Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:05

Hacıkənddə evi yanan köçkünlər...


-

Mayın 5-də Hacıkənddə cərgə ilə düzülmüş 6 «fin evi»ndən 3-ü tamamilə yanıb, külə dönüb. Sözügedən bu taxta evlər sovetlər dönəmində yay düşərgəsi kimi tikilib.

Bu evlərdə yaşayanlar 22 il əvvəl doğma yurd-yuvasını Şuşada qoyub gələn köçkünlərdir. 4 yaşında Şuşadan gəlinciyindən başqa heç nə götürə bilmədiyini deyən Vüsalə Mürsəlova indi ağlaya-ağlaya yanan evindən, külə dönmüş əşyalarının içindən gəlinlik cehizinə aid bircə şey belə tapa bilmir:

«YANĞINDAN ANCAQ UŞAQLARI ÇIXARA BİLDİM»

Vüsalə Mürsəlova
Vüsalə Mürsəlova
«İşıqdan olub. Mən yatırdım, qonşular oyatdı. Yanğından ancaq uşaqları çıxara bildim. Quru taxtadır. Evdən heç nə çıxara bilmədik. Hamısı yandı».

Evi yanmış daha bir köçkün Sehran Abdullayev deyir ki, evlərin üzərindən hörümçək toru kimi köhnə, sallaq enerji xətləri keçirdi. Hətta 6-7 evə cəmi 1 xətdən işıq paylanırmış. Əlavə edir ki, dəfələrlə aidiyyatı qurumlara müraciət ediblər. Ancaq kimsə onların şikayətinə məhəl qoymayıb:

«NƏ QIZIL, NƏ CEHİZ ÇIXARA BİLDİK»

«Mən gəldim qapını açdım, gördüm televizor partladı. Əvvəldən yanırmış. Evdən heç nə çıxara bilmədik. Hamısı külə döndü. Nə qızıl, nə cehiz çıxara bildik. Yanğın yəqin ki «tok»dan olub. Köhnə xətlərdir, ona görə yanıb».

Elmdar Əsədov isə deyir ki, yanan evə 2 il əvvəl qırmızı lent bağlayıb gəlin gətirib. İndi təzə cehizlərdən əsər əlamət belə qalmayıb:

«Mən Gəncəyə getmişdim, yanan evin biri qızımındır, biri də kürəkənimindir. 22 ildir biz yaşayırıq. Bizdən də əvvəl hörümçək kimi xətlər idi. 6 evə bir yerdən işıq çəkilib. Ev «apilka»dan olan evdir. Daş deyil. Gəlinimizin cehizi, sənədlər, qızıl - hamısı yanıb».

Gəncə Şəhər Yanğından Mühafizə İdarəsindən də bildirdilər ki, ilkin ehtimallara görə, yanğın elektrik xətlərinin qısaqapanmasından baş verib.

EVİ YANANLAR YENİ QƏSƏBƏYƏ KÖÇÜRÜLƏCƏK...

Hacıkənd icra nümayəndəsi Hümbət Hüseynov isə deyir ki, evi yanan ailələr Hacıkənd qəsəbəsində yerləşən Gəncə İnternat Evinin yay düşərgəsinə məxsus binalarda yerləşdiriliblər. Hümbət Hüseynov əlavə edir ki, yaxın 2 ay ərzində Hacıkənddə məskunlaşmış köçkün ailələrin hamısı Göygöl rayonunun Hacıməlik kəndi ərazisində tikilən yeni qəsəbəyə köçürüləcəklər. Qəsəbədə 560 ailə üçün evlər tikilib. Hacıkənddə isə ümumilikdə 600-ə yaxın köçkün var.
XS
SM
MD
LG