Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:29

İntihar etməyənlər edənləri anlamaz


Türkiyədə yəhudi icmasının qəzeti
Türkiyədə yəhudi icmasının qəzeti

Ah, Stefan Zweig!

-

O, dindar olmasa da, millətçilikdən, sionizmdən uzaq gəzsə də, sadəcə yəhudi olduğu üçün ölkəsindən sürgün edilən kövrək ürəkli bir adam idi.

Bu həssas ürək əvvəl-axır məğlub olacaqdı, çünki özünün dediyi kimi: “O artıq səssiz dərinlikdən bir də heç vaxt suyun üzərinə çıxmayacaq dalğıc kimiydi” .

Bu şəklə diqqətlə baxaq. Diqqətlə baxaq və dünyanın gedişatı qarşısında məğlubiyyətə uğrayan bir insanın o məğlubiyyəti necə qarşıladığını görək. Həyatdan ümüdünü kəsmiş, həssas, “insan kimi insan”, dövrünün ən şöhrətli yazarlarından birinin arvadı ilə birlikdə həyatla məqsədli şəkildə vidalaşmasını, qalstukunu belə çıxartmadan ölümə getməsini, ölüm ayağında belə özünə duyduğu hörmətin önəmini görək və ondan soruşaq, bu həssas ruhlu insana belə “vida” yaraşırdımı?

Ah, Stefan Zweig!

Gebbelsin, adını “istənməyən və qadağan olunmuş yazıçılar siyahısı”nın ən yuxarılarında yazdığı həssas ruhlu, özünəməxsus insan. O kövrək ürəyin sənə bir az daha vədə versəydi, şübhəsiz adın bu gün XX əsrin ən parlaq yazıçıları siyahısında ən önlərdə gedərdi.

Neynəyəsən ki, belə olmadı. Nə sükut içində üsyan edən ürəyin, nə də zülmətə dözümü olmayan beynin buna imkan verdi. Sən vicdanın qarşısında məğlub oldun. Tarixin ən dəhşətli qorxu və cinayət imperiyasına qarşı apardığın mübarizənin məğlubiyyətə uğraması səni həyatla amansızca vidalaşmağa sövq etdi. Heç gözlənilmədən getdin Stefan, gözlənilmədən. Niyə məğlub oldun ey gözəl insan, niyə?

Neynəyəsən ki, intihar etməyənlər edənləri anlamaz.


***

Alber Kamyu fəlsəfənin yeganə problemi “intihar”dır demişdi. O, intiharı insanın öz varlığını dərk etməsi kimi yozmuşdu.

Sveyq də qorxu imperiyasından çox-çox uzaqlarda olmasına baxmayaraq, həyatına öz iradəsiylə son verəcəkdi.

***
Almaniya - yəhudi tacirə məxsus dükan dağıdılıb. Magdeburg, Noyabr1938
Almaniya - yəhudi tacirə məxsus dükan dağıdılıb. Magdeburg, Noyabr1938

Onun həyat yolu Zalsburq, London, Nyu-york, Rio və son dayanacaq olaraq Petropolis arasından keçir. Onun məcburi sürgünü axır ki, bitmişdi, lakin ürəyindəki o silinməz ağrı 1933-cü ilin o məşum 10 may axşamı, alman şəhərlərində alman gəncliyinin qışqırıqları altında özünün və dindaşlarının kitablarının böyük bir tonqalda yandırılması ilə başlandı.

Orta əsrlər geri qayıtmışdı. Sveyq də eynilə dindaşları Eynşteyn və Freyd kimi qorxunc şərin kölgəsini üzərində hiss edərək öz vətənindən qaçacaqdı. Hissləri onu aldatmayacaqdı.

Lakin Paris faşistlərə təslim olanda, Londona bombalar yağdırılanda, dəhşətli faşizm virusu hər yeri bürüməyə başlayanda Sveyq okeanın o tayındakı Nyu-Yorka üz tutur. O, canını qurtarsa da, hər gün Avstriyada və Almaniyada yəhudilərin evlərinin, sinaqoqlarının yandırılmasını, küçənin ortasında qətl edilməsini, kütləvi şəkildə ölüm düşərgələrinə göndərilməsini eşidirdi.

Bir növ sanki, sevgiylə bağlandığı Vyana mədəniyyətini, dilini, musiqisini, ədəbiyyatını, dostlarını və yardım üçün əllərini ona uzadan, lakin cavabsız qoyduğu yüzlərlə tanışını tərk edib yeni dünyaya qaçmışdı.

Sveyq hələ Londondaykən yüzlərlə yəhudinin Avstriyadan qaçmasına kömək etsə də, yerdə qalanlarını məsuliyyətsizcə taleyin hökmünə buraxmasının ağrısıyla içini yeyə-yeyə Amerikaya yola düşmüşdü.

Öz dövründə Avropanın yaşayan ən məşhur yazıçısı, musiqiçidən ədəbiyyaçıya qədər köhnə qitənin ən tanınmış adamları haqda kitablar yazan, qəlbi qırılmış Stefan Sveyq, yəhudi mədəniyyəti ilə heç bir bağı olmasa da, millətçilik və sionizmdən xoşu gəlməsə də, yalnız tanrının istəyi ilə yəhudi kimi doğulduğuna görə tarixin ən böyük cəlladlarından qaçaraq min-bir çətinliklə özünü Nyu-Yorka çatdırır.

Lakin vicdanı onun qəbul etdiyi bu qərarının nə qədər ağır olduğunu gecə-gündüz qulağına pıçıldamaqdan bezmirdi. Vicdanı onu, amansızca şər qüvvələrlə mübarizədən qaçan, özünə vurğun bir qurban sayırdı.

Halbuki, o günlərdə Vyanada yəhudilərə intihar etmək belə qadağan olunmuşdu. Sveyqin bir çox dostu, qohumu və bəzi dindaşları evlərində təbii qazla intihar etməyə başladığı zamanlarda, zalım faşist höküməti evlərə verilən təbii qazı kəsirdi. Bir müddət sonra hətta qazla intihar etmək, qanun pozuntusu sayılmağa başladı…
Braziliya - Stefan Zweig-in Petropolisdəki evi.
Braziliya - Stefan Zweig-in Petropolisdəki evi.


Daha sonra bu kövrək qəlbli yazıçı, Nyu-Yorkun “mühitindən” baş götürüb Braziliyada məskunlaşmağa qərar verir. O, insanları daha yumşaq, daha həyatsevər Latın mədəniyyətinə sığınır.

Ancaq orda arvadı Lotte Atman ilə birlikdə həyatının son altı ayını keçirir. Ondan gözlənilən qəhrəmanlığın və mübarizliyin əvəzində qorxaqlıq edib iztirab içində qıvrılarkən bir yandan da almanların az qala bütün dünyanı işğal etməsi xəbərlərini aldıqca “qətiyyətli bir addım” ataraq əbədi işgəncədən canını qurtarmağa qərar verir.

Sən demə 1942-ci ilin bir fevral günündə Sveyq və arvadı yanlarından heç vaxt ayırmadığı həblərinin köməyilə öz iradələri ilə əbədi yuxuya gedəcəkdilər. Beləliklə, onun anasından və doğma yurdundan uzaqdakı vicdan əzabı ilə dolu məcburi sürgünü həmişəlik bitmiş olacaqdı.


***

Alber Kamyu, ömrünü həyatın yaşamağa dəyib-dəymədiyi sualına cavab tapmağa həsr etmişdi. Ancaq nəhayətdə o, intihara haqq qazandırmamış, əksinə kökündən rədd etmişdi. O, həyatın ağırlığı, hüznü, kədəri, öz təbirincə absurdluğu – “cəfəngliyi” qarşısında insanın həmişə üzünü həyata doğru çevirməsinin tərəfində durur.

Görünür, Sveyq faşistlərin yaratdığı bu ağlasığmaz “cəfəngiyyat” qarşısında mübarizənin, müharibə və üsyanın heç bir faydası olmayacağına inanmışdı. Neynəyəsən ki, o, müharibədən, qırğınlardan çox uzaqlarda olsa da, qorxusuna və daha çox da vicdanına təslim olur.

Ənginlikdə böyük və parlaq bir ulduz vaxtından öncə sönəcəkdi.

Amma əvvəldə dediyim kimi, intihar etməyənlər, edənləri anlamaz…

İvo Molinas
"Şalom" qəzeti

Çevirdi: Namiq Hüseynli
XS
SM
MD
LG