Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:38

Dünyanın ən məşhur tərcüməçisi liderlər arasında birinci yerə kimi qoyurdu? - Mətbuat icmalı


John and Jackie Kennedy
John and Jackie Kennedy
Ukraynada prezident yarışında şokolad kralı Poroshenko xeyli qabaqdadır.
Ukraynalı təhlilçilərin fikrincə, Poroshenko prezident olsa, Putinin Ukraynaya münasibəti yumşala bilər. Çoxsaylı dünya liderini şəxsən görən məşhur tərcüməçi Sukhodrev birinci yerə kimi qoyurdu? - Mətbuat icmalı

Wall Street Journal qəzeti yazır ki, Putin özünün etdiyini başqalarının üstünə atır. O , ABŞ-ı günahlandırır ki, Amerikalılar Ukraynanın hərbi qüvvələri ilə əlbir hərəkət edir, halbuki Rusiyanın öz xüsusi xidmətləri Krımı tutdular və Ukraynanın şərqində silahlı hərəkata başladılar. Putin İnterneti Mərkəzi Kəşfiyyat idarəsinin layihəsi adlandırır, ancaq eyni vaxtda Putin Rusiyada sosial medianı nəzarətə götürür. Putin Ukrayna hakimiyyətini şərq regionlarına muxtariyyət verməməkdə ittiham edir. Özü isə Rusiyada yerli seçki praktikasına son qoyur.

Qəzet yazır ki, Kiyev hakimiyyəti ideal deyil, ancaq şərq regionlarında insanların haqlarının Putin dediyi kimi belə pozulmasını beynəlxalq təşkilatlar görmürlər.
Beynəlxalq təşkiilatların məlumatına görə, əksinə, Krımın anneksiyasından sonra 8 min Krım sakini, o cümlədən 3 min tatar Krımı tərk edib.

POROSHENKO XEYLİ İRƏLİDƏDİR

Ukraynada mayın 25-dəki prezident seçkilərini udmağa ən real namizəd 48 yaşlı Petro Poroshenkodur. New York Times qəzeti yazır ki, Kiyevdəki Beynəlxalq Sosiologiya İnstitutunun sorğusuna görə, Poroshenkoya bütün seçicilərin 34 faizi səs verməlidir. İkinci yerdə gedən Yulia Timoshenko ondan xeyli geri qalır – 6 faiz.

Parlamentin üzvü, keçmiş iqtisadiyyat naziri Sergey Tigipko 3-cüdür – 4 faiz.
Rəy sorğusunda iştirak edənlərin 25 faizi deyib ki, hələ kimə səs verəcəklərini bilmirlər. 13 faiz isə seçkiyə getməyəcəyini bildirir.

Milyarder və şokolad kralı Poroshenkonun Rusiyada böyük biznes maraqları var. Qəzet yazır ki, ukraynalı təhlilçilərin və rəsmilərin fikrincə, Poroshenko prezident olsa, Rusiya prezidenti Putinin Ukraynaya münasibəti yumşala bilər.

Poroshenko Yushenkonun prezidentliyi dövründə xarici işlər naziri, Yanukovichin prezidentliyi dövründə isə iqtisadiyyat naziri olub. Ukrayna üzrə təhlilçi Adrian Karatnitsky deyir ki, Poroshenko qarşı tərəflə dil tapa bilən adamdır, ultramillətçi deyil.

Poroshenko qatı qərbpərəstdir. O deyir ki, Ukraynanın gələcəyi Avropa ilədir, bu, müzakirə mövzusu deyil.

Eyni vaxtda Poroshenko mayın 18-də isə deyib ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı referendum keçirilməsinin əleyhinədir.

Karatnitskinin fikrincə, Poroshenko prezident olsa, Putin Ukrayna ilə münasibətləri yoluna qoymaq şansından istifadə etməyə çalışacaq.

POROSHENKO KİMDİR?

Wall Street Journal qəzeti yazır ki, Poroshenko Ukraynanın Rumıniya ilə sərhəddində yerləşən şəhərcikdə anadan olub. Var-dövlətini SSRİ dağılandan sonra qazanıb. O, əvvəlcə Ukraynaya kakao gətirirdi. Sonra şirniyyat fabriki yaratdı və bu fabrik Ukraynada ən iri şirniyyat müəssisəsi oldu. Poroshenkonun biznes maraqları daha sonra avtobus istehsalı və televiziyaları da əhatə etməyə başladı.

Forbes jurnalı Poroshenkonun sərvətini 1,6 milyard dollar məbləğində qiymətləndirir.
Poroshenko seçki kampaniyası dövründə keçirilən hər mitinqdə deyir ki, onun Roshen şirniyyat müəssisəsində işləyən fəhlələr ayda 7 min hrivna, yəni təxminən 600 dollar alır, bu da Ukraynada orta maaşdan - 3300 hrivnadan 2 dəfədən də çoxdur.

Qəzet debatlarda və mitinqlərdə Poroshenkonun suallara səmimi cavab verməsini də vurğulayır.

Poroshenkodan soruşublar ki, Kommunist partiyası niyə qadağan olunmasın? Niyə rüşvətxor məmurlar yenə hakimiyyətdədir? Ukrayna Krımı necə qaytaracaq? Poroshenko etiraf edir ki, “bu sualların cavabları asan deyil.”

PUTİNİN VECİNƏ DEYİL?

Foreign Policy məcmuəsi soruşur ki, Putinin hərəkətlərinin Rusiya iqtisadiyyatına ziyan vurması Rusiyada kimin vecinədir? Və cavab verir ki, “ola bilsin, oliqarxların vecinədir. Dəqiq demək olar ki, sıravi vətəndaşlara da təsir edir. Ancaq eyni dəqiqliklə demək olar ki, Putinin vecinə deyil.”

DÜNYANIN ƏN MƏŞHUR TƏRCÜMƏÇİSİ

Washington Post yazır ki, Sovet liderlərinin ingilis dilinə tərcüməçisi olan Viktor Sukhodrev 81 yaşında vəfat etdi. Qəzetin yazdığına görə dünya tarixində ən yüksək səviyyədə Sukhodrev qədər uzun illər tərcüməçilik edən ikinci şəxs olmayıb.

Los Angeles Times 1973-cü ildə ən yüksək səviyyəli görüşdə iştirak edən diplomatik mənbənin sözlərini sitat gətirirdi ki, “Sukhodrev inanılmaz tərcüməçidir”.

1956-cə ildə o vaxtki sovet lideri Xruşovun qərb diplomatlarına dediyi məşhur sözləri o tərcümə etmişdi : “Sizin xoşunuza gəlsə də, gəlməsə də, biz tarixin tərəfindəyik. Biz siz basdırcağıq”

2005-ci ildə Sukhodrev New York Times qəzetinə deyirdi ki, “dünya liderlərinin danışıqlarında sizin səhv etməyə ixtiyarınız da yoxdur, imkanınız da”.

Sukhodrev Moskvada anadan olsa da uşaqlıq illərini Londonda keçirmişdi. Onun ingilis dilinə hətta ABŞ prezidentləri də etibar edirdi. 1972-ci ildə ABŞ prezidenti Nixon SSRİ lideri Brejnevlə danışıq aparanda, o vaxtki qaydalara görə, hər liderin öz tərcüməçisi olmalı idi. Ancaq Nixon danışıqların bir tərcüməçi- Sukhodrevlə aparılmasına razı oldu. Nixon öz xatirələrində yazırdı: “mən Sukhodrevun əla dilçi olduğunu, ingilis dilində rus dilində danışdığı kimi danışdığını bilərək, fikirləşdim ki, Brejnev öz tərcüməçisi ilə özünü daha sərbəst hiss edəcək.”

Sukhodrevdən bir dəfə soruşublar ki, gördüyü çoxsaylı dünya liderləri arasında onun ən çox xoşuna gələn kim olub? Sukhodrev deyib ki, ABŞ-ın keçmiş prezidenti Kennedy onu valeh etmişdi. Sukhodrevin sözlərinə görə, Kennedy həddən artıq xarizmatik idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG