– Haqsız yerə tutulanlar da çoxdur, heç bir günahı olmadan həbsxanaya atılan siyasi məhbuslar da çoxdur. Mən vicdan məhbuslarıyla, siyasi məhbuslarla da rastlaşmışam həbsxanada. Açıq deyim ki, indiki dövrdə məhkəmə hakimlərinin heç bir fəaliyyəti yoxdur, onlar ancaq prokurorların ittihamlarını müdafiə edirlər. Yəni məhkəmələr müstəqil deyil, bunu açıq deyirəm. Mənim 51 yaşım mayın 30-da tamam olur. Mənim nəvəm də var. Mən ikinci məhkumluğu heç bir səbəb olmadan çəkmişəm. Yaxşılıq etmək istəyən adama pislik etdilər. Mən bilirəm ki, o, haradansa göndərilən sifariş idi.
– Səncə, sifariş haradan gələ bilərdi?

– Prokurorluqdan. Məni birinci dəfə qəbul edəndə rayon prokuroru dedi ki, səni həbsə göndərəcəyəm. İş orasındadır ki, 20 illik jurnalist fəaliyyətim zamanı «Ekspress», «7 gün», «Hürriyyət», «Bu gün» və başqa qəzetlərdə prokurorların haqsızlığından çox yazmışam.
XS
SM
MD
LG