Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:56

İsmayıllıdakı əşya bazarının müdiri ilə sahibkarlar məhkəmədə...


İsmayıllıda əşya bazarı
İsmayıllıda əşya bazarı
-

İsmayıllıda təsərrüfat malları bazarında fəaliyyət göstərən bəzi sahibkarlarla bazar müdiriyyəti arasında məhkəmə çəkişməsi yaranıb. Sahibkarlar bildirirlər ki, rəhbərlik onlara qarşı məhkəmədə mülki qaydada iddia qaldırıb. İddiaçı tərəf «AXAR-2011» MMC-nin direktoru Aslan Məmmədovdur. Onun iddiasında bildirilir ki, sahibkarlardan Azər Bədəlov 910 , Teymur Məmmədov 540, Nahid Mirzəliyev 340 və Qərib Əzizov 325 manat icarə haqqını ödəməkdən imtina ediblər. Mayın 20-də bu iddia ilə bağlı məhkəmənin hazırlıq iclası olmalıdır.

İcarəçilər isə öz növbələrində onlara yönəlik iddiaları qəbul etmirlər.

«ASLAN MƏMMƏDOV AÇIQ ŞƏKİLDƏ SAHİBKARLARI SOYMAQLA MƏŞĞULDUR»

Azər Bədəlov:
Əşya bazarı
Əşya bazarı
«Mən 2002-ci ildən əşya bazarında sahibkarlıqla məşğulam. Pal-paltar satmaqla gündəlik ailəmə 3-5 manat pul aparıram. Bazarın müdiri Aslan Məmmədov 2012-ci ilin may ayında mənə məxsus mağazanı əlimdən alıb, başqasına satdı. Həmin vaxt mən başqasına məxsus balaca 8 kv-lıq yerdə işləməyə başladım. Aramızda heç bir müqavilə olmadan Aslan Məmmədov məni məhkəməyə verib. Mən hər ay vergini ödəmişəm. Ancaq Aslana Məmmədova verdiyim yer haqqının qəbzini hələ də ondan ala bilməmişəm. Aslan Məmmədov açıq şəkildə biz sahibkarları soymaqla məşğuldur»

«910 MANAT BORCU HAVADAN GÖTÜRÜB ADIMA YAZIB»

Azər Bədəlov deyir ki, bununla bağlı dəfələrlə rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovun qəbulunda olub:

«Aslan Məmmədovun hərəkətlərindən ona şikayət etmişəm, ancaq tədbir görülməyib. Mənim körpə övladım var, xəstədir, niyə qoymurlar bizi rahat yaşamağa? Niyə bu geniş dünyanı başımıza dar ediblər? Aslan Məmmədov özü vergidən yayınaraq, biz sahibkarları borclu çıxarır. Bizə deyir ki, kimə deyirsiniz deyin, hər şeyi mənim pulum həll edir. Yəni belə özbaşınalıqdır? Aslan Məmmədov 910 manat borcu havadan götürüb, adıma yazıb. Cənab prezidentin sahibkarlığın inkişafı ilə bağlı verdiyi sərəncamları yerlərdə Aslan kimi işbazlar vecinə almır».

«MAĞAZALARI ÖZ CİBİMİZİN PULU İLƏ TİKMİŞİK»

Şikayətçi Nahid Mirzəliyev:

«Mənim Aslan Məmmədovla müqaviləm var. Sadəcə məsələ yer puluna görə bu səviyyəyə çatıb. Mən pulu ödəyirdim. Əvvəllər bizdən 25 manat yer pulu alırdı, birdən-birə dedi ki, 40 manat verəcəksiniz. Mən də imtina etdim. Mənim yerim 7 kvadratdır. 25 manat ödədiyim bütün qəbzlər məndədir. Yerimizi özümüz tikdiyimizə görə hərəmizə 10 manat güzəştə gedirdi. Mart ayından mən pulu ödəməkdən imtina etdim. Bazarı Aslan Məmmədov tikməyib. Mağazaları öz cibimizin pulu ilə tikmişik. Hazırda hamı ondan narazıdır. Bankdan külli miqdarda kredit aldı ki, bazar tikəcəm, ancaq özünə bahalı maşın, ev aldı. Açıqca özbaşınalıq edir, heç kimi saymır, buna bir əncam çəkən olacaq ya yox?».

«MÜQAVİLƏYƏ YAZIB Kİ, GUYA MAĞAZALARI ÖZLƏRİ TƏMİR EDİB»

Şikayətçi Qərib Əzizov:

«Mənə məxsus həmin obyektdə anam 1996-cı ildən işləyir. Əvvəlki illərdə müqaviləm var idi. Bu ildən gördüm ki, Aslan Məmmədov gündə bir rəqəm deyir, ona görə müqavilə bağlamadım. Müqaviləyə yazıb ki, guya mağazaları özləri təmir edib. Ancaq mən 2000 min manat təmirə xərc qoymuşam. Cəmisi dörd aydır ki, icarə pulu vermirəm. 40 manatdan bu 160 manat pul edir. Ancaq Aslan Məmmədov mənə 325 manat borc yazıb. Məhkəmədə biz hər şeyi tələb edəcəyik. Sadəcə istəyirik ki, İsmayıllıda sahibkarların başına açılan oyunu ictimailəşdirəsiniz».

«İKİ İLDİR Kİ, SƏBR EDİRƏM, XAHİŞ EDİRƏM Kİ, BORCUNUZU ÖDƏYİN, ÖDƏMİRLƏR»

İddiaçı tərəf, Aslan Məmmədov isə sahibkarların şikayətini əsassız sayır:

«Bu adamlar 2 ildir ki, yer pulu ödəmirlər. Dəfələrlə onları dəvət eləmişəm ki, gəlin müqavilə bağlayaq, gəlməyiblər. Bizdə 1 kv 5 manatdır. Mən hələ onlara bir müddət 10 manat hörmət elədim ki, qoy işə başlasınlar. Bizim bankla heç bir əlaqəmiz yoxdur. Vətəndaşlar hər ay pulu bizə ödəməlidirlər. Mən bankdan nə qədər pul almışam, bunun məsələyə dəxli yoxdur. Bütün yerləri təmir edib vermişik tacirlərin istismarına. Yalan deyirlər, mağazaları biz öz vəsaitimiz hesabına təmir etmişik. Əslində mən onlardan inciməliyəm ki, bu qədər onlara güzəştin qabağında şikayət edirlər. O vaxt kimə pul veriblərsə, gedib ondan da pullarını alsınlar. Mənim yerimdə kim işləyirsə, mən pulu da ondan istəyirəm. İşləyiblərsə, pulu verməlidirlər. Mənim vergidən yayınmağımla bağlı deyilənlər isə tamamilə cəfəngiyatdır. İki ildir ki, səbr edirəm, xahiş edirəm ki, borcunuzu ödəyin, ödəmirlər. Vətəndaşı tutub döyəsi deyiləm ki, Allaha şükür qayda var, qanun var. Məhkəməyə müraciət etmişəm. Hesab edirəm ki, haqlıyam. Rayon icra hakimiyyətinin bazara qarışmağa səlahiyyəti yoxdur».
XS
SM
MD
LG