Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:08

Onlar üçün sabah açılmadı


Babək Yusifoğlu
Babək Yusifoğlu
Babək YUSİFOĞLU
(Stefan Sveyq haqqında)

Dünyanın digər nəhəng ölkələri ilə müqayisədə çox da böyük olmayan Avstriya çox uzun dövrlər Avropanın ictimai-siyasi, həm də ədəbi-bədii və mədəni həyatında çox önəmli rol oynayıb.

Hətta elə zamanlar olub ki, öz iradəsini bütün qitəyə hökm edə bilib. İmperiya dövrünü də yaşayıb.

Vyananınsa yalnız bir ölkənin paytaxtı deyil, bütövlükdə Avropanın mədəniyyət və incəsənət mərkəzi olduğunu söyləsək yəqin ki, səhv etmərik.

Elə bu səbəbdən də son yüzilliklər boyu dünyanın bir sıra istedad sahibləri, sənətkarları, dahiləri bu şəhəri ziyarət etməyə, burada yaşamağa, yazıb-yaratmağa can atmışılar.

XIX əsrin sonları, XX əsrin əvvəlləri dünya bədii nəsrinin demək olar ki, yeni mərhələsi başlamışdı. Ənənəvi bədii janrlar, yazı üslubu yerini yenilərinə vermişdi.


"Hər şey zahirən yaxşı görünürdü. Kitabları çap edilmiş, dünya şöhrətinə sahib olmuş, istedadlı yazıçı, dərin ağıla malik filosof, maddi cəhətdən heç vaxt korluq çəkməyən bir adam, özü də arvadıyla gözəl, ekzotik mənzərəli bir yerdə daha nə istəyə bilərdi ki? Ona yalnız fürsətdən istifadə edib həyatının dadını çıxarmaq qalırdı. Amma heç vaxt hər şey göründüyü kimi olmurmuş. Yazıçı qəlbən bu dünyaya sığmırdı".
Əslində bütövlükdə XIX əsri Avropa romançılığının ən parlaq dövrü adlandırmaq mümkündü. Məhz bu dövrlərdə nəsrin bioqrafik etüd və roman formasında nümunələri yaranmağa başladı.

Və belə demək mümkünsə, sürətlə populyarlaşdı. Məncə o dövr üçün bu janrın ən möhtəşəm siması Stefan Sveyq idi.

O, Stefan Sveyq ki, öz intellekti, ağlı və fəlsəfəsi ilə bu dünyaya sığa bilməmişdi.

Əsərlərinin birində o, bu sətirləri yazmışdı:

"...Birdən nəzərləri qarşıdakı masanın üstünə qoyulmuş mavi güldana sataşdı. İllərdən bəri ilk dəfə ad günündə boş idi.

Yazıçı diksindi: çünki qəfildən "qapı" sövq-təbii olaraq açıldı və axirət dünyasının soyuq nəfəsi onun otağına doldu.

Ölüm və ölməz məhəbbətin təsirini duydu: qəlbinin dərinliklərindən nəsə bir duyğu baş qaldırdı və uzaqdan eşidilən musiqi haqqında düşünürmüş kimi məhv olmuş həyatı, cansız və coşqun bir həyatı xatırlamağa başladı".

Bəlkə də yazıçı yaşadığı həyatın bütövlükdə mənasını özündə ehtiva edən həmin o mavi güldanın boşluğunu dərk edəndə heç olmayacaq qədər sarsılmışdı.

Bəlkə də elə həmin güldanın beləcə gülsüz, çiçəksiz qalması bu dünyanın nə qədər boş olduğunu bir daha ona sübut etmişdi. Bu isə dəhşət idi.

Əlbəttə, bəlkələr istənilən qədər olur həmişə. Məncə gerçək olanı yalnız bu idi ki, qəribə istedad sahibi Sveyq nə vaxtsa bu dünyanın ona aid olmadığını duymalıydı. Duymasaydı, nəhayətdə həyatı üçün belə qərar verə bilməyəcəkdi...

Stefan Sveyq 1881-ci il 28 noyabrda Vyanada çox zəngin bir yəhudi ailəsində anadan oldu. Xarici ticarətlə məşğul olan atası - Moris Sveyq həm də toxuculuq manifakturasının sahibi idi.

Stefan ailədə ikinci övlad idi. Valideynləri, əsasən də anaları İda Sveyq (qızlıq soyadı Brettauer) uşaqlarının tərbiyəsinə, oxumasına diqqət edirdilər.

Stefan Zweig
Bütün imkanlı uşaqlar kimi Stefan da 6 yaşından məktəbə getməyə başladı. Və bu təxminən 1900-cu ilədək çəkdi.

BAŞINI BAŞLARA QOŞAN GƏNC...

Şəxsi həyatını müzakirəyə çıxarmağı xoşlamayan Sveyq sonralar qələmə aldığı memuarda - "Dünənki dünya"da da öz uşaqlıq illərindən və şəcərəsindən çox xəsisliklə söz açıb.

Həmin əsəri oxuyarkən oxucu asanca anlayır ki, söz valideynlərinə, evinə, gimnaziya illərinə, universitet həyatına çatarkən müəllif öz duyğularına sərbəstlik vermək istəməyib.

Orta təhsilini mükkəmməl şəkildə başa vurandan sonra Stefan Vyana Universitetinin fəlsəfə və ədəbiyyat tarixi ixtisası üzrə təhsilini davam etdirdi.

Ədəbiyyata, yaradıcılığa inanılmaz həvəsi elə tələbəlik illərindən onu yazmağa sövq etdi. 1901-ci ildə ilk poeziya toplusunu - "Gümüş tellər"i çap etdirdi.

Qeyd edim ki, ədəbiyyat haqqında mülahizələri, orijinal yazı üslubu, şeirləri elə ilk dövrlərdən başlayaraq bir çoxlarının diqqətini çəkməyə başladı.

Dərin düşüncə qabiliyyəti, istedadı, parlaq ideyaları onun erkən yaşlarından dövrünün tanınmış adamları, ziyalıları, sənətkarları ilə tanış olmasına, ünsiyyət qurmasına səbəb oldu.

Gənc yaşlarında Sveyq artıq tanınmış rəssam E.M. Lilienlə, Emil Verxarnla, Rayner Mariya Rılkeylə, Ogüst Rodenlə və bir sıra digər sənətkarlarla səmimi münasibətlər yaratmışdı.

Qeyd edim ki, Stefan Sveyqin Avstriyanın böyük şairi Rayner Mariya Rilkeylə dostluğu gənc yazarın çapdan çıxmış ilk kitabını ona göndərməsi ilə başlamışdı.

Çünki Rilke də cavab olaraq o vaxt Sveyqə öz kitabını hədiyyə etmişdi.

Yeri gəlmişkən, bir çox tanışlıqlar, dostluqlar da Stefan Sveyqin səyahətləri zamanı (London, Paris, bir il sonra İtaliya, İspaniya, daha sonra Hindistan, Hind-Çin, ABŞ, Kanada, Kuba, Panama, İsveçrə, İspaniya, keçmiş SSRİ...) yaranmışdı.

R. Rollanla, O. Rodenlə, T. Mannla, Z. Freydlə, M. Qorkiylə, F. Mazarelliylə, S. Daliylə... dostluq əlaqələri olmuşdu.

Stefan Sveyqi məhsuldar yazıçı adlandırmaq mümkündü. Hansı həyat şəraitinə düşməsindən, hara səyahət etməsindən asılı olmayaraq o, qələmini boş qoymamışdı. Onun ilk hekayələr kitabı 1911-ci ildə nəşr olundu.

Qəhrəmanları əsasən uşaqlardan ibarət olan bu hekayələr çox keçmədi ki, ədəbi ictimaiyyətin diqqətini cəlb etdi. Bunun ardınca onun digər əsərləri də işıq üzü gördü.

Bundan başqa, onun bir sıra tarixi-bioqrafik oçerkləri də çoxlarının marağına səbəb oldu.

Yazıçının yüksək peşəkarlıqla yazdığı bədii əsərləri - "Amok", "Şahmat novellaları"
Sveyqin Petopolisdəki evi
"Həyəcanlı duyğular" kitablarından sonra Stefan Sveyq özünün də təsəvvürünə gəlməyəcək şəkildə şöhrətləndi.

Belə demək mümkünsə, artıq hər yerdə insanlar Avropa nəsrinə yeni nəfəs, yeni üslub gətirmiş bu yazıçının əsərlərinin oxucusuna çevrilmişdi.

Kiçik həcmli hekayələrindən tutmuş böyük romanlarınadək bütün əsərlərində mövcud olan dramatizm, qeyri-adi süjet, psixoloji təsvirlər hər kəsi daim həyəcanda saxlayır, düşündürür.

Bütün bunlar adamda elə təsəvvür yaradır ki, sanki müəllif bütün bu hadisələrin real iştirakçısı olub.

BÖYÜK SVEYQ

Tarixi mövzulara da tez-tez müraciət edən Stefan Sveyqin maraqlı tarixi əsərlərindən - "Mariya Stuyart"dan.... başqa avtobioqrafiq romanları da - "Balzak", "Jozef Fuşe", "Erazm Rotterdamlının zəfəri və faciəsi", "Magellanın şücaəti"... oxucular tərəfindən maraqla qarşılandı.

Çünki müəllif bu mövzulara da quru, xronoloji cəhətdən deyil, daha çox öz fantaziyalarına xas şəkildə yanaşırdı.

O, bəhs etdiyi tarixi dövrün şəraitini və faktlarını çox geniş və dolğun təsvir etməyi ustalıqla bacarırdı.

Mən deyərdim ki, onun qələmə aldığı "Əbədiyyətə səfər", "Bir gecənin dahisi", "Dönməz an", "Eldoradonun kəşfi", "Okeanın o tayından eşidilən ilk söz" və c. əsərləri bu janrın təkrarsız nümunələridir.

Züeig
Sveyqin kitabı Azərbaycan dilində
Birinci Dünya Müharibəsi ərəfəsində isə Stefan Sveyq İsveçrədə yaşamağa başladı. 1918-ci ildən sonra Zalsburq yaxınlığında yerləşən bir evə köçdü və həyatını orada davam etdirdi.

Yaradıcılığına ara verməyən yazıçı burada bir sıra əsərləri ilə yanaşı, bu gün də aktuallığını itirməyən qiymətli esselərini yazdı. Araşdırmaçıların qeydlərindən belə məlum olur ki, məhz həmin dövrlərdə Stefan Sveyq ailə qurmaq fikrinə düşdü.

Əslində hər şey bir təsadüfü qarşılaşmadan başladı. Musiqi gecələrinin birində Friderika fon Vinternitslə tanış oldular.

Friderika onda ərdə olsa da ilk tanışlıqdaca Stefan Sveyqə qarşı qəlbində özünün də baş aça bilmədiyi nələrsə hiss etmişdi.

Qadın da yazıçıda qeyri-adi duyğular oyatmışdı. Bu tanışlıq çox çəkmədi ki, onların arasında vazkeçilməz sevgiyə çevrildi. Və qadın tərəddüdlə də olsa ərindən boşandı və onlar evləndilər.

Ətrafdakılar bu nigahın xoşbəxtliyinə inanmasalar da cütlük uzun illər onun Zalsburqdakı evində xoşbəxtcəsinə yaşadılar.

1926-1928-ci illər Stefan Sveyqin şöhrətinin ən pik dövrləri idi. Hətta qapalı dünya hesab olunan Sovet İttifaqında da o məhşur idi. Keçmiş SSRİ-də Sveyqin 10 cilddən ibarət əsərləri çap olundu.

Və çox keçmədi ki, sovet yazıçıları onu Moskvaya dəvət etdilər. Həmin il Rusiyanın nəhəng yazıçılarından biri Lev Tolstoyun 100 illik yubileyi keçirilirdi.

Sovet rejimini, sosializm ideologiyasını birmənalı şəkildə qəbul etmədiyinə baxmayaraq Sveyq Rusiyaya gəldi.

Bir sıra görüşlərdə iştirak etdi. Proletariatın böyük yazıçısı hesab edilən Maksim Qorki həmin dövrlərdə Stefan Sveyq haqqında çox yüksək fikirlər söyləmişdi.

Yenidən geri qayıdan yazıçı bir neçə ildən sonra anladı ki, yəhudi olduğu üçün onun Almaniyada, Avstriyada, ümumiyyətlə Avropanın əksər ölkələrində yaşaması mümkün deyil. Çünki artıq Almaniya və bəzi dövlətlərdə başqa siyasi ab-hava vardı.

Amma onlar üçün həyat yeni sürprizlər hazırlamışdı. Stefan Sveyq əlli yaş ərəfəsində güclü depressiv kriz keçirməyə başladı.

O özünü soyuq, qaranlıq boşluqda hiss edirdi. Yazıçını bürüyən ümidsizlik, tərkdünyalıq bütövlükdə onun həyatı üçün təhlükəli bir vəziyyət yaratmışdı.

O vaxt yaxın dostu Viktor Flyaşerə yazırdı: "Mən əslində heç nədən - uğursuzluqdan, unudulmaqdan, iflas olmaqdan, hətta ölümdən də qorxmuram.

Sveyqin ölüm xəbəri Fransanın kolloborasionist "Le Petit Parisien" qəzetində. Onu "yəhudi yazıçısı" kimi təqdim edirlər...
Amma xəstələnəcəyimdən, qocalmaqdan və kimdənsə asılı qalmaqdan qorxuram". Məhz onda Friderika həyatının səhvini buraxdı.

Həmin dövrlərdə başı özünün yazılarına, önündəki problemlərə qarışan xanım Vinternits Sveyqin yazılarının üzünü köçürmək üçün evə 26 yaşında bir gənc makinaçı qız - Polşa yəhudisi olan Şarlotta Altmannı gətirdi.

Friderika özü-özlüyündə bunu "çıxış yolu" kimi görürdü. Elə bilirdi ki, əri yaradıcılığa daha çox qapılarsa, onu üzüb əldən salan fikirlərdən uzaqlaşar.

Və ağlına da gəlmirdi ki, zahirən gözəl olmayan Şarlotta nə vaxtsa qadın kimi onun rəqibinə çevrilə bilər.

Amma bayaq qeyd etdiyim kimi, həyat xoş, yaxud xoş olmayan sürprizlərlə doludur.

Friderika hər şeyi anlayanda artıq gec idi. 1938 -ci ildə (bəzən bu 1937-ci il də göstərilir) Sveyq arvadının ona kömək etmək üçün gətirdiyi Şarlotta Altmannla evləndi. Düzdür, Stefan Friderika ilə boşansa da əlaqələrini tam kəsmədi.

Yazıçı onu həyatının sonunadək unutmadı. Hətta belə demək mümkünsə ən son məktubunu də məhz ona yazmışdı.

MÜHACİRƏT VƏ SON

Adolf Hitlerin başçılıq etdiyi partiya artıq hakim mövqeyində idi. Hətta nasistlər bir sıra müəlliflər kimi məhz onun da bir sıra kitablarını yandırdılar. Həyatı isə hər an təhlükə ilə üzləşə bilərdi.

Məhz bu üzdən də o zamankı situasiyaya görə nisbətən təhlükəsiz sayılan Böyük Britaniyaya gəldi və üstündən üç il keçməmiş, 1938-ci ildə anası öldü. Artıq o zaman Sveyqin təxminən yarım əsrlik həyat təcrübəsi olsa da bu itgi onu sarsıtdı.

Hadisədən iki il sonra o, Britaniya vətəndaşlığını aldı. Lakin yazıçı buradakı həyatından da narazı idi. Çünki Sveyq Londonda da özünü təhlükəsiz hiss etmirdi. Ümumiyyətlə, həmin dövrlər Stefan Sveyq üçün çox sıxıntılı keçmişdi.

Psixoloji cəhətdən yorulmuş yazıçı Portuqaliyaya səyahətə çıxdı.

Özü də ikinci həyat rəfiqəsi Lotta (Şarlotta) Altmanla.

Bu səyahətdən qayıdandan sonra Stefan Sveyq Avropadan getməyə qərar verdi. Okeanın o tayına. İndi o harada, nə qədər insanın əhatəsində olmasına baxmayaraq özünü nəhayətsiz dərəcədə tənha hiss edirdi.

Yalnız arvadı Şarlottanın yanında nisbətən rahatlıq tapırdı. Mühitini dəyişmək üçün həyat yoldaşıyla birlikdə 1940-cı ildə Latın Amerikasına yola düşdü.

Bir müddət orada qaldıqdan sonra o, Birləşmiş Ştatlara gəldi. Amma yazıçı heç yerdə özünə yer tapa bilmirdi.

Elə bu səbədən də Sveyq yaşamaq üçün yenidən Latın Amerikasına - Braziliyaya qayıtdı. Rio-de-Janeyro yaxınlığında, dağların qoynunda yerləşən kiçik bir şəhərə - Petropolisə köçdülər.

Hər şey zahirən yaxşı görünürdü. Kitabları çap edilmiş, dünya şöhrətinə sahib olmuş, istedadlı yazıçı, dərin ağıla malik filosof, maddi cəhətdən heç vaxt korluq çəkməyən bir adam, özü də arvadıyla gözəl, ekzotik mənzərəli bir yerdə daha nə istəyə bilərdi ki?

Ona yalnız fürsətdən istifadə edib həyatının dadını çıxarmaq qalırdı. Amma heç vaxt hər şey göründüyü kimi olmurmuş. Yazıçı qəlbən bu dünyaya sığmırdı. Ətrafında baş verən ədalətsizlikləri sinirə bilmirdi.

Hamının qibtə ilə baxdığı nə varsa onun duyğularını, içindəki təlatümü, burulğanları sakitləşdirmək gücündə deyildi. O, özünə yer tapa bilmirdi. Stefan Sveyqin bəlkə də əbədi dünyanı daha tez görmək üçün gözləməyə taqəti qalmamışdı. Kim bilir?..

1942-ci il fevral ayının 22-i idi. Sveyq sevdiyi qadınla birlikdə bu dünyadan köçmək qərarına gəldi.

Hər ikisi çox böyük dozada yuxu dərmanı qəbul edərək yatdılar və bir daha sabaha gözlərini açmadılar.

Sveyq ölümündən bir neçə saat qabaq heç vaxt unuda bimədiyi keçmiş rəfiqəsinə - Friderikaya yazdığı məktubu belə bitirmişdi:

"Mən hər şeydən çox yorulmuşam..."

Əslində bu intihar ümidsizliyin nəticəsi deyildi. Buradakı hər şey Sveyqi usandırdığı üçün baş götürüb getmişdi...

Həmçinin oxu
Tənhalıqda olan yazıçı

Ölümün "sevdiyi" ailə
Göy üzündə "gəzən" ürək...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG