Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:11

Rusiyanın Azərbaycandakı səfiri: «Krım unikal haldır»


Vladimir Dorokhin
Vladimir Dorokhin
-

Aprelin 28-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


RUSİYA SƏFİRİ KRIM-DAĞLIQ QARABAĞ MÜQAYİSƏSİ BARƏDƏ

ANS TV-nin «Hesabat» verilişində qonaq olan Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Dorokhin aktual məsələlərlə bağlı sualları cavablandırıb:

- Krımla Dağlıq Qarabağ arasında paralellər aparanlar var. Onlar öz düşüncələrini belə ifadə edirlər ki, oxşar vəziyyət Azərbaycanda da təkrarlana bilər. Ümumiyyətlə yaranmış yeni şəraitdə Rusiyanın Azərbaycanın ərazi bütövlüyünə münasibəti dəyişməyibmi? Yəni Rusiya həmişəki kimi əlini ürəyinin üstünə qoyub deyə bilərmi Azərbaycanın ərazi bütövlüyünü tanıyır...

- Bilirsiz siz məndən Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıyıb-tanımaması barədə sual verəndə mən inciyə də bilərəm. Çünki Azərbaycanla Rusiya arasında çoxsaylı sənəd imzalanıb və onlarla biz Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq tanınmış sərhədlər çərçivəsində tanıyırıq. Bu sənədlər prezidentlər və xarici işlər nazirləri tərəfindən imzalanıb, imzalanmadan qəbul olunanları da var. Bu o dərəcədə aydındır ki, bunu təkrar etmək də lazım deyil. Mən təbii ki, başa düşürəm. Birincisi, inciməyəcəm, çünki biz dostuq. İkincisi, mən başa düşürəm ki, bu niyə baş verir. Krımdakı vəziyyətlə bağlıdır. Krımda baş verən baş verib. Bu tamamilə unikal bir haldır. Bu Ukraynada baş verən hadisələrlə bağlıdır. Krım hesab etdi ki, Kiyevdə baş verənlər dövlət çevrilişidir və bu hakimiyyətin legitimliyini tanımadı. Bundan sonra Krımın qanuni seçilmiş parlamenti müstəqillik haqqında qərar qəbul etdi. Bu qərar, həmçinin müstəqillik nə edilməsi barədə sual referenduma çıxarıldı. Referendumda böyük səs çoxluğu ilə müstəqilliyin elan edilməsi və Rusiyaya birləşmə barədə qərar qəbul olundu. Buna reaksiya verildi və 1954-cü ildə tarixi torpağın anlaşılmaz səbəbdən digər ölkəyə verilməsi kimi böyük bir səhv aradan qaldırıldı. Bu tamamilə unikal haldır, paralellər aparıla bilməz. Dağlıq Qarabağla bağlı düşünülənlər və söylənənlər süni paralellərdir. Dağlıq Qarabağ tamam başqa bir problemdir, onun öz həlli prosesi var və biz bunda iştirak edirik.

RƏSULZADƏ HAQQINDA KİTAB İNGİLİS DİLİNDƏ

Tədqiqatçı alim Nəsiman Yaqublunun Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə haqqında kitabı ingilis dilində nəşr edilib.
M.Ə.Rəsulzadə
M.Ə.Rəsulzadə
Kitabda Rəsulzadənin həyat və fəaliyyətinin əsas məqamlarının ümumi xronologiyası ilə yanaşı fotolar və sənədlər də oxuculara təqdim edilib. Müəllifin «Media forum» saytına verdiyi məlumata görə, kitabın ingilis dilində nəşrində məqsəd Rəsulzadəni dünya ictimaiyyətinə daha geniş tanıtmaq, məlumat və bilgilər verməkdir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyanın layihəsi əsasında çıxan kitabın elektron versiyasının müxtəlif ölkələrin arxivlərinin və kitabxanalarının kataloqlarına istifadə üçün salınacağı da nəzərdə tutulub.

ƏBƏDİYYƏTƏ QOVUŞAN ÖMÜR

«Azərbaycan» qəzetində deputat Hüseynbala Mirələmovun akademik Zərifə Əliyeva barədə məqaləsi dərc olunub.

«...Onların toyları da qəribə və qəribəliyi qədər də yaddaqalan olmuşdu. 1999-cu ildə Biləsuvarda məskunlaşmış dörd məcburi köçkün gəncin toyunda iştirakı zamanı ömrün o xəfif xatirəsi Heydər Əliyevin dilində belə səhifələndi:

- 1954-cü ildə mən evləndim. Ancaq nə təhər evləndim? Biz Bakıda şəhəri gəzirdik. O vaxt Voroşilov küçəsi var idi, indi həmin küçə Yusif Məmmədəliyevin adını daşıyır. Gəlib gördük ki, orada bir ZAQS şöbəsi var. Biz həmin ZAQS-a getdik. Nə şahid, nə də başqa iştirakçı var idi. Heç kəs yox idi. ZAQS-da bir qadın oturmuşdu, ona dedik ki, biz kəbin kəsdirmək istəyirik. Bildirdi ki, yaxşı, gəlin oturun. Heç üzük də yox idi. Biz oturduq. Buradakı kimi belə təntənəli nitqlər olmadı. Həmin qadın bizdən soruşdu ki, ailə qurmağa razısınız? Dedik ki, bəli. Bildirdi ki, buraya imza atın, biz də imza atdıq. Bizim kəbin kağızımızı verdilər. Soruşdum ki, nə edək? O vaxt «Nizami» kinoteatrının yanında mağazaya getdik, bir kiloqram «Mişka» konfeti aldım. Sonra oradan piyada dəniz kənarına gəldik. Zərifə xanımın ailəsi orada yaşayırdı. Biz onların evinə gəldik, Zərifə xanımın anasına və qohumlarına dedik ki, artıq kəbin kəsdirmişik. Bildirdim ki, bir kiloqram «Mişka» konfeti gətirmişəm ki, ağzımızı şirin edək...»

«HAKİMİYYƏT ÜÇÜN GƏLƏN İL ÇƏTİN OLACAQ»
Mehman Əliyev
Mehman Əliyev
«Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev «Azadlıq» qəzetinə müsahibə verib. O, jurnalist Rauf Mirqədirovun həbsiylə Türkiyənin baş naziri Erdoğanın Bakıya səfəri arasında əlaqə görmədiyini deyir: «Erdoğanla bağlı yalnız bir problem ola bilərdi. O da ondan ibarətdir ki, Rauf Mirqədirov Erdoğanı da tənqid edirdi. Ola bilsin ki, Türkiyə tərəfi Rauf Mirqədirovun ölkədə qalıb fəaliyyət göstərməsini məqbul saymırdı və buna görə də Rauf Mirqədirov ölkədən deportasiya olundu».

«Rauf Mirqədirovun da həbsi hakimiyyətin Azərbaycan cəmiyyətinə qarşı son zamanlar apardığı siyasətin tərkib hissəsidir. Bir müddət əvvəldə Azərbaycan vətəndaşlarının xarici ölkələrə casusluq etməsi, Xədicə İsmayıla qarşı ittihamlar gündəmi tutmuşdu. Bu mövzu hakimiyyətin rəsmi kampaniyasında artıq bir müddət idi dövr edirdi. Nəticədə hakimiyyət xaricdən gələn qrantları nəzarətə götürməyə, internetdə senzura tətbiq etməyə, qanunvericiliyi sərtləşdirməyə, sosial şəbəkələrdə fəal olan gəncləri həbs etməyə başladı. Rauf Mirqədirovun da həbsi hakimiyyətin bu istiqamətdə yürütdüyü siyasətin davamıdır. İqtidar istəyir ki, bu məsələ ətrafında daha da səs-küylü kampaniya qursun. Ona görə də bu bir-birinə bağlı siyasətdir. Bu baxımdan düşünürəm ki, Rauf Mirqədirovun həbsinin səbəblərini ilk növbədə məhz burada axtarmaq lazımdır».

BAĞÇALARDA KÜTLƏVİ «SU ÇİÇƏYİ»NƏ YOLUXMA

«Qafqazinfo» saytı yazır ki, ölkədə uşaq bağçası məsələsinin həll olunmamış çox tərəfi var. Belə problemlərin içində bağça uşaqlarının sağlam qidalanmaması, bəzi hallarda hər hansı xəstəliyə, infeksiyaya asanlıqla yoluxmasıdır. Dövlət bağçalarında uşaq həkimi-pediatr ştatı azdan-çoxdan var. Bəzən ştat cədvəlində adı gedən, özü olmayan həkimlər də mövcuddur. Bəs bahalı qiymətlə fəaliyyət göstərən özəl bağçalarda? Təəssüf ki, özəl bağçalarda pediatr məsələsi vacib sayılmır. Çoxluqla belə bağçalarda oraya həvalə edilən uşaqlara həkim nəzarəti yoxdur. Nəticədə bir xəstə uşağın ucbatından digər uşaqlarda yoluxma bas verir.

NAZİRLİKLƏRDƏ KÜTLƏVİ HƏBSLƏR GÖZLƏNİLİR?
«Yeni Müsavat» son günlər mətbuatda Hesablama Palatasının hesabatına istinadla dövlət müəssisələrində ciddi yeyinti faktlarının tirajlanmasından yazır. «...Hesablama Palatasının təkzib kampaniyasından çəkilməsi və faktların TV-lərdə belə tirajlanması göstərir ki, siyasi hakimiyyət özü bu faktların ictimailəşməsində maraqlıdır. Qurumun «qara siyahı»sında olan dövlət qurumlarının siyahısına qısaca nəzər salaq:

- Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizatı Mərkəzində 100 min manat «yoxa çıxıb»;

- Səhiyyə Nazirliyinin Elmi Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunda 65 min manatlıq büdcə vəsaiti mənimsənilib;

- 3 saylı Şəhər Klinik Xəstəxanasında aşkar olunan mənimsəmə halının həcmi isə 115 min manata yaxın olub;

- Səhmləri 100 faiz Kənd Təsərrüfatı Nazirliyinə məxsus «Aqrolizinq» ASC-də dövlət vəsaiti hesabına alınan superfosfat gübrəsinin 70 faizi, 2 min ton azot gübrəsinin 1486 tonu mənimsənilib. Kənd təsərrüfatı texnikası üzrə filialın kredit borcu yaranıb və illər üzrə artığı müəyyən edilib. Bəzi vəzifəli şəxslərə 1 illik lizinq yolu ilə verilən 17 ədəd texnikalar sonradan ASC-nin balansına qaytarılmayıb. ASC-nin Horadiz Aqroservis Filialında 110 min manat mənimsənilib;

- Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində aparılan auditdə 1,3 milyon manat həcmində korrupsiya faktı aşkarlanıb;

- «Azəristiliktəchizat» ASC-də 1,2 milyon manatlıq korrupsiya faktı üzə çıxarılıb;

- Xarici İşlər Nazirliyi aparatının saxlanılması üçün ayrılan vəsaitlərin auditi zamanı 110 min manatdan çox pulun mənimsənilməsi faktı aşkarlanıb;

- Diasporla İş üzrə Dövlət Komitəsində də 235,3 min manatlıq yeyinti aşkarlanıb;
- Dövlət Aqrar Universitetində 230-ə yaxın «ölü» ştat üçün əməkhaqqı ödənilib, 270 min manatlıq büdcə vəsaiti talan edilib;

- Azərbaycan Turizm Universitetində 190 min manat mənimsənilib;

- Heydər Əliyev adına liseyin rəhbərinin 110 min manata yaxın dövlət vəsaitini mənimsədiyi aşkar olunub;

- Ü.Hacıbəyov adına yeddi illik Uşaq Musiqi məktəbində 93 min manatlıq korrupsiya halı müəyyən edilib;

- Gənclər və İdman Nazirliyinə həvalə olunan «Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə» dövlət proqramının icrası zamanı nə az, nə də çox - düz 1,2 milyon manat vəsait mənimsəni
lib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG